AZ

ADB: Azərbaycanda dayanıqlı istiqraz bazarının formalaşmasını dəstəkləməyə hazırıq

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda dayanıqlı istiqraz və ESG prinsiplərinə uyğun digər alətlərin bazarının inkişafını dəstəkləməyə hazırdır.

Aznews.az xəbər verir ki, bunu ADB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camal Bakıda keçirilən "Azərbaycan üçün növbəti inkişaf mərhələsi: yaşıl və dayanıqlı inkişaf üçün kapital bazarları" adlı forumda bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan öz iqtisadi trayektoriyasının əsas nöqtəsindədir: "Son illər ölkə makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, insan kapitalına investisiyalar, bərpa olunan enerjinin inkişafı və infrastrukturun modernləşdirilməsi sahəsində əhəmiyyətli irəliləyişə nail olub".

ADB-nin Azərbaycanla 2025–2029-cu illər üzrə Tərəfdaşlıq Strategiyasında qeyd olunduğu kimi, hökumətin "yaşıl", şaxələndirilmiş və biliyə əsaslanan iqtisadiyyata keçidə sadiqliyi sistemli xarakter daşıyır.

"Qeyri-neft sektorunun payının artması, 2030-cu il hədəflərinə çatmaq üçün bərpa olunan enerji güclərinin genişləndirilməsi, həmçinin "Azərbaycan 2030" gündəliyi çərçivəsində irimiqyaslı infrastruktur transformasiyası innovasiyalara və davamlılığa yönəlmiş yeni artım modeli üçün zəmin yaradır", - S.Durrani-Camal bildirib.

ADB nümayəndəliyinin rəhbəri vurğulayıb ki, bununla yanaşı, qarşıya qoyulmuş hədəflərin tam şəkildə reallaşdırılması üçün daha dərin və inklüziv maliyyə bazarları zəruridir: "Söhbət uzunmüddətli kapitalı səfərbər etmək, özəl investisiyaları cəlb etmək və "yaşıl keçid"in maliyyələşdirilməsini təmin etmək bacarığından gedir. Dünya təcrübəsi göstərir ki, inkişaf etmiş kapital bazarları bərpa olunan enerji, nəqliyyat, rəqəmsallaşma, kiçik və orta biznesin dəstəklənməsi sahələrində infrastruktur və innovasiya layihələrinin uzunmüddətli maliyyələşdirilməsinə çıxış imkanlarını genişləndirir".

Onun sözlərinə görə, davamlı maliyyələşdirmə artıq niş seqmenti çərçivəsindən çıxıb və qlobal investisiya axınlarının bir hissəsinə çevrilib: "2024-cü ildə Bakıda COP29 iqlim konfransının keçirilməsindən sonra Azərbaycan beynəlxalq iqlim gündəliyində mövqelərini gücləndirib".

Seçilən
68
2
aznews.az

3Mənbələr