AZ

Qəbiristanlıqda bazar açıblar

Sumqayıtda qəbiristanlıqlarda bəzi şəxslər qəbir yerlərini əldə edir, sonra isə başqalarına xeyli baha satırlar. Qiymətlər isə müxtəlifdir. Belə ki, yol kənarındakı yerlər 2 500 manata, orta sahələr 2 000 manata, daha içəridəki yerlər isə 1 500 manata təklif olunur. Yaranan bu "biznes" forması isə insanları ciddi şəkildə narahat edir. Sakinlər sual edirlər ki, əgər kiminsə belə məbləği yoxdursa, yaxınlarının cəsədi harada qalacaq? 

Ümumiyyətlə, vətəndaşlar hesab edirlər ki, qəbir yerləri insanlara pulsuz verilməli, maddi imkanından asılı olmayaraq təmin olunmalıdır. İnsanlar aidiyyəti qurumlardan qəbiristanlıqlarda yerlərin ədalətli və qanun çərçivəsində paylanmasını təmin etməklərini tələb edirlər. 

Mövzu ilə bağlı Milli.Az-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, qəbiristanlıqlarda özbaşınalıq, anarxiyadır. Kimin gücü nəyə çatırsa onu da edir. Onun sözlərinə görə, bəzən bələdiyyə və ona yaxın şəxslər, digər işbazlar, dəllal və maklerlər qəbir torpaqlarını əldə edərək başqalarına baha qiymətə satırlar:

"Nəzarət edənlərin özləri təşkil edir çox zaman. Bu məsələ illərdir düzəlmir. Qəbir alveri, kəfən biznesi baş alıb gedir. Qəbir yeri vətəndaşlara pulsuz verilməlidir. Cüzi rüsumun ola bilər. Yoxsa bu qiymətlərə qəbir yeri dəhşətdir".

T.İrfan qeyd edib ki, İslamın, dinin sadəcə adı qalıb. Ona nə əməl edən, nə hörmət qoyan var:

"Dini olan, Allaha imanı olan da qəbri o qiymətə satarmı? Bu, sırf qaniçənlikdir. Nəzarət etməli qurumlar da buna şərikdir. Özbaşına qiymət, qanunsuz rüsum təyin edirlər. Yaxud rüşvət alıb xalqın torpağını bazara çıxarıblar. Nə qanuna məhəl qoyurlar nə dinə hörmət qoyurlar. Varlı məmurlar nəsli, əcdadı üçün böyük sahələri indidən bron edirlər. Yaxud əsas, görkəmli yerləri zəbt edirlər".

İlahiyyatçı söyləyib ki, buna qətiyyən mane olan yoxdur:

"Yerin üstündə zülm etdikləri əhaliyə yerin altında da zülm edirlər. Kasıb da küncdə bucaqda zülmlə özünə bir parça yeri tapa ya tapmaya. İllərdir deyirik, qanun qəbul olunmalı, qəbir alverinin qabağı alınmalıdır. Standart qəbir yerləri və qəbir daşları tətbiq olunmalıdır. Məzarlıqdakı xaos aradan qalxmalı, qəbirlər sıra ilə, sadə şəkildə olmalıdır".

Mina Mikayılova
Milli.Az

Seçilən
33
2
milli.az

3Mənbələr