ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda uzun illər yol təsərrüfatına rəhbərlik etmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sabiq sədri Saleh Məmmədov vəzifəsindən azad edildikdən sonra onun fəaliyyəti və qurumun icra etdiyi layihələr yenidən ictimai müzakirə mövzusuna çevrilib. Prezident sərəncamı ilə agentliyə rəhbərlik Vüsal Nəsirliyə həvalə olunub.
Modern.az-ın məlumatına görə, sabiq sədrin vəzifədən getməsindən sonra onun müxtəlif bölgələrdə, o cümlədən Bakı və Novxanıda villalara sahib olması, yaxın qohumlarının isə agentliyin strukturunda yüksək vəzifələr tutması barədə məlumatlar mediada və sosial şəbəkələrdə geniş yayılıb.
Mətbuatda həmçinin onun adının uzun illər korrupsiya iddialarında hallandığını qeyd edilir. Rəsmi qurumlar tərəfindən bu iddialara hələlik açıq reaksiya verilməyib.
AAYDA dövlət büdcəsindən ən çox vəsait ayrılan qurumlardan biri olub. 2000-ci illərin ortalarından başlayaraq ölkədə minlərlə kilometr yolun tikintisi və yenidən qurulması həyata keçirilib, xüsusilə regionlarda və işğaldan azad olunmuş ərazilərdə iri infrastruktur layihələri icra edilib. Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi yol infrastrukturunun strateji əhəmiyyətini daha da artırır.
Bununla yanaşı, "haqqin.az" Hesablama Palatasının 2019-cu il auditinə istinad edərək yazır ki, agentliyin balansında olan yolların cəmi 35,8 faizi I–III kateqoriyaya uyğun keyfiyyətli örtüyə malik olub. Hesabatda xərclərlə bağlı təqdim edilən göstəricilərlə Dövlət Statistika Komitəsinin məlumatları arasında ciddi uyğunsuzluqların olduğu da vurğulanıb.
Saytın dərc etdiyi sənədlərə əsasən, 2018–2019-cu illərdə tikilmiş bəzi yolların artıq 1–2 ildən sonra deformasiyaya uğradığı, asfalt örtüyündə çatlar və çökmələr yarandığı müəyyən edilib. Quba–Qonaqkənd, Quba–Xaçmaz, Lənkəran–Lerik və Daşkəsən–Əmirvar–Qabaqtəpə istiqamətlərində aparılmış texniki baxışlarda layihə üzrə nəzərdə tutulan bəzi işlərin tam icra olunmadığı, suötürücü qurğuların və körpü elementlərinin standartlara uyğun qurulmadığı qeyd edilib.
Məqalədə göstərilir ki, bu layihələrin bir qismi agentliyin strukturuna daxil olan yol istismar idarələri tərəfindən icra edilib. Podratçıların məsuliyyətə cəlb olunması ilə bağlı açıq mənbələrdə məlumat yoxdur.
Yeni rəhbərliyin qarşısında əsas çağırışlardan biri yol tikintisi və istismarı sahəsində şəffaflığın artırılması, büdcə vəsaitlərinin istifadəsinə nəzarətin gücləndirilməsi və keyfiyyət standartlarının təmin olunmasıdır. Mövzu cəmiyyətdə geniş rezonans doğurmaqda davam edir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.