AZ

Azərbaycan ziyalılığı və ziyalısı

II MƏQALƏ

XIX əsrdən sonra

XIX əsrdən Azərbaycanın tarixində yeni mərhələ başlayır. Rusiya imperiyasının Qacar Səfəvi ilə apardığı müharibə nəticəsində Azərbaycan iki yerə bölünmüşdür. Bununla ölkə fərqli mədəni və siyasi mühitlərə düşən hissələrə ayrılmışdır. Buradan bir zamanlar vahid elmi-mədəni mühitdə formalaşan ziyalılıq ənənəsi daxilən zidiyyətlərlə üz-üzə qalmışdır – həmin ziddiyyətlər azərbaycanlı alimin yaradıcılıq qabiliyyətinin dəyişməsi ilə deyil, ziyalının fəaliyyət göstərdiyi sosial-mədəni və dini mühitin fərqliliyi ilə bağlıdır. Lakin ölkənin hər iki hissəsi üçün yardıcılıq baxımından oxşar olan bir xüsusiyyət mövcud idi - cənublu azərbaycanlı üçün əsas elmi dil fars və ingilis, şimallı azərbaycanlı üçün isə rus və Azərbaycan dili aparıcı rol oynayırdı. Elmi status baxımından cənubluya fars, şimallıya isə rus dilləri örnək olaraq göstərilirdi.

Bu süni dil oyunları milli ziyalılıq ənənəsinə və ziyalı kimliyinə, əlbəttə, mənfi təsir etmişdir. Lakin bütün qadağalara, məhdudiyyətlərə və təqiblərə baxmayaraq Azərbaycan ziyalılığının təməl xüsusiyyətlərini dəyişdirə bilməmişlər. Əksinə, onun bir sıra tarixi keyfiyyətləri, məsələn, yurda bağlılıq, Vətənsevərlik, milli mədəniyyət və dil ilə bağlı qorunmalı dəyər kimi ayrıca qiymətləndirmənin yer alması daha aktiv hala gəlmişdir. Bütövlükdə məsələnin bu tərəfi ayrıca tədqiq olunmalıdır. Burada tarixi kontesktdə bir sıra ümumi məqamlara baxaq.

İlk Universitet, elmi cəmiyyət

Ölkənin şimal hissəsində 1919-cu ildə Bakı Dövlət Universiteti yaradılmışdı. Bu, sonrakı mərhələdə Azərbaycanda akademik tədqiqatlarda Qərb, Rusiya və Şərq elmi araşdırma ənənələrinin sintezini yaratmaq üçün ciddi təkan rolunu oynamışdır.

Bu prosesdə 1922-1923-cü illərdə yaradılmış Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin rolu ayrıcadır. Bu qurumun əsasında 1923-cü ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu yaradılmışdır. İnstitutda təbiət elmləri ilə yanaşı, humanitar və Şərqi öyrənən bölmələr də vardı. Bu cəmiyyəti və institutu Azərbaycanda XX əsrdə akademik tədqiqatların təşkilinin ilk formaları hesab edirlər.

Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin əsasında SSRİ Elmlər Akademiyasının Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi təşkil olunmuşdu. Burada ruslarla yanaşı, Ə.Haqverdiyev, B.Çobanzadə, M.Əfəndiyev, A.Tağızadə və digər Azərbaycan alimləri çalışmışlar.

1935-ci ildə SSRİ Elmlər Akademiyasının Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi SSRİ EA-nın Azərbaycan Filialına çevrildi. Elmi-Tədqiqat Neft İnstitutu və Azərbaycan Elmi-Tədqiqat Neft Maşınqayırma institutları da təsis edilmişdir.

Artıq 1940-cı ildə Azərbaycanda 60 elmi müəssisə vardı və həmin strukturlarda 3 minə yaxın elmi işçi çalışırdı. Nəhayət, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis edilmişdi. Bununla Azərbaycanda akademik elmi fəaliyyətin təşkilində yeni mərhələ başlamış oldu.

Elmin AMEA mərhələsi

1945-ci ildən başlayaraq Azərbaycan Elmlər Akademiyası 1991-ci ilə qədər bir neçə mərhələli fəaliyyət yolunu keçmişdir. Ulu öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycan SSR-ə rəhbər olması ilə Akademiyanın fəaliyyətində müsbətə doğru ciddi dəyişikliklər olmuşdur. Heydər Əliyev AEA-nın elmi fəaliyyətini başlıca olaraq Azərbaycana xidmətə yönəltmişdir. Bir neçə yeni şöbələr və institutlar yaradılmışdır.

Həmin dönəmi elmi-nəzəri aspektdə akademik İsa Həbibbəyli dolğun şəkildə “Heydər Əliyev və Azərbaycan Milli Elmlər Akademiyası” adlı məqaləsində geniş təhlil etmişdir.

1991-ci ildən isə Elmlər Akademiyasının müstəqillik mərhələsi başlayır. 1993-cü ilə qədər olan müddətdə Akademiyanın fəaliyyətində aktivlik hiss olunmamışdır. Təşkilatın taleyi o zaman aydın deyildi. Ulu öndər Heydər Əliyevin xalqın dəvəti ilə hakimiyyətə gəlişi bütövlükdə ölkədə olduğu kimi, Elmlər Akademiyasında da vəziyyəti müsbət istiqamətdə dəyişdi.

Heydər Əliyev müstəqillik mərhələsində Azərbaycan EA-nın inkişafına yeni təkan vermişdir. 1997-ci ildə ulu öndər Elmlər Akademiyasının bir qrup aparıcı alimlərini qəbul edərək müzakirələrdə elm sahəsində islahatların aparılmasının vacibliyini əsaslandırmışdır. O cümlədən, Azərbaycanda elmin inkişaf strategiyasının əsas müddəalarını müəyyənləşdirmişdir.

Nəhayət, “Azərbaycan Prezidentinin 15 may 2001-ci il tarixli fərmanı ilə Elmlər Akademiyasına “Azərbaycan Milli Elmlər Akademiyası” statusu verildi. 2002-ci il avqustun 12-də AMEA-nın Naxçıvan Bölməsinin yaradılması haqqında tarixi sərəncam imzalanmışdır. Ulu öndərin sədrliyi ilə Naxçıvan Ali Məclisinin iclas zalında bu bölmənin yaradılmasına həsr olunmuş müşavirə keçirilmişdir.

XXI əsr və milli elm

Bununla AMEA XXI əsrə zəngin elmi tədqiqat və təşkilatlanma təcrübəsi ilə qədəm qoymuşdur və Akademiyanın tarixində Prezident İlham Əliyev mərhələsi başlamışdır. 2003-2022-ci illər “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin modernləşmə, biliklər cəmiyyətinin qurulması strategiyası kontekstində elmin növbəti inkişaf mərhələsidir. Həmin dönəmdə “İlham Əliyevin elmin inkişafı ilə bağlı qəbul etdiyi çoxsaylı qərarlar sırasında “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” mühüm yer tutur. Bu mərhələdə AMEA-nın tərkibində bir neçə yeni elmi müəssisənin fəaliyyətə başlamasını, kadr hazırlığı sahəsində əldə edilən nailiyyətləri, elmin populyarlaşdırılması sahəsində uğurları, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində tədbirləri xüsusi qeyd etmək lazımdır.

2022-ci ildən isə islahatlar fundamental və əhatəli həyata keçirilir. Bu mərhələyə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli fərmanı ilə start verilmişdir.

Paralel olaraq Azərbaycanda təhsil sistemində davamlı islahatlar həyata keçirilməkdədir. Artıq Azərbaycanda elm və təhsilin inteqrasiyası aspektində yeni mərhələ - rəqəmsallaşma dönəmi başlayır. Bu proses cəmiyyətin bütün fəaliyyət sferalarına rəqəmsallşmanın geniş və aktiv şəkildə tətbiq edilməsi fonunda baş verir. Ölkənin yeni vahid rəqəmsallaşma arxitekturasının yaradılmasına başlanması elm və təhsilin inteqrasiyası baxımından tarixi hadisədir.

Detallara varmadan bir sual üzərində düşünək – bu proses Azərbaycanda yeni ziyalılıq və ziyalı şəxsiyyət nümunəsi yaradacaqmı? Əgər bu baş versə, “yeni ziyalılıq nümunəsinin” cəmiyyətin əsrlərdir mövcud olan ziyalılıq ənənəsi ilə münasibətləri necə ola bilər?

Bizcə, bu kimi suallara cavab axtarışları asan proses deyildir.

Birincisi, Azərbaycanda ziyalılıq ənənəsi ictimai şüurun dərin qatlarında artıq oturuşmuşdur. Bu, sovetlərə qədər olan dönəmdə bir forma və məzmunun vəhdəti idisə, SSRİ dövründə yeni məna çalarları almışdır. Xüsusilə, ziyalılıq ideologiya ilə daha sıx kontekstdə ictimai həyatın (və deməli, ictimai şüurun) gündəminə gətirilmişdir. Lakin qədimdən başlayan və Azərbaycan ziyalılığına “akademik alimlik”lə “yerli təhsilalma ruhu”na dərindən “hopmuş” bir mühüm keyfiyyət dəyişməmişdir.

Rusiya imperiyasının elm-təhsil fəlsəfəsinin sovetlərin elm-təhsil fəlsəfəsinə transformasiyasının bütün ziddiyyətləri və təzyiqləri mövcudluğu şəraitində belə həmin ziyalılıq özəlliyi saxlanmışdır. O, qədimdən Azərbaycan ziyalılığının əsas keyfiyyətlərindən olan fəzilətlilik, şəfqətlik, ictimai mənəvi-əxlaqi və mədəni kodlara tam sadiqlikdir! Azərbaycan ziyalısı həmişə dərin biliyi ilə yanaşı, nümunəvi davranışı, cəmiyyətin əxlaqi xüsusiyyətlərinin daşıyıcısı və qoruyucusu kimi keyfiyyətləri ilə qövmün “nurlu kompası” olmuşdur!

Hər bir halda azərbaycanlıların şüurunda bu obraz yaşamışdır. Başqalarına bağışlanan mənəvi qüsur və fəzilətsiz davranış alimə və müəllimə bağışlanmamışdır. Bu mənada fəzilət və mənəviyyat Azərbaycan ziyalısının məsuliyyət hüdudlarını müəyyən etmişdir. Hətta bu məsuliyyət bir sıra hallarda ifrata varmış və el arasında valideynin övladının müəlliminə “əti sənin, sümüyü mənim” deyimi ilə müraciət etməsi ziyalıya hörmət və ehtiram etalonu kimi qəbul edilmişdir. Azərbaycan ziyalısı cəmiyyətdə ən sayğılı şəxsiyyət sayılmışdır. “Çarlıq”dan “sovetçiliyə” zorən keçid bu qaydanı poza bilməmişdir.

Sovet dönəmində Azərbaycan ziyalısı ənənəvi fəzilətliliyi və mənəviyyatlılığını siyasi ideologiya “donu biçimi” daxilində belə saxlamışdır. Azərbaycanın 1920-1991-ci iləri əhatə edən “ziyalılıq və ziyalılar xəritəsi”nə baxsaq, vurğulanan tezisi sübut edən minlərlə nümunəyə rast gələ bilərik. Hətta bu gerçəkliyin qədim ənənəsi üzərində bərqərar olduğu haqqında kompetent fikirlər söylənməkdədir.

Məsələnin bu cür qoyuluşu ikinci mühüm xüsusiyyəti ön plana çıxarır.

İkincisi, alimlər Azərbaycanda ziyalılıq ənənəsinin çox qədimdən formalaşdığından bəhs edirlər. Eyni zamanda, indi çoxlarının ən nümunəvi ziyalılıq məkanı kimi qəbul etdiyi Qərbin fəlsəfi-elmi şüuruna Azərbaycan ziyalılıq nümunələrinin fundamental təsirlərini vurğulayırlar. Filologiya elmləri doktoru Afaq Əsədova öz postunda yazır ki, indi Azərbaycan ictimai fikri özünün aktiv dövrünü yaşayır. Bu, yeni texnologiyaların sürətlə həyatımıza nüfuz etməsi ilə bağlıdır. Bu kimi gedişatın qarşıya çıxacağı haqqında XX əsrin 30-cu illərində meydana çıxan postmodernist filosoflar proqnoz vermişlər.

Həmin özəllik başqa bir həqiqətin fonunda Azərbaycan ziyalılıq ənənəsi işığında çox maraqlı görünür. A.Əsədova vurğulayır ki, “Azərbaycannın qədim tarixinə aid olan Zərdüşt işıqlı, ziyalı deyimləri ilə Avropa fəlsəfəsinin söykəndiyi yerlərdən biri olmuşdur”. Məsələn, Nitşenin məlum əsərini xatırlamaq olar. Nitşenin “kamil insan nümunəsi” elə Zərdüşdün dediyi “yeni insan arayışıdır!”

Deməli, Azərbaycan ziyalılıq ənənəsi mənəvi konsept kimi özünün “milli sərhədlərini” tarixi zamanda aşaraq, indi aparıcı olan Qərb ziyalılıq mühitinin vacib parametrlərindən biri olmuşdur.

Üçüncüsü, Azərbaycan ziyalılığının vurğulanan özəllikləri müasir mərhələdə cəmiyyət miqyasında, ümumiyyətlə, ziyalılığa və ziyalıya münasibət baxımından bir məsuliyyəti aktuallaşdırır. Bu, “ziyalı fikrini” (A.Əsədova) arxa plana atmaq niyyətində olanların mövqelərinə təkrar baxmaları üçün əhəmiyyətli xatırlamadır. Onun həm mənəvi, həm də sosial anlamı vardır. Sosial aspekti mənəvi “yükümlülük”dən qaynaqlanır.

Belə ki, mənəvi olaraq Azərbaycan ziyalısı diri-diri soyulmasına, diri-diri yandırılmasına baxmayaraq “irs olaraq ziyalılıq böyüklüyünü xalqa ötürmüşdür” (A.Əsədova). Yəni bu cür davranış Azərbaycan üçün fraqmentar, sırf fərdi olay deyildir – o, bir “mənəviyyat memi” keyfiyyətinə yüksəlmiş davamlı ənənə hadisəsidir. Həmin “mem” həm də Azərbaycan ziyalısının şəxsiyyət kimi nuru, şəfqəti və mərhəmətinin və bütövlükdə fəzilətliliyinin tarixi zaman-məkan kontinumunda obrazlaşmış təzahürüdür.

Çox diqqətçəkicidir ki, ziyalılığın bu xüsusiyyəti mənəvi sfera hüdudlarına sığmamışdır və bütövlükdə tolumda ziyalı qarşısında sosial məsuliyyət keyfiyyətini formalaşdırmışdır. Onu ümumi halda ziyalılıq qarşısında cəmiyyətin “sosial yükümlülüyü” adlandırmaq olar və onun iki mühüm əlamətini qəbul etməliyik.

Birincisi, “ziyalılığı tarixi və mənəvi kökümüzdən qoparmaq mümkün deyildir” (A.Əsədova) anlamı tərəddüdsüz etiraf olunmalıdır.

İkincisi, sosial məsuliyyət olaraq ziyalılığı saxlamaq və nəsillərə ötürmək bizim yükümüzdür və “bu yük bir hökmdür”. Onu bizə tarixi yaddaşımız da hər an təkrar-təkrar xatırladır (A.Əsədova).

Aydın olur ki, texnologiyaların yüksək sürətlə inkişafı, həyatımıza geniş daxil olması və kənardan olan informasiya təxribatları fonunda Azərbaycan ziyalılığı nəinki arxa plana atılmalı, hətta yeni səviyyədə və daha geniş anlamda “toplumsal mem”ə çevrilməlidir. Ziyalılıq ənənəsi ən modern texnokratın belə mənəvi-əxlaqi dünyasının fəzilətlilik “guşəsi”nin mərkəzi faktoru olmalıdır. Başqa halda, Azərbaycanın dövlət və cəmiyyət olaraq davamlı inkişafı şübhə altına alına bilər!

Bu fikrin işığında Azərbaycanda ziyalılıq və ziyalı şəxsiyyətlərlə bağlı müşahidə etdiyimiz bir sıra halların meydana gətirə biləcəyi fəsadların anatomiyasına nəzər salaq. Belə görünür ki, müəyyən dairələr Azərbaycan ziyalısının ilk olaraq fəzilətlilik, şəfqət, mərhəmət və bilikləri paylaşmaq kimi yüksək keyfiyyətlərini cəmiyyətin gözündən salmağı hədəfləmişlər. Bunu “sübut” etmək üçün isə alimləri biliklərində və davranışlarında qüsurları olan zümrə kimi qələmə verməyə çalışırlar. Hazırda onu əsasən AMEA-ya yönəldilmiş formada qondarma ekspertlər və paparassilər vasitəsi ilə etməyə çalışırlar. Lakin bütövlükdə neqativ təsir Azərbaycan ziyalılığına və alimlərinə edilir.

Bu prosesin Azərbaycan mühitinin xüsusiyyətləri ilə bağlı məntiqi gedişatı vardır. O aspektdə baş verənlərə aidiyyatlı dövlət qurumlarının, cəmiyyətin və medianın aparıcı kəsiminin necə reaksiya verməsi çox maraqlıdır.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Seçilən
27
1
xalqqazeti.az

2Mənbələr