AZ

İlahiyyatçı: Oruc əslində nəfsə verilən tərbiyə dərsidir, harama qarşı daha güclü dayanmağı öyrədir

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ramazan ayı İslamın ən müqəddəs vaxtıdır, çünki bu ayda Quranın ilk ayələri Peyğəmbərimizə nazil olub. O gündən bəri müsəlmanlar orucu yalnız aclıq kimi yox, ruhun təmizlənməsi və mənəvi sınaq kimi qəbul edirlər. Tarix boyunca bu ay həm fərdi ibadət, həm də cəmiyyətin birliyini gücləndirən zaman olub. Ramazan həm də yardımlaşmanın, qardaşlığın və həmrəyliyin rəmzidir. Bu ay təkcə dini deyil, həm də mədəni və sosial həyatın önəmli bir hissəsinə çevrilib.Oruc yalnız yemək və sudan imtinadırmı?

“Oruc yalnız yemək və sudan imtina deyil. Əgər məsələ təkcə aclıq olsaydı, Qurani Kərim orucun məqsədini təqva ilə bağlamazdı. Bəqərə surəsinin 183-cü ayəsində buyurulur ki, sizə oruc yazıldı ki, təqvalı olasınız. Təqva isə daxili nəzarət və məsuliyyət şüurudur. Bu, insanın Allah qarşısında cavabdeh olduğunu hiss etməsidir.

Peyğəmbər açıq şəkildə buyurub ki, kim yalan danışmağı və pis əməli tərk etməzsə, Allahın onun yemək və içməyi tərk etməsinə ehtiyacı yoxdur. Başqa bir hədisdə isə deyilir ki, neçə oruc tutan var ki, onun qazancı yalnız aclıq və susuzluqdur. Bu hədislər göstərir ki, orucun zahiri tərəfi kifayət deyil. Əsas olan insanın dili, qəlbi və davranışıdır”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan ilahiyatçı Əkrəm Həsənov açıqlamasında bildirib ki, İmam Qəzzali orucu mərhələlərə bölərək yazırdı ki, "sadə oruc yeməkdən uzaq qalmaqdır, daha yüksək oruc günahdan uzaq qalmaqdır, ən kamil oruc isə qəlbin Allahdan başqa hər şeydən təmizlənməsidir".

“İmam Nəvəvi də qeyd edirdi ki, qeybət, yalan və kobudluq orucun savabını azaldır. Yəni insan zahirdə oruc tutub, daxilən sərbəst davrana bilməz.

Oruc əslində nəfsə verilən tərbiyə dərsidir. İnsan halal olan yeməkdən belə müəyyən saatlarda imtina edir. Bu, harama qarşı daha güclü dayanmağı öyrədir. Dilini saxlamaq, əsəbi nəzarətdə tutmaq, başqasının haqqına girməmək orucun ruhudur. Ona görə də oruc aclıq məşqi deyil, mənəvi tərbiyə məktəbidir. Əgər insanın davranışı dəyişmirsə, o zaman orucun forması var, amma ruhu zəif qalır. Oruc insanı sakitləşdirirsə, ədalətli edirsə, mərhəmətli edirsə, deməli məqsədinə çatır”-deyə ilahiyyatçı qeyd edib.

Ramazanda edilən kiçik bir yaxşı əməl niyə digər aylardan daha böyük savab qazandırır?

Əkrəm Həsənov bildirib ki, Ramazanda edilən kiçik bir yaxşı əməl digər aylardan daha böyük savab qazanır, çünki bu ayın özü ilahi rəhmət və bağışlanma ayıdır: “Qurani Kərimdə buyurulur ki, Ramazan ayı Qurani Kərimin nazil olduğu aydır. Bu ayın mənəvi dəyəri digər zamanlardan fərqlidir. Zaman eyni olsa da, mənəvi keyfiyyət eyni deyil.

Peyğəmbər buyurub ki, Ramazanda edilən fərz əməl başqa vaxt yetmiş fərz savabına bərabərdir, nafilə isə fərz kimi qəbul olunur. Bu hədis göstərir ki, Allah bu ayda bəndəsinə xüsusi lütf edir. Başqa bir hədisdə isə buyurulur ki, Ramazanın əvvəlində rəhmət, ortasında məğfirət, sonunda isə cəhənnəmdən azad olunmaq vardır. Bu mühitdə edilən yaxşılıq daha dəyərli olur”.

“Alimlər qeyd ediblər ki, savabın artmasının səbəbi həm zamanın müqəddəsliyi, həm də insanın niyyətinin saflaşmasıdır. Ramazanda insan daha həssas olur, daha çox ibadətə yönəlir, qəlbi daha yumşaq olur. Bu hal yaxşı əməli daha səmimi edir. Səmimiyyət isə savabın əsas şərtidir.

Qədr gecəsi haqqında buyurulur ki, o gecə min aydan xeyirlidir. Bu, zamanın dəyərinin dəyişə bildiyini göstərir. Deməli, Ramazan elə bir zamandır ki, az əməl böyük nəticə verə bilər. Bu, Allahın bəndəsinə açdığı fürsətdir. Kiçik görünən bir yaxşılıq bu ayda böyük mənəvi qazanca çevrilə bilir”-deyə Əkrəm Həsənov qeyd edib.

Qədr gecəsinin “min aydan xeyirli” olması nə deməkdir?

Əkrəm Həsənov vurğulayıb ki, Qədr gecəsi haqqında Qurani Kərimin ayrıca surəsi var: “Orada buyurulur ki, Qədr gecəsi min aydan xeyirlidir. Bu ifadə riyazi müqayisə üçün deyil, mənəvi dəyəri anlatmaq üçündür. Min ay təxminən səksən üç ilə bərabərdir. Yəni bir gecəlik səmimi ibadət, bir ömürlük ibadətdən daha üstün nəticə verə bilər.

Təfsir alimləri bildiriblər ki, burada əsas məqam zamanın keyfiyyətidir. Hər an eyni deyil. Bəzi zamanlar ilahi rəhmətin, bağışlanmanın və qəbulun daha geniş olduğu anlardır. Qədr gecəsi də belə bir vaxtdır. Quranda həmin gecə mələklərin və Ruhun yer üzünə enməsi qeyd olunur. Bu, ilahi təqdirin və mərhəmətin xüsusi təzahürüdür.

İbn Kəsir yazır ki, bu gecədə edilən ibadətin savabı uzun müddətli ibadətdən daha üstün sayılır. Peyğəmbər də buyurub ki, kim Qədr gecəsini imanla və savabını Allahdan umaraq ibadətlə keçirərsə, keçmiş günahları bağışlanar. Burada əsas şərt iman və ixlasdır:

Deməli, min aydan xeyirli olması o deməkdir ki, Allah bəndəsinə bir gecədə böyük mənəvi qazanc imkanı verir. Bu, insan ömrünün azlığı qarşısında ilahi mərhəmətin genişliyini göstərir. Qədr gecəsi zamanın dərin mənəvi qatını xatırladır və insana fürsət verir ki, taleyində dönüş yaratsın”.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi.

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
icma.az

1Mənbələr