AZ

Bu ölkə İsraildən xəbərsiz Ermənistana dron texnologiyaları ötürüb QALMAQAL

Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ermənistanın son bir neçə ayda hərbi sərgilərdə təqdim etdiyi yeni pilotsuz uçuş aparatları bir çox suallar doğurur. Belə ki, həmin müasir PUA bir çox hallarda İsrail istehsalı dronlara çox bənzərdir.

Modern.az xəbər verir ki, söhbət İsrailin "Israel Aerospace Industries" (IAI) şirkəti tərəfindən hazırlanmış “Harop” tipli zərbə dronundan gedir. “Harop” uzun illərdir müxtəlif ölkələrin arsenalında yer alır və 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən geniş istifadə olunaraq effektivliyini nümayiş etdirmişdi.

2025-ci ilin oktyabrında Ermənistanın “Davaro” şirkəti “Dragonfly 3” adlı yeni kamikadze tipli pilotsuz uçuş aparatını təqdim edib. Texniki xüsusiyyətlərə nəzər saldıqda, bu modelin “Harop” platformasına bənzər parametrlərə malik olduğu bildirilir.

Açıqlanan məlumatlara görə, “Dragonfly 3”ün qanad açıqlığı 3 metr, maksimal uçuş çəkisi 42 kiloqram, faydalı yükü isə 5 kiloqramdır. Dronun bir saata qədər havada qala bildiyi, saatda 126 kilometr sürətlə uçduğu və 120 kilometrədək məsafədə fəaliyyət göstərə bildiyi deyilir.

Analitiklər diqqəti Hindistanın son illərdə İsrail müdafiə sənayesi ilə dərinləşən əməkdaşlığına yönəldirlər. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatlarına əsasən, 2020–2024-cü illərdə Hindistan İsrailin ən böyük müdafiə idxalçılarından biri olub və ümumi ixracın təxminən üçdə birini təşkil edib.

Hindistanın Baş naziri Narendra Modi tərəfindən həyata keçirilən “Make in India” (“Hindistanda istehsal et”) siyasəti çərçivəsində xarici şirkətlərdən texnologiya transferi və istehsal xətlərinin ölkəyə köçürülməsi tələb olunur. Bu model Hindistanın tədricən idxalçıdan ixracatçıya çevrilməsinə şərait yaradıb.

Məhz bu kontekstdə Ermənistanın yeni dron layihəsinin Hindistanla texnoloji əməkdaşlıq nəticəsində formalaşdığı ehtimal edilir. İsrailin “Globes” nəşrinin yazdığına görə, bəzi müdafiə sənayesi nümayəndələri texnoloji biliklərin Ermənistana birbaşa Hindistan üzərindən ötürüldüyünü düşünürlər.

IAI məsələ ilə bağlı açıqlamasında iddiaları tanımadığını bildirib və vurğulayıb ki, şirkət bütün beynəlxalq əməkdaşlıqlarını İsrailin Müdafiə Nazirliyinin və Müdafiə İxracına Nəzarət Agentliyinin qaydalarına uyğun həyata keçirir.

Beləliklə, yaranmış situasiyada əsas diqqət Hindistanın müdafiə sənayesində artan roluna və texnologiya transferi siyasətinə yönəlir. Regionda hərbi balansın həssas olduğu bir vaxtda pilotsuz sistemlər üzrə bilik və texnologiyanın Hindistan tərəfindən istehsalçı İsrailin icazəsi olmadan üçüncü tərəflərə ötürməsi rəsmi Dehlinin siyasəti ilə bağlı yeni suallar doğurur.

Kərim RUTULLU

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
1
modern.az

2Mənbələr