"ABŞ ordusu İrana qarşı uzunmüddətli, çoxhəftəlik hərbi əməliyyata hazırlaşır".
Moderator.az xəbər verir ki, bunu "Reuters" agentliyi adı açıqlanmayan iki amerikalı məmura istinadən yazıb.
Qeyd edilib ki, 2025-ci ilin iyun ayında həyata keçirilən əməliyyatdan daha mürəkkəb planlar artıq təsdiq edilib:
"Zərbələrin yalnız İslam Respublikasının nüvə infrastrukturuna deyil, həm də dövlət qurumlarına və təhlükəsizlik idarələrinə endirilməsi hədəflənib".
Agentlik qeyd edir ki, Vaşinqton həmçinin İrandan qisas hücumları gözləyir ki, bu da regional münaqişə riskini artıra bilər.
Yanvarın 26-da ABŞ İrana doğru nəhəng bir armadanın irəlilədiyini elan edib. Amerika tərəfi Tehranın danışıqlar masasına oturub nüvə silahlarından tamamilə imtina etməyi nəzərdə tutan ədalətli və bərabər razılaşmaya gələcəyinə ümid etdiyini bildirib.
ABŞ 2025-ci ilin yayında İslam Respublikasına qarşı zərbələri xatırladaraq, növbəti hücumun daha da sərt olacağı barədə xəbərdarlıq edib və bunun baş verməməsi üçün İrandan müvafiq addımlar atmağı istəyib.
Xatırladaq ki, Tehran və Vaşinqton arasında İranın nüvə proqramı ilə sonuncu danışıqlar fevralın 6-da Omanda baş tutub. İran nümayəndə heyətinə Xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi elçisi Stiven Uitkoff rəhbərlik edib.
Həmin toplantıda konkret bir qərar olmayıb.
Nəzərə çatdıraq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib - şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.
İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.