BAKI, 13 fevral. TELEQRAF
Abşeron rayonunun müxtəlif ünvanlarında qeyri-qanuni və qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla həyata keçirilən tikinti işlərinin qarşısı alınıb.
Teleqraf xəbər verir ki, ərazinin monitorinqləri zamanı rayonun Masazır, Görədil, Hökməli və Saray qəsəbələrində qanunvericiliyin tələblərini pozmaqla həyata keçirilən müxtəlif tipli tikinti-quraşdırma işləri aşkar olunub.
Yerli səviyyədə həyata keçirilən nəzarət zamanı Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq aparılan daimi reydlər zamanı aşkarlanan, ayrı-ayrı vətəndaşlar tərəfindən zəbt olunmuş torpaq sahələrində, kommunikasiya xətlərinin mühafizə zolaqlarında tikinti işlərinin aparılması kimi faktlarla əlaqədar hüquq-mühafizə orqanlarına məlumatlar verilib və inşa işləri dayandırılıb.
O cümlədən Masazır kəndində “Qurtuluş-93” Yaşayış Kompleksində binanın 1-ci mərtəbəsində və zirzəmilərində torpaq qatının çıxarılması, mişar daşlarından olan hörgünün sökülməsi, eləcə də qanunvericiliyə uyğun olmayan tikinti-quraşdırma işlərinin aparılması aşkar olunub.
Qeyri-qanuni fəaliyyətlər müəyyən olunduqdan sonra həyata keçirilən işlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəlada Hallar Nazirliyi və Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən dayandırılıb, qanunsuz işlər aktlaşdırılaraq müvafiq qurumlara lazımi tədbirlərin görülməsi ilə bağlı müraciətlər edilib.