AZ

Şənbə üçün nəzm

GÖY QURŞAĞI

Yağış dayanan kimi,

Günəş varsa səmada,

Yeddi rəngə bürünər,

Çox sevinər səma da.

Bənövşəyi, mavi, göy,

Yaşıl, sarı, narıncı,

Lap üstündə qırmızı -

Hər rəng, sanki, bir inci.

Bu yeddi rəng birlikdə

Göy qurşağı adlanır.

Onu göydə görüncə

Yerdəkilər şadlanır.

KÜLƏKLƏ SÖHBƏT

Külək, əsən yellərinlə

Çırpma qəmini üzümə.

Yağış deyib göz yaşını

Çiləmə, gəl, üz-gözümə.

Qəmin qəmimə çatarmı?

Səndən də çiskinliyəm mən.

Əsirəmmi?

Coşurammı?

Bilsən, nə kədərliyəm mən...

Önümdə nə dağ, nə dəniz -

Bir coşsam, dayana bilməz.

Sən qopardığın tufanlar

Yanımdan yel olub ötməz.

Mənim bu sükutum hara?

Bəs sənin coşmağın hara?

Kədərimdə boğulsam da,

Səs salmıram bu dünyaya.

Hansımız daha güclüyük?

Sən əsirsən, bitir qəmin.

Gülüşümün arxasında

Kədər lal kimi gizlənir.

XOŞBƏXTLİYİM - DÖRD OKEAN

Xoşbəxt olmaq istəyirəm

damla-damla...

Damlalar bir çaya dönsün,

Çaylar dənizə axsın,

Dənizlər də okeanla birləşsin.

Xoşbəxtliyim - dörd okean

Yer üzündə

su qurudan

nə qədər çoxdursa,

xoşbəxtliyim kədərimdən

bir o qədər çox olsun.

Çaylar daşır, quru torpaq yox olur -

Qoy mənim də qəm-kədərim yox olsun,

Xoşbəxtliyim çox olsun.

TANRIM, QORU

Tanrım, bizi dili xəncər dostdan qoru -

Ürəkləri yaralayar.

Qoru bizi şirin dilli düşmənlərdən -

Bəxtimizə tələ qurar.

Min yeyib bir deyənlərdən,

Üzə gülən ilanlardan qoru bizi.

Tanrım, bizi çoxdan qoru,

azdan qoru,

Ürəyi xəbisdən qoru!

Tanrım, bizi keşməkeşli yollarında

Dara itənlərdən qoru.

Gen günündə həmdəm olub

Darda itənlərdən qoru.

Yalanlardan, riyalardan,

Pulla doyanlardan qoru.

Dostluğu kül tək havaya

Sovuranlardan qoru.

Sonu bilinməz yollardan,

Yaxşı donlu yamanlardan,

Ürəyi nəfslərinə

Ah... qul olanlardan qoru.

Yaxşılıqlar üfüq olsun Yer üzünə,

Yaxşılıqlar şəfəq saçsın.

Alov kimi kəlmələrdən

Nə qəlb yansın,

Nə qəlb yansın!

BU TORPAQ SƏNİNDİR

Bu torpaq sənindir - burda babanın

Zəhmətlə tökdüyü alın təri var.

Burda şir ürəkli nər oğulların

Şanlı döyüşlərdə axan qanı var.

Bu torpaq sənindir - burda ananın

Laylasından doğan həyat ritmi var.

Süfrəyə qoyduğu naz-neməti,

İsti çörəyinin sevgi ətri var.

Bu torpaq sənindir - burda övladın

Daşı daş üstünə qoymağı gərək.

Babalarımızdan qalan mirası

Göz bəbəyi kimi qorumaq gərək.

Torpaq qürurundur,

torpaq mənliyin,

Namusun, qeyrətin, heysiyyətindir.

Başını dik saxla, fəxrlə söylə:

“Bu torpaq mənimdir,

bu el mənimdir!”

QƏZƏL

(Xurşidbanu Natəvanın “Qərənfil”

qəzəlinə nəzirə)

Güllər içrə könlü yara - qərənfil,

Üsyan eylə sitəmkara, qərənfil.

Toy gülüydün, bəzədin baş daşını,

Gəlməsin ömrünə qara, qərənfil.

Gül üzünü məzara söykəməkdən

Gəlmədinmi, söylə, zara, qərənfil?

Pöhrələn sən o sevda bağçasında,

Eşqdən müjdə ver yara, qərənfil.

Ağlama, gəl, sitəm etmə könlümə,

Könlüm onsuz para-para, qərənfil.

Əl götürmə həyatın xoş günündən,

Çevir ömrünü gülzara, qərənfil.

Xan qızının səninlə qaldı ruhu,

Salma onu intizara, qərənfil...

ŞAİR ÖMRÜ

Necə mənalıdır, necə də həzin -

Oxunan layladır bir şair ömrü.

Sinəsi tufanla coşan bir dəniz,

Yüksələn dalğadır bir şair ömrü.

Vərəqin köksünə sıxıb qələmi,

Yazır sətir-sətir bütün aləmi.

Yığıb sinəsinə dərdi, ələmi,

Çağlayan ümmandır bir şair ömrü.

Sözü dənizlərdir, sözü dağlardır,

Sıldırım qayalar, qarlı yollardır.

Nisgilli illərdir, coşğun aylardır -

Tufandır, borandır bir şair ömrü.

Düşünən beyindir, yanan ürəkdir,

Dərdli könüllərə duzdur, çörəkdir.

Sevgidir, vüsaldır, arzu-diləkdir -

Dərdinə yanandır bir şair ömrü.

Həsrətə düşərsə qələmin izi,

Alışar kəlməsi, alışar sözü.

Əyilsə qaməti, titrəsə dizi -

Şeirə qurbandır bir şair ömrü.

Cəvahir Tanrıverdi

Seçilən
138
1
yeniazerbaycan.com

2Mənbələr