AZ

Missiya bitdi: daha “monitorinqə” ehtiyac yoxdur

Ayna portalından alınan məlumata görə, ain.az xəbər verir.

Deputat: “Rusiya sülhməramlıları Qarabağdan getdikləri kimi, Aİ-nin Monitorinq Missiyası da Ermənistandan çıxıb gedəcək”

"Biz Avropa İttifaqının Monitorinq Missiyasının Ermənistanda qalmasını istəyirik", - deyə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanda Aİ Monitorinq Missiyasının fəaliyyətinin üçüncü ildönümü münasibətilə bildirib. Qriqoryan Aİ Monitorinq Missiyasının müsbət təsir göstərdiyini və Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasında mühüm rol oynadığını qeyd edib.

Təhlükəsizlik Şurasının katibi həmçinin ABŞ Prezidenti Donald Trampın Ermənistan-Azərbaycan münaqişəsinin həllində mühüm rol oynadığını vurğulayıb.

Missiyanın gələcək fəaliyyəti ilə bağlı hər hansı bir planın olub-olmadığı soruşulduqda, Qriqoryan cavab verib ki, “hər halda Ermənistan Aİ Monitorinq Missiyasının Ermənistanda fəaliyyətini davam etdirməsini istəyir”.

"Bir şey dəqiqdir: biz Aİ missiyasının Ermənistanda qalmasını istəyirik. Sülh müqaviləsi çərçivəsində müqavilələrimiz var; qüvvəyə minməsi üçün hələ imzalanmalı və təsdiqlənməlidir və sonra necə irəliləyəcəyimizi anlayacağıq. Amma aydındır ki, biz missiyanın Ermənistanda qalmasını istəyirik və bu məqsədə doğru işləməyə davam edəcəyik", - Təhlükəsizlik Şurasının katibi vurğulayıb.

O, həmçinin əlavə edib ki, Aİ ilə gələcək əməkdaşlığın formaları müzakirə olunur: “Əməkdaşlığımızın əhatə dairəsini müzakirə edib başa düşəcəyik. Bunu necə edə biləcəyimizi başa düşəcəyik, amma bu, həm də sülh müqaviləsinin təsdiqlənməsindən asılıdır".

Aİ-nin Ermənistandakı missiyasının rəhbəri Markus Ritter erməni jurnalistlərə verdiyi müsahibədə bildirib ki, Ermənistan hökuməti hazırda Monitorinq Missiyasının mandatının uzadılması ilə bağlı Aİ ilə danışıqlar aparmır. O bildirib ki, missiyanın mandatı ilə bağlı gələn ilə qədər heç nə dəyişməyəcək. Ritter əlavə edib ki, bundan sonra Ermənistan hökuməti Aİ ilə gələcək əməkdaşlıq vizyonunu müzakirə edəcək.

Bir jurnalistin Ermənistandakı missiyasının uzadılmasının hazırda müzakirə olunmadığını aydınlaşdırmaq istədikdə, Ritter hazırda heç bir müzakirənin olmadığını təkrarlayıb.

Xatırladaq ki, Aİ-nin uzunmüddətli missiyası 20 fevral 2023-cü ildə iki il müddətinə Ermənistana göndərilib və əvvəlcə 100 nəfərdən ibarət olub. 2023-cü ilin dekabr ayında Aİ missiyanın heyətinin 209 nəfərə qədər artırıldığını elan edib. 2024-cü ilin mart ayında Ermənistan Parlamenti Aİ missiyasının statusu haqqında Avropa İttifaqı ilə müqaviləni təsdiqləyib. Bu müqavilə müşahidəçilərə həbs və həbsdən immunitet də daxil olmaqla toxunulmazlıq və imtiyazlar verir. 2025-ci ilin yanvar ayının sonunda Aİ Şurası Ermənistandakı Aİ missiyasının mandatını daha iki il, 19 fevral 2027-ci ilə qədər uzatmaq qərarına gəlib.

Milli Məclisin deputatı Rasim Musabəyov məsələ ilə bağlı AYNA.AZ-a deyib ki, Aİ də anlayır ki, artıq Ermənistanda missiya saxlamaq mənasızdır.

Onun sözlərinə görə, sülh sazişi imzalandıqdan sonra, ümumiyyətlə hansısa missiyaya, üçüncü tərəfin qüvvələrinə ehtiyac qalmır: “Keçən il bunun müddətini 2027-ci ilədək uzatdılar. Bu qərarın da arxasında Fransanın Cənubi Qafqazda və bilavasitə Ermənistanda təhlükəsizlik məsələlərində mövcudluğunu təmin etmək planı dayanırdı. Amma Monitorinq Missiyasının Ermənistanı nədənsə qoruması kimi bir faydası yoxdur. Onlar sadəcə olaraq, şərti sərhəddə kəşfiyyatla məşğuldurlar. Bayraqlarını nümayiş etdirirlər ki, baxın, biz burada varıq. Yəni guya, özlərinə plastdarm hazırlayıblar. Sərhəd zolağında binoklla gəzən fransızlar və almanlar öz ağılları ilə Ermənistanın müdafiəsini təşkil edirlər. İndi görürlər ki, mənasız işlərlə məşğuldurlar. Sülh prosesi sürətlə irəliləyir. Sülhdən sonra o missiyaya nə ehtiyac olacaq ki?! Görünən odur ki, artıq bunu anlayıblar, ona görə də müddətin uzadılmasının müzakirə olunmadığını bildirirlər”.

Qriqoryanın açıqlamasına gəlincə, millət vəkili deyib ki, bəzən erməni rəsmilər başa düşülməyən açıqlamalar verirlər: “Qriqoryan missiyaya Ermənistanın ehtiyacının olmasını deməklə nəyə nail olmaq istəyir? Ümumiyyətlə, bu missiyanın qalmasının nə mənada vacib olduğunu dedikləri başa düşülən deyil. Zəhmət çəkib bunu izah etsə, yaxşı olardı. Hər halda, Monitorinq Missiyasının rəsmisi müddətin uzadılması ilə bağlı danışıqların aparılmadığını dedi. Çox güman ki, müddət uzadılmayacaq. Yenə deyirəm, bu missiyaya ehtiyac yoxdur. Necə ki, Azərbaycan suverenliyini tam bərpa edəndən sonra Rusiya sülhməramlılarına Qarabağda ehtiyac qalmadı və onlar çıxıb getdilər, eləcə də, Aİ-nin Monitorinq Missiyası çıxıb gedəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
103
ayna.az

1Mənbələr