AZ

"Makronla hər şeyi yenidən başlamaq razılığına gəldik" - İlham Əliyev

"Ötən ilin sonunda Prezident Makron ilə görüşüm oldu. Görüş çox müsbət keçdi".

Adalet.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Münxendə "France 24" telekanalının müxbirinə müsahibəsində deyib.

Dövlətimizin başçısı vurğulayıb ki, bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil:

"Bilirsiniz, Fransa ilə problemlərin kökü bizdən gəlmir. İkinci Qarabağ müharibəsindən əvvəl Fransa ilə çox yaxşı münasibətlərimiz var idi. Prezident Sarkozinin, Prezident Ollandın səfərləri olmuş, mənim Fransaya rəsmi səfərlərim həyata keçirilmişdir. Eyni zamanda, mən Prezident Makronun hakimiyyəti dövründə Fransaya səfər etmişəm. Bizim çox mehriban münasibətlərimiz olub, çox biznes fəaliyyəti aparılıb, 10-dan artıq qardaşlaşmış şəhərlərimiz olub. İkinci Qarabağ müharibəsi başlayan zaman biz ərazi bütövlüyümüzün bərpasına start verdik. Əfsuslar olsun ki, Fransanın mövqeyi heç cür anlaşılan deyildi. Çünki Fransa bir tərəfdən, ölkələrin ərazi bütövlüyünü müdafiə edir, - o, öz ərazi bütövlüyünü müdafiə etməyə səy göstərir, hazırda Danimarkanın, Ukraynanın ərazi bütövlüyünü müdafiə edir, - lakin əfsuslar olsun ki, onlar separatçıların tərəfini tutdular. Milli Assambleya və Senat separatçılara dəstək məqsədilə 10-dan artıq qətnamə qəbul edib və Ermənistanın özü tanımasa belə, sizin parlament hətta qondarma "Dağlıq Qarabağ"ı tanıyıb. Həmçinin hökumətlə münasibətlər gərgin idi. Lakin bir daha deyirəm, biz həmin gərginliyin mənbəyi olmamışıq. Biz, sadəcə öz suverenliyimizə hörmətlə yanaşmanı istəyirdik".

Müxbir: Axı, Siz çox ağır sözlərdən istifadə etdiniz…

Prezident İlham Əliyev: Bilirsiniz, ağır sözlərdən istifadəni mən başlamamışam. İstəyirəm tam əmin olasınız, Azərbaycanın atdığı addımlar yalnız cavab idi. Bizdə Fransa Prezidentinin və bir çox fransız rəsmilərinin, o cümlədən Senatınızın sədrinin, Milli Assambleyanızın sədrinin, tanınan şəxslərin dövlətimizi və şəxsən məni təhqir etmək üçün istifadə etdikləri ağır sözlərdən kataloqumuz var. Bundan əlavə, 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra və 2023-cü ildə antiterror əməliyyatından əvvəl xanım Pekres, cənab Barnye, cənab Retayyo kimi çox tanınan şəxslər, – bütün bu adlar auditoriyaya yaxşı məlumdur, – Qarabağa qeyri-qanuni səfərlər etmiş və separatçılara dəstək vermişlər. Bu, Azərbaycan dövlətçiliyinə açıq təhqir və tam hörmətsizlik əlaməti idi. Bizim tərəfimizdən deyilmiş sözlərin və ya atılmış addımların hamısı cavab olaraq baş vermişdir. Bəlkə də bu, ağır tərzdə olmuşdur. Ölçmək asan deyil. Lakin düşünürəm ki, bizim üçün vacib odur ki, qeyd etdiyiniz kimi, ötən ilin sonunda Prezident Makron ilə görüşüm oldu. Görüş çox müsbət keçdi və biz hər şeyi yenidən başlamaq razılığına gəldik. Biz buna hazırıq. Bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil. Bir daha deyirəm, bu, bizim təşəbbüs deyildi, lakin indi düşünürəm ki, hər iki tərəf, xüsusən də Ermənistan ilə Azərbaycan arasında artıq əldə olunmuş sülhdən sonra normal münasibətlərə daha çox hazırdır.

Müxbir: Beləliklə, nəticə olaraq, biz yaxın gələcəkdə Fransa Prezidenti ilə Sizin görüşünüzü gözləyə bilərikmi?

Prezident İlham Əliyev: Bəli, birmənalı olaraq. Yeri gəlmişkən, Kopenhagendə görüşümüz çox dostcasına keçdi. Əlbəttə ki, görüş baş tutduqdan bir neçə ay sonra heyətlərimiz arasında xeyli təmaslar olub. Onlar müntəzəm olaraq əlaqədədirlər. Bir neçə görüş baş tutub. Bəli, bəzi məsələlər hələ də qalır. Prezident Makron və mən onların hər iki tərəfdən həll olunmasını qeyd etmişik. Lakin bir daha anlamaq vacibdir ki, bu hərəkət qarşılıqlı olmalıdır. İki suveren dövlət kimi biz bir-birimizə hörmət etməliyik, hüquq sistemlərimizə hörmətlə yanaşmalıyıq və bir-birimizin işlərinə qarışmalı deyilik. Əgər sizin sözdən istifadə etsəm, Kaledoniya və sairə məsələləri biz birinci ortaya atmadıq. Məhz Fransa Qarabağ kimi daxili məsələmizə müdaxilə etməyə başladı. Bu, nəinki həmin mövzuya, hətta siyasi gündəliyimizə də şamil edildi. Bir sözlə, buna son qoyulmalıdır. Düşünürəm ki, hər iki tərəf bunu necə etməyi bilir.

Seçilən
37
3
adalet.az

10Mənbələr