AZ

Göz dəyib komandaya, otağı təmizləyin!

Deyirəm, deyəsən, «İmişli»yə göz dəydi axı.

Bir neçə ay əvvələ kimi hamı debütantdan təəccüblə və ağızdolusu danışırdı.

İlk dəfə çıxış etdiyi çempionata necə əla başlamışdılarsa, belə təzmin yaranmışdı ki, bu komanda avrokuboklara birbaşa vəsiqə qazanacaq.

Düz buyurblar da, yüz yeyənin olsun, bir deyənin olmasın. Nəzər çox pis şey imiş.

«İmişli» sonuncu dəfə «Neftçi»ni udub, o da ötən ilin noyabrın 23-də. O tarixdən bəri qələbə atlı olub, «İmişli» piyada. Nə qədər çalışırlar, 3 xal arabasına yetişə bilmirlər.

Burada bir müəmma var demirəm. Bu, mütləq ki, belədir.

Deyəsən ki pis oynayırlar, rəqiblərdən geri qalırlar, yox. İnsaf da dinin yarısıdır: «İmişli» son turda «Kəpəz»dən daha yaxşı təsir bağışladı.

Bir var oynamayasan və uduzasan, adamı çox yandırmaz. Fikirləşərsən ki, əşşi, bacarmırlar da, xal itkisi qaçılmazdır.

«İmişli»nin futbolu yerində, futbolçusu yerində, baş məşqçisi yerində.

Yeri gəlmişkən, rəhbərliyi də yerində. Atmayıblar, aldatmayıblar ki, ab-havanın korlandığını düşünəsən.

Həmişə necə, indi də elə. Sadəcə, qalib gəlmək fobiyası yaranıb.

Bu mənfi tendensiya uzandıqca da, kollektiv daxilində gərginlik artır, təzyiq güclənir, narahatlıq hissi ərşə dirənir.

Paltardəyişmə otağında bir təmizlik işi aparsalar, pis olmaz. Heç olmasa, oranın qapı-pəncərəsini açıq saxlasınlar, içərinin havası dəyişsin.

ELNUR

Seçilən
20
sportinfo.az

1Mənbələr