AZ

ABŞ ordusu İranla bağlı həftələrlə davam edə biləcək əməliyyatlara hazırlaşır

BAKI, 14 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp hücum əmri verərsə, ABŞ ordusu İran əleyhinə həftələrlə davam edə biləcək genişmiqyaslı əməliyyatlara hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi iki amerikalı rəsmiyə istinadla məlumat yayıb.

Məlumata görə, məxfi planlaşdırma ilə bağlı danışan mənbələr bildiriblər ki, bu ssenari Vaşinqtonla Tehran arasında indiyədək görüləndən daha ciddi qarşıdurmaya gətirib çıxara bilər. Agentlik yazır ki, bu açıqlama ABŞ və İran arasında hazırda davam edən diplomatik səylərin risklərini də artırır.

Xatırladılır ki, ötən həftə ABŞ və İran diplomatları Omanda Tehranının nüvə proqramı ilə bağlı danışıqları bərpa etmək üçün görüşüblər. Bu, Trampın bölgəyə əlavə hərbi qüvvələr toplamasından sonra baş verib və yeni hərbi əməliyyat ehtimalları ilə bağlı narahatlıqları gücləndirib.

ABŞ rəsmilərinin sözlərinə görə, Pentaqon Yaxın Şərqə əlavə aviadaşıyıcı göndərir, bununla da minlərlə əlavə hərbçi, qırıcı təyyarələr, idarəolunan raket daşıyan esmineslər və digər hərbi vasitələr bölgəyə cəlb olunur. Donald Tramp Şimali Karolinadakı hərbi bazada çıxışı zamanı İranla razılaşmanın əldə edilməsinin “çətin olduğunu” deyib və bəzən vəziyyəti nizamlamaq üçün “qorxu faktorunun” vacib olduğunu bildirib.

Ağ Evin sözçüsü Anna Kelli mümkün uzunmüddətli hərbi əməliyyatlara hazırlıqla bağlı sualı cavablandırarkən deyib ki, prezident Tramp İranla bağlı bütün variantları masada saxlayır və qərarı ölkənin və milli təhlükəsizliyin maraqlarına uyğun verir. Pentaqon isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.

“Reuters” qeyd edir ki, ötən il ABŞ İranın nüvə obyektlərinə zərbələr endirdiyi vaxt bölgəyə iki aviadaşıyıcı göndərmişdi. Lakin həmin əməliyyat əsasən birdəfəlik zərbə xarakteri daşıyırdı. Bu dəfə isə planlaşdırma daha mürəkkəbdir və uzunmüddətli kampaniya ehtimalı nəzərdən keçirilir.

Mənbələrdən biri bildirib ki, belə bir ssenaridə ABŞ təkcə İranın nüvə infrastrukturu deyil, həm də dövlət və təhlükəsizlik obyektlərini hədəfə ala bilər. Ekspertlər isə vurğulayırlar ki, İranın güclü raket arsenalı olduğu üçün ABŞ qüvvələri üçün risklər xeyli arta bilər və Tehranın cavab zərbələri regional münaqişə ehtimalını yüksəldə bilər.

Eyni mənbənin sözlərinə görə, Vaşinqton İranın mütləq cavab verəcəyini gözləyir və bu, müəyyən müddət ərzində qarşılıqlı zərbələr və cavab tədbirləri ilə müşayiət oluna bilər.

Tramp əvvəllər də İranın nüvə və ballistik raket proqramlarına görə bu ölkəni bombalamaqla hədələyib. O, diplomatik həllin alternativinin “çox ağır nəticələr” verə biləcəyini deyib. İranın İnqilab Keşikçiləri isə xəbərdarlıq ediblər ki, İran ərazisinə zərbələr endirilərsə, bölgədəki ABŞ hərbi bazalarına cavab hücumları ola bilər.

ABŞ-nin Yaxın Şərqdə İordaniya, Küveyt, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədə hərbi bazaları var. “Reuters” yazır ki, İsrailin baş naziri Benyamin Netanyahu da Vaşinqtonda Tramp ilə görüşərək İranla mümkün razılaşmanın İsrail üçün həyati əhəmiyyətli elementləri əhatə etməli olduğunu bildirib. İran isə sanksiyaların ləğvi qarşılığında nüvə proqramına məhdudiyyətlərin müzakirəsinə hazır olduğunu, lakin raket məsələsini bu danışıqlara daxil etməyəcəyini açıqlayıb.

Seçilən
18
teleqraf.com

1Mənbələr