AZ

Rəqəmsal keçid: Azərbaycan iqtisadiyyatının yeni dayaqları formalaşır TƏHLİL

ain.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rəqəmsal transformasiya bu gün təkcə kompüter və internetdən istifadə, yaxud kağız sənədlərin elektron formata keçirilməsi demək deyil. Söhbət rəqəmsal texnologiyalar vasitəsilə iqtisadiyyatın, dövlət idarəçiliyinin və insanların gündəlik həyatının köklü şəkildə dəyişməsindən gedir. Bu proses ənənəvi iş modellərindən data və texnologiya əsaslı, daha çevik sistemlərə keçidi nəzərdə tutur.

Rəqəmsal transformasiya uzunmüddətli iqtisadi effekt yaradır. İqtisadiyyat daha məhsuldar və çevik olur, məlumatların emalı və qərar qəbulu sürətlənir, avtomatlaşdırma xərcləri azaldır. Yeni rəqəmsal məhsul və xidmətlər formalaşır. Rəqəmsal xidmətlərin ixracı əlavə dəyər yaradır və bu da ümumi daxili məhsulun artımını stimullaşdırır.

Bu keçid investisiya mühitini də daha cəlbedici edir. Müasir infrastruktur, sürətli internet, onlayn və şəffaf qeydiyyat və idarəetmə prosedurları ölkəyə kapital axınını artırır. Harada biznes qurmaq və idarə etmək asandırsa, beynəlxalq şirkət və startaplar da həmin bazara maraq göstərir.

Rəqəmsallaşma sənaye və xammal modelindən bilik iqtisadiyyatına keçidin əsas elementlərindəndir. Bu proses innovasiya üçün əlverişli mühit yaradır, texnoloji habların və inkubatorların formalaşmasına, süni intellekt, kibertəhlükəsizlik və biotexnologiya kimi sahələrin inkişafına təkan verir.

Proseslərin rəqəmsallaşması və şəffaflaşması vətəndaş-dövlət münasibətlərini yeni səviyyəyə qaldırır. Elektron imza, onlayn vergi və cərimə ödənişləri, müxtəlif qeydiyyat xidmətlərinin internet üzərindən həyata keçirilməsi həm vaxta qənaət edir, həm də xidmətlərin əlçatanlığını artırır. Dövlət məmurları ilə birbaşa təmasın azalması isə sui-istifadə risklərini minimuma endirir və ictimai etimadı gücləndirir.

Rəqəmsal transformasiya mərkəz və regionlar arasındakı fərqi də azalda bilər. Regionlarda fiber-optik internetin mövcudluğu məsafədən işləmək və distant təhsil imkanlarını genişləndirir. Onlayn ticarət platformaları vasitəsilə məhsulların ölkə daxilində və xaricə satışı isə regionlardan əmək miqrasiyasını azaltmağa kömək edir.

Pandemiya göstərdi ki, ənənəvi iqtisadi modellər fövqəladə şəraitə həmişə çevik reaksiya verə bilmir. Sərhədlərin bağlanması qlobal ticarəti zəiflətdi, tədarük zəncirlərini pozdu. Rəqəmsal infrastrukturu inkişaf etmiş ölkələr isə böhrana daha tez uyğunlaşdı. Məsafədən iş, onlayn təhsil və elektron dövlət xidmətləri iqtisadi və sosial sahələrin fəaliyyətini davam etdirməyə imkan verdi.

Azərbaycan rəqəmsal transformasiyanı prioritet istiqamət kimi müəyyən edib və son illər bu sahədə ardıcıl addımlar atır. Məqsəd kağız daşıyıcıları aradan qaldırmaq, məlumatların təkrar daxil edilməsini azaltmaq və dövlət qurumları, vətəndaşlar (G2C) və biznes (G2B) arasında sürətli və təhlükəsiz məlumat mübadiləsini təmin etməkdir.

Bu məqsədlə yaradılan "Digital Bridge" sistemi vasitəsilə həyata keçirilən əməliyyatların sayı artıq 2 milyardı keçib. Bunun 1 milyarddan çoxu 2025-ci ilin payına düşür. Platformaya 10 yeni qurum və 27 informasiya sistemi qoşulub. Ümumilikdə 500-dən çox elektron xidmət rəqəmsal məlumat mübadiləsi sisteminə inteqrasiya edilib.

Rəqəmsal sənəd dövriyyəsi sisteminə biznes subyektlərinin də qoşulmasına başlanılıb. Artıq 17 ali və təhsil müəssisəsi, 16 biznes qurumu sistemə inteqrasiya olunub və dövlət qurumları ilə yazışmalar kağızsız formata keçirilib. Ümumilikdə 1 300-dən çox qurum rəqəmsal sənəd dövriyyəsinə qoşulub. Bu, 31 milyondan artıq vərəqə və təxminən 5 700 ağaca qənaət deməkdir.

Rəqəmsal keçidin növbəti mərhələsi dövlət xidmətlərinin vahid platformada birləşdirilməsidir. Bu məqsədlə yaradılan "mygov" platformasına ötən il 1,3 milyon yeni istifadəçi qoşulub. Ayda ən azı bir dəfə platformadan istifadə edənlərin sayı ötən ilin sonunda 2,2 milyon idisə, bu ilin yanvar ayının sonuna 2,5 milyona çatıb. İlin sonuna qədər bu rəqəmin təxminən 5 milyona yüksələcəyi gözlənilir.

Dövlət xidmətlərinin vahid rəqəmsal çətiri yaradılır

Hazırda Azərbaycanda sahibkarlar üçün rəqəmsal xidmətləri vahid mərkəzdə birləşdirəcək "mygov biznes" platformasının istifadəyə verilməsi istiqamətində işlər aparılır. Platformanın məqsədi biznes mühitində şəffaflığı və operativliyi artırmaq, eyni zamanda müasir texnoloji həlləri tətbiq etməkdir.

Yeni sistem sahibkarlara dövlət xidmətlərinə "bir pəncərə" prinsipi ilə müraciət imkanı verəcək. Qanunvericilik bazası artıq formalaşdırılıb. İlkin mərhələdə platforma pilot rejimdə fəaliyyət göstərəcək və vergi, gömrük, ədliyyə və digər sahibkarlara yönəlik xidmətləri vahid çətir altında təqdim edəcək. Platforma əsasən G2B (dövlət-biznes) və B2G (biznes-dövlət) istiqamətlərini əhatə edəcək.

Rəqəmsal etimadın formalaşmasında "SİMA" biometrik rəqəmsal imza sistemi mühüm rol oynayır. 2022-ci ildən tətbiq edilən "SİMA İmza" artıq vergi, gömrük, ədliyyə, təhsil, səhiyyə, bank, sığorta və onlayn ticarət kimi sahələrdə istifadə olunur.

Ötən ilin sonuna qədər "SİMA İmza"nı tətbiq edən qurumların sayı 100-ə çatıb və 1 000-dən çox elektron xidmətə çıxış təmin edilib. Sistemdən Azərbaycan vətəndaşları, ölkədə qanuni əsasla yaşayan əcnəbilər, fərdi sahibkarlar, hüquqi şəxslər və dövlət qurumları istifadə edə bilirlər.

Bu imza mexanizmi vətəndaşların xidmət mərkəzlərindən asılılığını aradan qaldırıb. Eyni zamanda xidmət göstərən qurumların iş yükü və xərcləri azalıb.

Rəqəmsal transformasiyanın uğuru internetin keyfiyyətindən və əlçatanlığından birbaşa asılıdır. Bu məqsədlə "Onlayn Azərbaycan" layihəsi həyata keçirilib. Layihə çərçivəsində köhnə ADSL avadanlıqları müasir GPON texnologiyası ilə əvəz olunub, mis kabellər optik xətlərlə dəyişdirilib və yeni optik paylayıcı şəbəkə qurulub.

GPON texnologiyası daha sabit və sürətli internet təmin edir, IPTV və digər əlavə xidmətlərin göstərilməsinə imkan yaradır və texniki olaraq 1 Gbit/s-dək sürəti dəstəkləyir.

Layihənin başlanğıcında ölkədə orta internet sürəti təxminən 12 Mbit/s idi. Hazırda bu göstərici 90 Mbit/s-ə çatıb. Dövlətə məxsus şirkətlərdə sürət 150 Mbit/s-dir və ilin sonuna qədər 200 Mbit/s-ə yüksələcəyi gözlənilir. Layihənin nəticəsi olaraq ölkədə genişzolaqlı internetə çıxışı olmayan ucqar yaşayış məntəqəsi qalmayıb.

Məlumat – dövrün əsas strateji resursudur

Rəqəmsallaşmanın dərinləşməsi böyük həcmdə məlumatların təhlükəsiz saxlanılması və emalını aktuallaşdırır. Bu funksiyanı "Hökumət buludu" ("G-cloud") platforması yerinə yetirir.

Layihə çərçivəsində dövlət qurumlarının İT sistemləri əsas və ehtiyat mərkəzlər kimi Bakı və Yevlax data mərkəzlərinə tam və ya qismən köçürülür. Hazırda 270 dövlət qurumu öz rəqəmsal resurslarını bu mərkəzlərdə yerləşdirib.

Bu yanaşma informasiya təhlükəsizliyini gücləndirir, xərcləri optimallaşdırır və sistemlərin məhsuldarlığını artırır.

Texnoloji inkişafın növbəti mərhələsi süni intellektlə bağlıdır. Süni intellekt artıq iqtisadi inkişafın və milli təhlükəsizliyin vacib aləti hesab edilir.

Bu sahəyə sərmayə yatıran ölkələr texnoloji liderliyə doğru irəliləyir. Onlar milli texnoloji şirkətlərini inkişaf etdirir, beynəlxalq bazara proqram təminatı və texnoloji həllər çıxarır, xarici texnologiyalardan asılılığı azaldır və investisiya cəlb edir.

Süni intellekt milli təhlükəsizliyin möhkəmləndirilməsində də mühüm rol oynayır. Kibertəhlükəsizlik, böyük həcmli məlumatların təhlili, sərhəd monitorinqi və fövqəladə halların proqnozlaşdırılması kimi sahələrdə bu texnologiya riskləri daha tez aşkar etməyə və operativ reaksiya verməyə imkan yaradır.

"Ağıllı" şəhərdən "ağıllı" dövlət modelinə keçid

Süni intellekt həm də dövlət xidmətlərinin keyfiyyətini artırmağa, qurumlarda isə idarəetməni daha çevik etməyə kömək edir. Vətəndaş müraciətlərinin "ağıllı" sistemlər vasitəsilə emalı, sənədlərin avtomatik təhlili, rəqəmsal köməkçilərin tətbiqi və infrastruktur yüklənməsinin proqnozlaşdırılması bürokratik gecikmələri azaldır. Şəffaf və avtomatlaşdırılmış proseslər korrupsiya risklərini də minimuma endirir.

Süni intellekt eyni zamanda Əşyaların İnterneti (IoT) texnologiyalarının əsas hərəkətverici qüvvəsinə çevrilib. Bu texnologiyalar şəhərlərin daha səmərəli idarə olunmasına imkan yaradır. "Ağıllı" nəqliyyat sistemləri tıxacları azaltmağa, məlumatların analizi ekoloji çirkliliyi nəzarətdə saxlamağa, enerji sistemlərinin AI əsaslı monitorinqi isə resurslardan daha effektiv istifadə etməyə şərait yaradır.

Xüsusilə son bir ildə Azərbaycanda süni intellektin inkişafı istiqamətində mühüm addımlar atılıb. Bu çərçivədə "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası" təsdiqlənib. Strategiyanın əsas prioritetlərindən biri AI üzrə kadr potensialının formalaşdırılması və rəqəmsal transformasiyanın sürətləndirilməsidir.

Bu məqsədlə Süni İntellekt Akademiyası (AI Academy) fəaliyyətə başlayıb. Tədris proqramları beynəlxalq standartlara uyğun hazırlanıb və dünyanın aparıcı universitetlərinin təcrübəsinə əsaslanır. MIT, Kaliforniya Universiteti, Karnegi Mellon, Harvard və Stanford kimi nüfuzlu ali məktəblərin professor və alimlərinin qonaq mühazirəçi qismində iştirakı nəzərdə tutulur. Bu yanaşma yerli kadr hazırlığını qlobal bilik mühiti ilə birbaşa əlaqələndirir.

Strategiyanın texnoloji dayaqlarından biri də Superkompüter Mərkəzinin yaradılmasıdır. Mərkəzdə "NVIDIA H200 GPU" çipləri əsasında qurulmuş yüksək performanslı hesablama sistemləri yerləşdirilib. Bu infrastruktur böyük həcmli məlumatların emalını və mürəkkəb süni intellekt modellərinin sürətli işlənməsini təmin edir. Nəticədə yerli AI layihələri xarici resurslardan asılı olmadan ölkə daxilində inkişaf etdirilə bilir. Hazırda mərkəzin imkanlarının genişləndirilməsi istiqamətində işlər davam edir.

AI-nin sürətli inkişafı enerji tələbatını artırır

Azərbaycanın süni intellekt sahəsində irəliləyişi beynəlxalq səviyyədə də qiymətləndirilib. "Oxford Insights" mərkəzinin "Hökumətin Süni İntellektə Hazırlıq İndeksi 2025" hesabatında Azərbaycan ən sürətli irəliləyiş göstərən ölkə kimi qeyd olunub. Ölkə reytinqdə 111-ci yerdən 70-ci yerə yüksəlib, ümumi bal isə 39,92-dən 48,96-ya çatıb. Azərbaycan Cənubi Qafqazda lider, Mərkəzi Asiyada isə üçüncü mövqedə qərarlaşıb.

Süni intellektin geniş tətbiqi böyük həcmdə məlumat axını yaradır. Hazırda dünyada hər gün təxminən 402,74 milyon terabayt məlumat generasiya olunur. Bu, data mərkəzlərinin rolunu köklü şəkildə dəyişib. Onlar artıq sadəcə məlumat saxlama məntəqələri deyil, yüksək enerji və hesablama gücü tələb edən mürəkkəb texnoloji ekosistemlərdir.

Müasir AI çipləri ilə işləyən serverlər əvvəlki nəsillərlə müqayisədə dəfələrlə çox enerji sərf edir. Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, 2024-cü ildə data mərkəzləri 415 TVt/s elektrik enerjisi istehlak edib ki, bu da qlobal istehlakın təxminən 1,5 %-ni təşkil edir. Proqnozlara əsasən, yaxın beş ildə bu göstərici iki dəfə artaraq 945 TVt/s-a çata bilər.

Son 20 ildə Azərbaycanın elektrik enerjisi generasiya gücü təxminən iki dəfə artıb və hazırda 10 min meqavata çatıb. Ölkədə ən azı 2 min meqavat istifadə edilməyən generasiya gücü mövcuddur. Azərbaycan əsas enerji tələbatını daxili mənbələr hesabına təmin edir.

Bu amil ölkəyə rəqəmsallaşma, süni intellekt və data mərkəzlərinin inkişafı baxımından rəqabətli üstünlük qazandırır. Enerji təminatının sabit və kifayət qədər olması AI əsaslı infrastrukturun genişlənməsi üçün mühüm strateji faktordur.

Beynəlxalq tərəfdaşlıq - sürətli keçidin açarıdır

Azərbaycanın rəqəmsallaşma və süni intellekt sahəsində irəliləyişində beynəlxalq əməkdaşlıq mühüm rol oynayır. Hökumət bu istiqamətdə qlobal texnoloji mərkəzlərlə çevik və praqmatik siyasət yürüdür.

Hazırda süni intellekt və data mərkəzləri sahəsində əsas qlobal oyunçu Amerika Birləşmiş Ştatlarıdır. Dünyadakı mövcud data mərkəzlərinin təxminən 46 %-i bu ölkənin ərazisində yerləşir. Son dövrdə ABŞ administrasiyasının Azərbaycanla əməkdaşlığa verdiyi önəm nəticəsində iki ölkə arasında münasibətlər yeni mərhələyə keçib.

Bu həftənin əvvəlində ABŞ Ticarət Palatasının nümayəndə heyəti Azərbaycana səfər edib və Prezident İlham Əliyevlə görüş keçirib. Heyətdə "Apple", "Meta", "Visa", "Mastercard" və "Motorola Solutions" kimi şirkətlərin rəhbər şəxsləri yer alıb.

Bir gün sonra isə ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb. Bu sənəd Azərbaycanın rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün yeni imkanlar açır.

Xartiyaya əsasən tərəflər süni intellekt üzrə tərəfdaşlığı genişləndirməyi, rəqəmsal infrastruktura investisiyaları təşviq etməyi və Azərbaycanda özəl sektorla birgə AI əsaslı data mərkəzlərinin yaradılmasını dəstəkləməyi planlaşdırır. Eyni zamanda kosmik sənaye sahəsində əməkdaşlıq imkanları da nəzərdən keçirilir.

Sənəd birgə tədqiqat və inkişaf (R&D), texnologiyaların kommersiyalaşdırılması, kibertəhlükəsizlik və süni intellekt üzrə sektor təşəbbüslərinin yaradılması kimi mexanizmləri də əhatə edir. Məqsəd özəl kapitalı təşviq etmək, innovasiyaların riskini azaltmaq və yeni texnologiyaların bazara çıxışını sürətləndirməkdir.

Yüksək texnologiyalar ixracına doğru

Xartiyanın imzalanmasından cəmi iki gün sonra "Google" şirkəti ona məxsus "Gemini" süni intellekt modelinə Azərbaycan dilinin əlavə edildiyini açıqlayıb. Artıq Azərbaycan dili veb-versiyada aktivdir, mobil platformalarda (Android və iOS) tam dəstək mövcuddur və real vaxt rejimində danışıq imkanı verən "Gemini Live" funksiyası istifadəyə verilib.

Şirkət həmçinin "Nano Banana" və "Veo" kimi yaradıcı alətləri, eləcə də məhsuldarlıq və təhsili dəstəkləyən "Canvas", "Deep Research" və "Guided Learning" funksiyalarını Azərbaycan bazarına təqdim edib.

Bu addımlar Azərbaycanın qlobal texnoloji ekosistemə inteqrasiyasını gücləndirir. Bu isə, ölkənin xammal ixracatçısı kimi gələcəkdə texnologiya istehsalçısı və ixracatçısı kimi də mövqeyini möhkəmləndirilməsinə şərait yaradacaq.

Bu istiqamətdə konkret hədəflər də açıqlanıb. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən "Azərbaycanın yeni rəqəmsal arxitekturası" mövzusunda müşavirədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, ölkə informasiya və kommunikasiya texnologiyaları məhsullarının ixracını ən azı 10 dəfə artıraraq 1 milyard dollar və daha yüksək səviyyəyə çatdırmağı hədəfləyir.

Bütün bunlar göstərir ki, Azərbaycan qarşıdakı illərdə rəqəmsallaşma və süni intellekt sahəsində, xüsusilə Cənubi Qafqaz regionunda, lider mövqeyini möhkəmləndirmək niyyətindədir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
1
hurriyyet.az

2Mənbələr