AZ

AZAL maaş siyasətində Naxçıvan hava limanında çalışan işçilərə qarşı ayrı-seçkilik edir?

AZAL maaş siyasətində Naxçıvan hava limanında çalışan işçilərə qarşı ayrı-seçkilik edir?

Naxçıvan hava limanında çalışan işçilər AZAL-ın maaş siyasətində onlara qarşı ayrıseçkilik edildiyini bildirirlər.

İşçilərin sözlərinə görə, eyni vəzifədə çalışan əməkdaşlar Bakıda xeyli yüksək maaş aldığı halda, Naxçıvanda çalışanlara daha az əməkhaqqı verilir. Son illərdə edilən artımlar isə onlara şamil olunmayıb.

İşçilərin “Gündəlik Naxçıvan”a bildirdiklərinə görə, Bakı ilə müqayisədə maaş fərqi təxminən 50 faizdir: “Bakıda fəhlələrin maaşı təxminən 900 manat olduğu halda, bizim fəhlələrə cəmi 450 manat ödənilir. Halbuki burada fəhlələri ikiqat çalışdırırlar. Sürücülər orada 900 manat alır, Naxçıvanda isə 600–700 manat. Sahə rəislərinin maaşı Bakıda 2200–2500 manatdırsa, Naxçıvanda 1200 manatdır.”

Şikayətçilərin sözlərinə görə, 2023-cü ilə qədər maaşlar demək olar ki, eyni səviyyədə olub. Lakin Naxçıvan hava limanı AZAL-ın tabeliyinə keçdikdən sonra Bakıda əməkhaqları təxminən 25 faiz artırılsa da, bu artım Naxçıvanda çalışan işçilərə tətbiq edilməyib: “Əvvəllər maaşlarımız Bakı ilə təxminən eyni idi. Sonradan paytaxt üzrə artım oldu, amma bizə şamil olunmadı. Bundan sonra da artımlar oldu ki, bizə tətbiq edilmədi. İndi eyni işi görürük, amma yarı maaş alırıq.”

İşçilər deyirlər ki, ayrıseçkiliyə etiraz edənlər işdən çıxarılmaqla hədələnirlər: “Məsələ ilə bağlı Naxçıvandakı rəhbərliyə etdiyimiz müraciətlər nəticəsiz qalıb. Deyirlər ki, biz AZAL rəhbərliyinə qarşı çıxa bilmərik, nə verirlərsə, qane olun, yerinizdə oturun. Daha irəli gedib hüquqlarını tələb edənləri isə işdən çıxarmaqla hədələyirlər.”

Naxçıvan Beynəlxalq Hava Limanı 2023-cü ilin mart ayına kimi Naxçıvan Nazirlər Kabinetinin tərkibində fəaliyyət göstərib, daha sonra AZAL-a tabe edilib.

Seçilən
99
afn.az

1Mənbələr