AZ

Bakıdakı Zəfər parkından Bolqarıstandakı Şuşa parkına

Hər iki park şəhərsalmada milli tarixin və mədəniyyətin təqdimatıdır

Müasir şəhərsalma artıq yalnız fiziki planlaşdırma və infrastruktur quruculuğu ilə məhdudlaşmır. Şəhər məkanı həm də sosial münasibətlərin, siyasi ideyaların və kollektiv yaddaşın formalaşdığı canlı bir mühitdir. Burada cəmiyyətin düşüncə tərzi, siyasi baxışları və ortaq yaddaşı da əks olunur. Bu baxımdan parklar, meydanlar və memorial zonalar da xüsusi diqqət çəkir. Axı bu yerlər təkcə istirahət üçün nəzərdə tutulmayıb. Açıq ictimai məkanlar cəmiyyətin dəyərlərini, baxışlarını və tarixi yaddaşını ifadə edir.

Şəhərsalma praktikasında bu tendensiya aydın müşahidə olunur. Şəhidlərin xatirəsinə həsr edilmiş parklar, tarixi şəxsiyyətlərin adını daşıyan prospektlər və milli simvolika ilə formalaşdırılmış meydanlar kollektiv yaddaşın məkanlaşdırılması prosesinin tərkib hissəsidir. Məsələn, Bayraq Meydanı milli simvolikanın, bayraq və heykəllərin vasitəsilə azərbycanlı kimliyinin nümayiş olunduğu bir məkandır. Burada keçirilən tədbirlər, mərasimlər və bayram şənlikləri meydanın həm rəmzi, həm də sosial funksiyasını gücləndirir.

Bənzər şəkildə Zəfər parkının haqqında da deyə bilərik ki, bu məkan, sadəcə, istirahət yeri olmaqdan çox abidələr, xatirə lövhələri və simvolik elementlər vasitəsilə cəmiyyətin milli mübarizəyə verdiyi önəmi ifadə edir. Park həm də ictimai toplantıların keçirildiyi, xalqa tarixini xatırladan və onu gənc nəslə ötürən bir məkan kimi diqqət çəkir. İnsanlar burada gəzir, düşünür, ailələri ilə birlikdə zaman keçirirlər. 

Zəfər parkının dizaynı göstərir ki, şəhərsalma yalnız yollar və binalardan ibarət deyil, eyni zamanda ictimai həyatın, tarixi yaddaşın və cəmiyyətin dəyərlərinin əks olunduğu məkandır. O, cəmiyyətin tarixini və dəyərlərini yaşadan açıq sahədir. 

Eyni məntiq və prinsiplər beynəlxalq layihələrdə də öz əksini tapır, milli dəyərlərin, tarix və kimliyin şəhər məkanında ifadə olunmasına xidmət edir. Məsələn, yaxın zamanda Bolqarıstanın Veliko Tırnovo şəhərində salınacaq Şuşa parkı Zəfər parkı kimi cəmiyyətin yaddaşını və milli kimliyini açıq şəkildə əks etdirən bir məkan olacaq. Qeyd edək ki, park layihəsinin konsepsiyası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi nəzdində fəaliyyət göstərən "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanıb, hərtərəfli layihələndirmə işlərini isə komitənin sifarişi əsasında Bolqarıstanın "DAD Studio" LTD şirkəti icra edib.

Veliko Tırnovonun mərkəzində 1,81 hektarlıq ərazini əhatə edən Şuşa parkı həm şəhər sakinləri, həm də qonaqlar üçün müasir ictimai məkan kimi layihələndirilib. Parkda funksional zonalar, piyada yolları, istirahət yerləri, süni su hövzəsi və musiqili fəvvarə nəzərdə tutulub. Məkanın bədii həllində Nizami Gəncəvinin abidəsi, Şuşa mənzərələri və xarıbülbül motivləri yer alacaq. Parkın yaşıllaşdırılması və abadlıq işləri də yerli iqlim şəraitinə uyğun həyata keçiriləcək. Veliko Tırnovo şəhərində yaradılan Şuşa parkı Azərbaycan ilə Bolqarıstan arasında dostluq və tərəfdaşlıq münasibətlərini gücləndirməklə yanaşı, milli-mədəni dəyərlərimizin beynəlxalq səviyyədə tanıdılmasına da xidmət edəcək.

Bolqarıstandakı Şuşa parkı ilə Azərbycandakı Zəfər parkı arasında aydın oxşarlıqlar var. Zəfər parkında olduğu kimi, Şuşa parkında da abidələr, sənət quraşdırmaları və milli motivlər vasitəsilə Azərbaycan xalqının tarixi və mədəniyyətinə dair mesajlar verilir. Bundan başqa, hər iki park ictimai funksiyaya malikdir: insanlar burada toplaşır, tədbirlər keçirir, tarixi və milli dəyərləri öyrənir, eləcə də paylaşırlar. Zəfər parkı yerli icma üçün milli qürur məkanıdırsa, Şuşa parkı eyni ideyanı beynəlxalq məkanda davam etdirəcək. Bir sözlə, Şuşa parkı Zəfər parkının beynəlxalq ekvivalenti olaraq, diplomatik mesaj daşıyan bir məkan kimi şəhərsalmada yeni bir nümunə təqdim edəcək. Park vasitəsilə tarixi rəmzlər, ictimai funksiyalar və mədəni mesajlar bir araya gətirilərək daxili şəhərsalma prinsiplərinin beynəlxalq səviyyədə davamı olacaq.

Hər bir abidə, incəsənət əsəri, heykəl və ya dekorativ elementin məkan daxilində yerləşdirilməsi həm yerli yaddaşı, həm də xarici ictimaiyyətə ötürülən mesajı gücləndirir. Bu mənada daxildəki məkanlardan fərqli olaraq xarici ölkələrdə salınan parklar xarici icma ilə qarşılıqlı mədəni əlaqələr üçün vasitə rolunu oynayır. Daxildə salınan parklar insanların gəzinti və qarşılıqlı fəaliyyətlərinə şərait yaradır, ekoloji balansı qoruyur və şəhər mərkəzlərində yaşıl sahələrin artırılmasına xidmət edir. Bolqarıstanda salınmağa başlayan Şuşa parkı isə eyni prinsipin beynəlxalq səviyyədə təzahürü olacaq, "yumşaq güc" və mədəni diplomatiya alətinə çevriləcək. Nəzərdə tutulub ki, parkın dizaynı, bədii elementləri və yaşıllaşdırılması yerli iqlimə uyğunlaşdırılsın.

Beləliklə, Azərbaycanda və digər xarici bir ölkədə salınmasından asılı olmayaraq parklar coğrafi və kontekst baxımından fərqlənsələr də, qalan bütün hallarda şəhərsalmanın funksional, estetik və mədəni aspektlərini birləşdirən mühüm element kimi çıxış edir. Bu yanaşma göstərir ki, parklar, sadəcə, şəhərsalmanın fiziki elementləri deyil. Onlar yerli və beynəlxalq səviyyədə mədəni dəyərlərin, sosial əlaqələrin və milli kimliyin açıq ifadəsi rolunu oynayan strateji məkanlardır.

Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Seçilən
51
azerbaijan-news.az

1Mənbələr