AZ

İsrail-ABŞ-Azərbaycan əməkdaşlığı regionda uzunmüddətli strateji dayanıqlığın əsaslarını formalaşdırır

Bakı, 13 fevral, AZƏRTAC

İsrailin İnformasiya Müharibələrinin Tədqiqatı İnstitutunun (ISIWIS) saytında İsrail-ABŞ-Azərbaycan münasibətlərindən bəhs edən məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə 3 ölkə arasında formalaşan strateji əməkdaşlığın regional və qlobal kontekstdə artan əhəmiyyəti təhlil olunub. Hazırkı mürəkkəb regional şərait fonunda İsrailin Azərbaycan və ABŞ ilə strateji əməkdaşlığı ardıcıl şəkildə inkişaf etdiyi və bu proseslərin qısamüddətli deyil, uzunmüddətli iqtisadi və texnoloji dayanıqlıq yaradan institusional əsaslara söykəndiyi qeyd edilib.

ISIWIS yazır ki, ABŞ-ın Cənubi Qafqaza marağı xüsusilə Vitse-prezident Cey. Di. Vensin Bakıya səfəri və fevralın 10-da Azərbaycan Respublikası ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ilə daha aydın şəkildə ortaya çıxıb. Prezident İlham Əliyev və ABŞ-ın Vitse-prezidenti tərəfindən imzalanan sənəd iqtisadiyyat və ticarət, enerji, bağlantılar və tranzit, süni intellekt və rəqəmsal inkişaf, eləcə də təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Məqalədə vurğulanır ki, Xartiya çərçivəsində üç ay ərzində müvafiq işçi qruplarının yaradılması, konkret layihələr və yol xəritələrinin müəyyənləşdirilməsi, eləcə də müntəzəm illik məsləhətləşmə mexanizmlərinin işə salınması planlaşdırılır. Bu isə tərəfdaşlığın epizodik razılaşmalar deyil, sistemli və institusional xarakter daşıdığını göstərir.

ISIWIS-in təhlilində qeyd olunur ki, ABŞ-Azərbaycan tərəfdaşlığının güclənməsi fonunda İsrail vektoru da təbii şəkildə ön plana çıxır. İnfrastruktur, tranzit və rəqəmsal texnologiyalar artıq yalnız iqtisadi inkişaf aləti deyil, eyni zamanda, təsir mexanizmi kimi çıxış edir. Bu baxımdan ABŞ-Azərbaycan-İsrail üçbucağı həm sabitləşdirici amil, həm də artan rəqabət elementlərini özündə birləşdirir.

Məqalə müəlliflərinin fikrincə, bu model sabitləşdirici rol oynayır, çünki uzunmüddətli iqtisadi və texnoloji əlaqələr yaradır və onları bir böhranla dağıtmaq çətindir. Eyni zamanda, Azərbaycanın nəqliyyat və texnologiya qovşağı kimi statusunun artması təbii olaraq müxtəlif maraqların toqquşmasına səbəb ola bilər.

ISIWIS yazır ki, bu proseslər bəzi aktorlar üçün narahatlıq yaratsa da, Azərbaycan, ilk növbədə, öz milli maraqlarından çıxış edir. Prezident İlham Əliyevin çoxvektorlu siyasətinin mərkəzində ölkənin inkişafı və vətəndaşların rifahı dayanır.

“İri infrastruktur və texnoloji layihələr hər zaman tənqid və siyasi səs-küy ilə müşayiət olunur, lakin praktik faydaya və qarşılıqlı maraqlara əsaslanan layihələr uğurla icra edilir. Müasir geosiyasətdə üstünlüyü etiraz edən deyil, gələcəyin infrastrukturunu ardıcıl və məqsədyönlü şəkildə quran tərəf qazanır. ABŞ, İsrail və Azərbaycan arasında formalaşan əməkdaşlıq modeli də məhz bu məntiq üzərində inkişaf edir”, - deyə məqalədə qeyd olunur.

Seçilən
36
1
azertag.az

2Mənbələr