AZ

Aİ ölkələrinin vətəndaşları müdafiə xərclərinin artırılmasını dəstəkləyir

Avropa İttifaqı (Aİ) ölkələri vətəndaşlarının əksəriyyəti müdafiə xərclərinin artırılmasını dəstəkləyir.

“Yeni Sabah” “The European Sting”ə isitinadən xəbər verir ki, “Eurobarometr” sorğusunun nəticələrinə görə, respondentlərin 74 faizi Aİ-nin müdafiəyə hazırkı investisiya səviyyəsini ya məqbul sayır, ya da bu xərclərin daha da artırılmalı olduğunu bildirir.

“Eurobarometr” Avropa Komissiyasının sifarişi ilə 1973-cü ildən etibarən keçirilən və Aİ ölkələrində ictimai rəyi ölçən rəsmi sorğu proqramıdır. Sorğunun nəticələri Aİ siyasətinin formalaşdırılmasında analitik baza kimi istifadə olunur.

Sorğunun nəticələrinə əsasən, avropalıların 68 faizi  ölkələrinin təhlükə altında olduğunu düşünür. Təhlükə qavrayışı xüsusilə Fransa, Niderland, Danimarka, Kipr və Almaniyada yüksəkdir. Respondentlərin 42 faizi isə şəxsi təhlükəsizliyinin risk altında olduğunu hesab edir.

Eyni zamanda, iştirakçıların 52 faizi təhlükəsizlik və müdafiənin gücləndirilməsi məsələsində Avropa İttifaqına etibar etdiyini bildirib. Bu göstərici Lüksemburq, Portuqaliya, Kipr və Litvada daha yüksək səviyyədə qeydə alınıb.

Respondentlərin 53 faizi təhlükəsizlik və müdafiəni Aİ-nin kosmik siyasətində əsas prioritet hesab edir.

Bir sıra media qurumları yazırlar ki, Avropa ölkələrində ABŞ-yə NATO çərçivəsində etimad səviyyəsi getdikcə azalır.


Telegram kanalımız
Seçilən
30
yenisabah.az

1Mənbələr