Üstü əski əlifba ilə oyulmuş məzar daşlarına bir çox köhnə məzarlıqda, xüsusən Bakı kəndlərində rast gəlmək mümkündür. Yarı əyilmiş, sinə daşı çökmüş bu məzarların üzərindəki bu oyma yazılar həm də dövrün estetik tərzini xatırladan daş sənədlərdir.
Amma bu cür köhnə məzarların heç də hamısı “tarixi abidə” sayılmır. Onlara bu statusu vermək üçün bir neçə tələbə cavab verməsi lazımdır.
Bəs keçmişin daşlaşmış yaddaşı nə zaman tarixi-mədəni irsə çevrilir?
Azərbaycanda üstü əski əlifba ilə yazılmış məzar daşları avtomatik olaraq müəyyən müddətdən sonra tarixi abidə sayılmır. Onların “tarix və mədəniyyət abidəsi” kimi tanınması üçün rəsmi prosedurdan keçməsi lazımdır.
Qeyd edək ki, bu məsələ Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Qanun ilə tənzimlənir. Köhnə məzarlar barədə vətəndaş, yaxud bələdiyyə tərəfindən aidiyyəti quruma məlumat verilir. Tarixçilər, arxeoloqlar və sənətşünaslar məzarı araşdırır.
Məzarın üstündəki yazının dili və dövrü, üslub və ornamenti, daşın hazırlanma texnikası, məzarda uyuyan şəxsin tarixi rolu araşdırıldıqdan sonra onun yerli və ya dünya əhəmiyyətli olması müəyyən edilir. Qərar qəbul edilərsə, abidə dövlət reyestrinə salınır. Bundan sonra qorunma altına düşür və dağıdılması, toxunulması, quruluşunun dəyişdirilməsi qadağan olunur.
Qanunda konkret müddət göstərilməsə də dünya praktikasında adətən 100 ildən çox yaşı olan məzar daşları potensial tarixi abidə hesab olunur. Əhəmiyyətli şəxsə aid məzar (alim, din xadimi, ictimai xadim və s.) daha tez qoruma statusu ala bilər. Yəni əsas meyar məzarın yaşı yox, mədəni-tarixi dəyərdir.
Şəfiqə Şəfa, Bizim.Media