AZ

Yeniyetmələrdə aqressiya artıb Səbəbkar valideyn, yoxsa cəmiyyət?

Lent az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Uşaqların fiziki və mənəvi inkişafı cəmiyyətin gələcəyini müəyyən edən əsas amillərdən biridir. Son illər bu sahədə müxtəlif dövlət proqramları həyata keçirilsə də, onların real təsiri və yetərliliyi ilə bağlı müzakirələr davam edir. Uşaqların sağlam qidalanması, psixoloji rifahı, mənəvi dəyərlər əsasında formalaşması, eləcə də bullinq və sosial təzyiq kimi risklərdən qorunması həm dövlətin, həm də valideynlərin üzərinə böyük məsuliyyət qoyur.

Bəs görəsən, uşaqların fiziki və mənəvi inkişafı ilə bağlı mövcud dövlət proqramları yetərlidirmi?

Milli Məclisin deputatı, professor Hikmət Babaoğlu Lent.az-a açıqlamasında bildirib ki, Azərbaycanda uşaqların mənəvi, psixoloji və fiziki baxımdan inkişafı üçün lazımi tədbirlər həyata keçirilir:

“Hər şeydən əvvəl gənc nəslin fiziki sağlamlığıdır. Bu istiqamətdə də ölkəmizdə ərzaq təhlükəsizliyi ilə xüsusi dövlət proqramı var. Məhz qida təhlükəsizliyi, sağlam qidalanma baxımından yeni nəslin tələbatını ödənilməsində problem yoxdur. Lakin nəzərə almaq lazımdır ki, hazırda qida sənayesi qlobal təhdidlərlə üz-üzədir. Orqanik qida məhsulların istehlakı və istehsalı hər gün bir qədər daha qlobal problemə çevrilsə də, Azərbaycanda bunun təmin olunması üçün münbit şərait var. İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı istehsalının təşkili istiqamətində çox mühüm addımlar atılır. Bu isə ərzaq təhlükəsizliyi üçün yeni imkanlar yaradır.

Başqa bir məsələ qidalanmanın təşkilində maariflənmə və məqsədyönlü şəkildə gənc nəslin qida rasionunun müəyyənləşdirilməsidir. Mənim fikrimcə, bu istiqamətdə ictimai və səhiyyə institutlarının üzərində xeyli vəzifələr düşür. Həm məktəb, həm də bağçalarda yeni nəslin xüsusi tərtib olunmuş menyu əsasında qidalandırılması məsələsini nəzərdən keçirmək lazımdır. Çünki uşaqların mənəvi və sosial kimliyi ilk yaşlarından formalaşdığı kimi onların fiziki hazırlığı da həmin dövrdən başlayır. Bu baxımdan məktəblərdə və bağçalarda qidalanma Səhiyyə Nazirliyinin və qida mütəxəssislərinin tövsiyələri ilə hazırlanmış, boyu ucaldan, süni kökəltmə yaratmayan xüsusi menyu ilə aparılarsa, daha yaxşı olar”.

Bəs görəsən, uşaqların mənəvi inkişafı ilə yanaşı psixoloji durumlarına necə nəzarət etmək lazımdır? Erkən yaşda psixoloji dəstək niyə vacibdir?

Psixoloq Sevinc Həbibova Lent.az-a açıqlamasında vurğulayıb ki, valideyn daim uşaqla ünsiyyətdə olmalı, onu dinləməlidir:

“3,10,14,17-22, 40 və təqaüd yaşları insanların böhran yaşlarıdır. Üç yaşından etibarən uşaqlarda "mən" düşüncəsi formalaşır. Elə həmin yaşdan başlayaraq, onun nə istədiyini nəzərə almaq lazımdır. Yeniyetməlik dövründə isə uşaqlara psixoloji dəstək lazım olur. Mütəmadi olaraq valideynlər uşaqlarla ünsiyyət saxlamalıdırlar. Səhərdən axşama kimi valideyn işdə olduqda, uşaq öz maraq dairəsini ya telefonda, ya sosial şəbəkələrdə ya da dostları ilə küçədə, kənarda axtarmağa çalışır. Çünki ailə ilə ünsiyyət onu qane etmir, yetərli olmur. Psixoloji sarsıntı yaşayan uşaqlar arasında ən çox natamam ailənin uşaqları (valideynləri boşanmış) yer alır. Boşanma nəticəsində ən çox depressiya yaşayan, emosional gərginlik yaşayan məhz uşaqlar olur. Həmin dönəmdə psixoloq, sosioloq, psixoterapevtlər onlara yardım etməlidirlər.

Məktəb psixoloqlarının iş yükü çox olsa da, bacardıqları qədər uşaqlarla maraqlanırlar. Lakin bununla yanaşı tövsiyə edirəm ki, müəllimlər xüsusi seminarlar keçirsinlər, valideynləri uşaqlarla düzgün ünsiyyət barədə maarifləndirsinlər. Uşaqlarla psixoloqlar nə qədər erkən yaşda məşğul olsalar, bu, onlar üçün daha yaxşı olar. Uşaqlar psixoloqlara yönələndə onlarda müsbət mənada 80-90% dəyişiklik olur.

Tövsiyəm odur ki, valideynlər uşaqlarla ünsiyyətdə olsunlar. Fərqi yoxdur, hansı mövzuda danışılsın. Sadəcə uşaqlar istəyir ki, onları valideyn dinləyir, dost olurlar. Valideyn uşağına dost münasibəti bəslədiyi zaman uşaqlarda özgüvən artır və cəmiyyət üçün layiqli vətəndaşa çevrilirlər”.

Uşaqların fiziki və mənəvi inkişafında valideynin öhdəlikləri nələrdir?

Psixoloq Aytən Ələkbərova Lent.az-a açıqlamasında bildirib ki, uşaqların fiziki və mənəvi inkişafında valideynin öhdəliklərinin təməlində övladı dinləmək dayanır:

“Uşaqların fiziki və mənəvi inkişafında valideynin öhdəliklərinin təməlində övladı dinləmək dayanır. Biz hansısa vəziyyətdə ətrafdakılarla ünsiyyəti necə qururuqsa, övladımız da digərləri ilə ünsiyyətini o formada edir. Ona görə də biz övladlarımızı dinləməli, onlarda irad tutduğumuz halları gözlərinin qabağında yenidən özümüz etməməliyik. Çünki iradın əksini özümüz etdiyimiz an onların psixologiyasına fiziki təzyiq edirik. İnsan bioloji, sosioloji və psixoloji varlıq olduğuna görə hər fiziki davranış valideynlə övlad arasında yaranacaq ilkin bariyer qurur”.

Bullinq və sosial təzyiq gənclərin mənəvi inkişafını necə zədələyir? Cəmiyyət olaraq hansı səhvləri düzəltməliyik? Fiziki passivlik psixoloji duruma necə təsir edir?

Pedaqoq Aysel Rəsulzadə Lent.az-a bildirib ki, aqressiv gənclərin bir çoxu zamanında bullinqə məruz qalıblar:

“Cəmiyyətimizdə bullinq çox narahatedici məsələlərdən biridir. Təəssüf ki, o, yeniyetmələr və gənclər arasında çox geniş yayılıb. Gənclik dövrü “mən kiməm?” sualının axtarışı dövrüdür. Bullinq isə onların mənəvi inkişafını zədələyir. O, təkcə incitmə mexanizmi deyil, yeniyetmə və gəncin özünü dərketmə prosesinə dövrdəki istənilən mənəvi təzyiq özügüvəni tamamilə sarsıda bilər. Gənclərimiz istənilən tənqid, lağ-lağa formasında deyilən sözlə, ifadə ilə qarşılaşdıqda, özünü dəyərsiz hiss edə bilirlər. Bullinqə məruz qalan gənc düşünür ki, problem məndədir. Sosiallaşmaqdan çəkinir, utanır, özünə qapanır və depressiyaya meyillənir. Utanmaq hissi ən ağır emosiyalardan biri hesab olunur. Bullinq yaşayan gənc özünə qapanır və aqressiv davranışlarla müdafiə mexanizmi qurmağa başlayır. Bu gün gənclərin aqressiv olmasının səbəbi də məhz budur. Aqressiya isə ailə və dostluq münasibətlərində özünü daha çox göstərir. Onlar sirlərini, fikirlərini ailələrindən gizlədirlər, hansısa qruplara uyğunlaşmaqda çətinlik çəkirlər, qohumlarla əlaqələrini azaldıb, sosial şəbəkələrdə saxta obrazlar yaradırlar.

İnsanların emosiyalarını, hisslərini ciddiyə almalıyıq. Emosiyaları zəiflik saymamalıyıq. Fərqi yoxdur, qız və ya oğlan uşağı olsun. Kiçik yaşlardan etibarən onların hiss duyğularına hörmətlə yanaşmalıyıq. Oğlan uşaqları ağlayanda “kişi ağlamaz” demək doğru deyil. Hissini, duyğusunu tanımayan uşaq davranışını idarə edə bilməz. Valideynlərin öz övladlarını müqayisə etməsinə qarşı da tədbirlər görülməlidir. Ümumiyyətlə, müqayisə mədəniyyətini azaltmalıyıq. Çünki müqayisə edilən uşaqda motivasiya yox, qeyri-sağlam rəqabət hissi formalaşır. Kiçik yaşlarından uşağın, gəncin, yeniyetmənin sözünü yarımçıq kəsməməliyik. “Sən uşaqsan”, “böyük danışanda kiçik susar” kimi ifadələrdən qaçmaq lazımdır. Dinlənilməyən uşaq ya susur, ya da qışqıraraq, daxili aləmini hamıya bağlayır. Təbii ki, bunun sonunda da fiziki passivlik əmələ gəlir, beyin-bədən əlaqəsi tamamilə kəsilir, beyin oksigenlə yaxşı qidalanmır, xoş əhval-ruhiyyə enerji istehsal edən hormonlar tamamilə passiv fəaliyyətə keçir.

Yeniyetmə və gənclərə özünü dəyərli hiss etmələri, özgüvənlərinin yaranması üçün öz daxillərində, beynin, bədənin istehsal edəcəyi hormonlarla tanış etməli, bu istiqamətdə maarifləndirməliyik. İnsanın daxili gücü hesabına formalaşan hormonlardan danışmaq lazımdır. Çünki onlar stressə qarşı müdafiə mexanizmi yarada bilir. Fiziki passivlik isə çox böyük psixoloji narahatlıqlar formalaşdırır. Burada halsızlıq, tənbəllik, motivasiyanın düşməsi, yuxu rejminin pozulması, diqqət dağınıqlığı yer alır. Uzun müddət fiziki passiv olan yeniyetmələrdə depressiya halları baş qaldırır. Bunun əksinə, aktiv həyata keçəndə, onlarda özünə inam formalaşır, emosional boşalma olur, sosiallaşır və özünü dərk edirlər”.

Yazı Medianın İnkişafı Agentliyinin “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda dərc edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
lent.az

1Mənbələr