Azərbaycan Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə dünyada ən böyük proqram təminatı və bulud texnologiyaları şirkətlərindən biri olan ABŞ-nin “Oracle” korporasiyasının baş icraçı direktoru Mayk Sisiliya ilə görüşüb.
“Oracle” şirkətinin Azərbaycanda dövlət və özəl müəssisələrə bir sıra xidmətlərin göstərilməsi ilə bağlı uzunmüddətli əməkdaşlıq məsələləri müzakirə olunub. Azərbaycanın müxtəlif aparıcı ali təhsil müəssisələrində üç “Oracle” akademiyasının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə, eyni zamanda, Azərbaycan-ABŞ siyasi əlaqələrinin yüksək səviyyədə olduğu qeyd edildi, bu xüsusda “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanmasının əhəmiyyətinə toxunulub. Həmin sənəddə də ölkələrimiz arasında süni intellekt sahəsinin prioritet istiqamət kimi əks olunduğu vurğulanıb.