AZ

Ürəyinə danmışdı…

Son vaxtlar tez-tez ürəyindən şikayət edirdi:

– Nə sözümə, nə də giley-güzarıma, narahatçılığıma  baxmır, ümumiyyətlə, heç əhəmiyyət vermir də. Gözüm su içmir ürəyimdən. Göynüyür, nə istədiyini bilmirəm? Deyəsən, məni yarı yolda qoyacaq. 

Ha, ürək-dirək versək də, deyirdi ki, düzəlməyinə inanmıram. Ürək yaman şeydir, tutdu, buraxan deyil, heç düzələn də deyil. Böyür-başını düzəltməklə əvvəlki qaydasına düşəcək halı olmur, ölüncə davam edir.

Son görüşlərimizin biri Əmək, Müharibə və Silahlı Qüvvələr Veteranlarının Respublika Təşkilatında Lətif Şüküroğlunun kitabının təqdimatında olmuşdu. Tədbirə qızı Aygüllə təşrif gətirmişdi. – Yeni kitabım çıxıb, sənə də göndərəcəyəm. Ancaq xahiş edirəm, mənim bir istəyimi unutma, başıma bir şey gəlsə, Aygülə demişəm, zəng edəcək, bir xatirə yazıb Aygülə ver,  uzun illər bir-birimizi tanımışıq, ürəkdən gələn xatirələr ömrün davamıdır. Bəlkə, kitab hazırladılar, qoy yadigar qalsın. Aygül də eşidir söhbətimizi. – Nolub maşallah, özünü sıxma, hələ qabaqda nəvə toyları var, dedim. Başını yellədi: - Yox ey, dayı, (işdə mənə zarafatla belə deyirdi, axırda hamı mənə “dayı” deməyə başladı) vəziyyətim kritikdir. Ürəklə zarafat olmur, artıq gücünü itirib, hər şey keçib. Ancaq istəyimi unutma!

Narahat oldum. İlqarın belə kövrək danışması indi də yadımdan çıxmır, üzünün rəngi də yaddaşımdadır. Bəzən görürsən ki, söz adamın beynində ilişib qalır, tez-tez olub-keçənləri xatırladır.

Ötən ilin may ayının 2-də zəng eləmişdi. Azərbaycan Yazıçılar Birliyində yeni kitabının təqdimatı olmalıydı. Həmin gün mənim doğum günüm idi. Ailəvi tədbirlər rayonda nəzərdə tutulduğundan iştirak edə bilməyəcəyəm, dedim. Təbrik elədi: - Yadımdan çıxıb, deməsən, bilməyəcəkdim. Qocalırıq dayı, yaddaşımız da korlanıb. Eşitdim haqqında sənədli film çəkirlər. Hazıram, nə vaxt desən, gələrəm çəkilişə. Özün də bilirsən ki, sənin haqqında saatlarla danışaram.

Sözün düzü, film artıq yekunlaşmışdı. Nəzərdə tutulan həcmi də keçmişdi. Çəkilən materiallar nə qədər kəsilib doğransa da, yenə bir saatdan yuxarı çıxırdı. Ona görə də əksər dostların, münasibətdə olduğum yaxın tanışların çıxışlarını, ürək sözlərini eşidə bilmədik. Qəlbinə dəymək istəmədim İlqarın, dedim ki, hələ işlər davam edir. Fikirləşdim ki, qismət olsa yubiley günlərində çəkiliş aparılar, bəzi çıxışlarlardan müəyyən hissələri filmə salmaq mümkün olar. Lakin xırda problemlər ucbatından bu istəyimiz də baş tutmadı.

İkinci görüşümüz dostumuz Ramiz Şəmiyevin oğlunun toyunda oldu. Ancaq heç birimiz unamadıq ki, bu, bizim son görüşümüzdür. O, axır vaxtlar Göyçayın Mallı-Şıxlı kəndinə, doğma ata ocağına tez-tez gedirdi. Dediyinə görə, orada təsərrüfatı vardı. Atası dünyasını dəyişəndən sonra ailədə böyüklük edirdi. Hərdənbir telefon əlaqəmiz olurdu. İkinci görüşümüzdə də heç danışmadı (Ümumiyyətlə, İlqar yeyib-içən, söz deyə bilən adam idi), sakitcə oturmuşdu. Sağlıq deyən kimi əlində araq stəkanını ehmalca qaldırıb elə o təmkinlə də yerinə qoyurdu. Müsiqinin səs-küyündən çölə çıxdıq. Çay içdik. Orada da çox danışmadı, daha çox ətrafdakıları dinləyirdi. Sağollaşdıq, mənalı, fikirli baxışları bu gün də xatirimdədir. Bu, həm də bizim son görüşümüz oldu...

...İlqarı hələ “Yazıçı” nəşriyyatında işlədiyi vaxtlardan tanıyırdım. Mən də nəşriyyatdaistedadlı yazar, tanınmış ziyalı Zəkiyyə xanım Qiyasbəylinin rəhbərlik etdiyi publistika şöbəsində praktika keçirdim. İlqarla məniZəkiyyə xanım tanış eləmişdi. Hərdən koridora çıxıb siqaret çəkirdik, söhbət edirdik, yeni çıxacaq və ya artıq işıq üzü görmüşkitablardan danışırdıq. O, xeyli sayda kitabların redaktoru olmuşdu. Bir də görürdün, kitab müəlliflərindən biri gəlib, redaktəprosesində nədənsə narazıdır. İlqar təmkinlə ona izah eləməyə çalışırdı, səbəbini deyirdi. – Vallahi-billahi, llqar, bu bəlkə də dünyada ən çətin sahələrdən biridir. Yaradıcı insanlarla işləmək çox çətin olur. Hər sözün, hər sətirin davasını edirlər.

İlqar başını yelləyib: - Elşad, bəzən eləyazarlar gəlir, az qalırsan durub qaçasan, ya da oturduğun stulu vurasan başına. Neyləyəsən, işdir, gərək yola verəsən. İnan, elə olur ki, yazıları təzədən işləyirəm. Adı onların olur, əziyyətini biz çəkirik.

Sonralar ancaq dəniz kənarında, çayxanada rastlaşırdık. Qələm əhli o vaxtlar dəniz sahilində yeləşən çayxanaya yığışırdı. Kimi axtarsan, orada tapa bilərdin. Yarım saat sahildə gəzişir, adama pürrəngi çaydan bir armudu stəkan limonlu çay içib dağılışırdıq. 

İlqarın “Ay işığında” adlı ilk kitabı 1987-ci ildə çapdan çıxmışdı. Özü də oxucular maraqla qarşılanmışdı. Həmin illər yazı əhlinin arasında belə bir ənənə vardı. Kitabı çıxan müəllif mütləq şəkildə qonaqlıq verməli idi. Düzdü, mən o qonaqlıqda əsaslı səbəbdən iştirak edə bilməmişdim, ancaq birinci təbrik edənlər arasında olmuşdum.

Ailə qurandan sonra qayğılar çoxaldığından çayxanaya da, dəniz sahilinə də nadir hallarda gedirdik. Onu da deyim ki, keçən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəlləri keçmiş sovetlər ölkəsində aləm bir-birinə qarışmışdı, milli respublikalarda müstəqillik hərəkatı başlamışdı. Bədnam qonşularımız Ermənistandan 300 minədək azərbaycanlını öz tarixi torpaqlarından qovmuşdular. Keçmiş Dağlıq Qarabağda da, ətraf rayonlarda da azərbaycanlılara divan tutmuşdular. Onlar da dədə-baba ocaqlarından silah gücünə, həm də sovet əsgərlərinin gücü ilə çıxarılmışdılar. Yüzlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdi, yaralanmışdı, itgin düşmüşdü. Keçmiş sovet rəhbərliyinin siyasətinə qarşı Bakıda və digər şəhərlərimizdə mitinqlər, nümayişlər keçirilirdi. Belə mitinqlərdə İlqarla tez-tez rastlaşırdıq. O illərdə mən Məzahir Süleymanzadənin rəhbərlik etdiyi “Səhər” qəzetinin müxbiri idim, o isə Azərbaycan Yazıçılar Birliyinin Ədəbi Əlaqələr və Bədii Tərcümə Mərkəzində sədr müavini kimi rəhbər vəzifədə çalışırdı. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü idi. Respublika mətbuatında ədəbi-bədii və publisistik yazıları ilə çıxış edirdi.

1992-ci ilin yayında yenidən görüşdük. Bu dəfə keçmiş Azərbaycan Respublikası Dövlət Sərhədi Mühafizə Komitəsinin mətbuat şöbəsində. İlqar rahat vəzifəsini buraxıb hərbi xidmətə gəlmişdi, özü də könüllü. Heç kim onu məcbur etməmişdi.

Tanınmış şair, uzun illər dövlət televiziyasında hərbi proqramların məşhur aparıcısı, polkovnik Ramiz Duyğun mətbuat şöbəsinin rəisi, həm də “Sərhəd” qəzetinin baş redaktotu təyin olunmuşdu. Şöbədə tanınmış qələm əhli, yaradıcı əməkdaşlar çalışırdı. Qardaşxan Əzizxanlı, Lətif Şüküroğlu, İlqar Əhmədoğlu, Mirsaleh Axundlu, Mahir Cavadlı, Xatirə Sarıbalaqızı, Zərif Sədiqızı, Rəbiyə Şıxəliyeva, İbrahim İbadoğlu, rejissor Azər İbadov, rəssam Mirniyaz, video-operator Füzuli Zəkizadə və fotoqraf Elxan Bağırovu Ramiz Duyğun şəxsən özü seçmişdi. Mən də bu şöbədə hərbi xidmətə başladım. Hərbi xidmətdə olsaq da Ramiz müəllim şöbədə yaradıcı, sərbəst şərait yaratmışdı. Onu da deyim ki, “Sərhəd” qəzeti əlavə ştatlar açılmasın deyə şöbənin əməkdaşlarına həvalə olunmuşdu. Xidməti vəzifəmizin icrası ilə yanaşı, qəzetin ilk nömrələrinin hazırlanması prosesi gözümün qabağındadır. Hər bir əməkdaş müxtəlif bölgələrə ezam olunmuşdu. Mən cənub bölgəsinə, o cümlədən Lənkəran, Astara, Yardımlı, Çəlilabad, İlqar isə Cəbrayıl, Biləsuvar istiqamətinə getmişdik. Həmin ərazilərdə keçmiş sovet sərhədçiləri zastavaları, komendaturaları yeni fəaliyyətə başlayan müstəqil Azərbaycanın sərhədçilərinə təhvil verirdilər. Sərhəd qoşunlarının zabit heyəti çatışmadığından bizi, mətbuat şöbəsinin əməkdaşlarını da bu işlərə cəlb etmişdilər. Bəzən qəbul edilmiş zastava və komendaturaya şəxsi heyətin gəlməsi gecikdiyindən iki-üç nəfər  zastavada qalıb keşik çəkməli olurdu. Ən aşağısı 3-4 zastavada iki nəfərlə gecələməli olmuşuq. Təsəvvür edin, dövlət sərhədi, şəxsi heyət yoxdur, cəmi 2 nəfər xidmət göstərir. Yalnız bir neçə gündən sonra şəxsi heyət dövlət sərhədinə gəlir və xidməti vəzifələrini yerinə yetirməyə başlayırdılar. Bütün bu proseslər bizim gözümüzün qarşısında baş verib. Bu vəziyyəti İlqar da, Qardaşxan da, Mahir də, Lətif də, Azər də, Elxan da yaxından izləyir, yeri gələndə əsgər kimi dövlət sərhədinin mühafizəsində iştirak edirdilər. Müşahidələrin çoxu “Sərhəd” qəzetinin səhifələrində əks olunurdu. İlk illər ezamiyyətlərimiz çox olurdu. Özü də bu səfərlər asan keçmirdi. Yeni yaradılan sərhəd dəstələrində hələ problemlər çox idi. İlk sərhədçilər çox əziyyət çəkirdilər. Və gələnlərə, xüsusən də şöbəmizin əməkdaşlarına lazımi şərait yarada bilmirdilər. Hər şey imkanlar daxilində olurdu. Ancaq gənc sərhədçilər çətinliklərin öhdəsindən layiqincə gəlməyə çalışırdılar. Anlayırdılar ki, Vətənsərhədi burada bitir. Sərhədin o tayı başqa dövlətdir. Ayıq-sayıq olmalı, Vətənin sərhədlərini göz bəbəyi kimi qorumaq lazımdır. Digər əməkdaşlar kimi İlqarın da missiyası dövlət tapşırığını yüksək səviyyədə yerinə yetirən sərhədçilərin işini mətbuatda lazımi səviyyədə işıqlandırmaq idi. Hətta bir dəfə dəniz səviyyəsindən xeyli yuxarı ərazidə yerləşən zastavalara helikopterlə qalxan zaman böyük problemlər yaşanmışdı. İlqar da həmin helikopterdə olmuşdu. O, qayıdan da gördüyü məqamları qələmə almışdı. İlqarın “Sərhəd” qəzetinin səhifələrində kifayət qədər yazıları var. Müxtəlif ünvanlardan, yeni yaradılan sərhəd dəstələrindən, zastavalardan, komendaturalardan, cəbhə bölgəsindən, təlim mərkəzlərindən materiallar, reportajlar yazırdı. Hətta bu istiqamətdə yazdığı yazıları toplayıb kitab şəklində də dərc elətdirmişdi. O, həmin illər Dövlət Sərhədini Mühafizə KomitəsininYazıçılar Birliyi ilə birgə təşkil etdiyi müsabiqədə “Komandir qətiyyəti” adlı publisistik yazısı ilə mükafatçılar sırasına düşmüşdü.

Ümumiyyətlə, İlqar məhsuldar jurnalist idi. Həm də bədii yaradıcılıqla məşğul olurdu. “İtirilmiş sevgi”, “İstiqlalın sabahına doğru”, “Odlu ürəyin döyüntüləri” adlı bir-birindən maraqlı kitabları çap olunmuşdu. Hələ şəxsi arxivində çap olunacaq neçə-nəçə kitabların materialları vardı. Maraqlı tərcümələr edirdi.

...Onun özünəməxsus bir xüsusiyyətini danışmaq istəyirəm. İlqar ilk baxışdan qaraqabaq adam təsiri bağışlayırdı. Ancaq yaxınlaşdıqca, münasibətdə olduqca onun nə qədər zarafatcıl, güclü yumor hissi olduğunu görürdün. Özü də real həyatdan, o qədər əhvalatlar danışırdı ki, gülməkdən özünü gücnən saxlayırdın. Xüsusən də dostumuz Mehman Aşurovla bir yerdə olanda. Hər ikisi öz kəndlərindən o qədər maraqlı hadisələr danışırdılar ki. Həm İlqarın doğulduğu Göyçayın Mallı-Şıxlı, həm də Mehmanın boya-başa çatdığı Naxçıvanın Axamət kəndlərində baş vermiş gülməli, yumorlu hadisələr, konkret şəxslərin hərəkətləri barədə yalan olmasın, onlarla nümunələr bilirdik. Mənimhəmin kəndlərdə belə demək mümkünsə, “yumora gələn” şəxslərin adları barədə də məlumatım var. Ancaq etika xatirinə “yumora gələn adam”ların adlarını yazmaq istəmirəm. Kiminsə atası, kiminsə əmisi və yaxud yaxını ola bilər, belə zarafatları düzgün anlamaz, xətirlərinə dəyər. İnanın, danışılan o hadisələr qələmə alınsa, hərəsi sanballı bir əsərdir, hekayədir, komediyadır. İlqarın da, Mehmanın da müşahidə qabiliyyətləri güclü idi. Heç kimin görə bilmədiyi anları, məqamları, ən xırda cizgiləri belə görə bilirdilər. Hər ikisi hadisələri o qədər maraqla danışırdılar ki, gülməkdən özümüzü güclə saxlayırdıq. Halbuku bəzən onların danışdıqları hadisələrin və əhvalatlarınətrafında biz də olmuşduq. Bizim tuta bilmədiklərimizi onlar tutmuşdular. Onların danışdıqlarını başqaları danışanda, yaxud söyləyəndə o yumor, ya hadisə adiləşirdi, maraq kəsb etmirdi.

İndi də Mehmanı və İlqarı tanıyanlar həmin dadlı-duzlu söhbətləri xatırlayırlar. İlqar Mehmanı, Mehmangilin kəndində “yumora gələn adam”ın,  Mehman da İlqarı, İlqargilin kəndində “yumora gələn adam”ın adı ilə çağırırdı. Onlarla bir süfrədə oturanda kefimiz kökəlirdi. Bilirdik ki, o gün yaddaşımızda qalacaq, çünki danışdıqları real hadisələrə söykənən gülməcələr idi.

1993-cü ilin fevral ayında Ağdərə istiqamətində vəziyyət mürəkkəbləşdiyindən dövlət təhlükəsizliyi orqanlarının və sərhəd qoşunlarının rəhbərliyi tərəfindən xüsusi tədbirlər görülməyə başlanıldı. Eyni zamanda, yeni yaradılmış xüsusi təyinatlı dəstə cəbhə bölgəsinə ezam olundu. Onu da deyim ki, bu dəstənin tərkibində hər şöbədən əməkdaşlar vardı. Polkovnik Ramiz Duyğun məni və İlqarı çağırıb tapşırıqlar verdi: - Bizim şöbəni bu dəstədə Elşad və Azər İbadov təmsil edəcək. Döyüşçü kimi göndərirəm, ancaq bir şeyi unutmayın, imkan düşdükcə döyüşlərdən reportajlar, video materiallar hazırlayın. Hər gün bizə operativ məlumat göndərin. Sizi on beş gündən və ya bir aydan sonra İlqar əvəz edəcək. Bunu dəqiqləşdirəcəyik. Sonra Qardaşxan, Mahir, Lətif və digərləri növbə ilə bir-birilərini əvəz edəcəklər. Səni və İlqarı ona görə qabağa salıram ki, təcrübəniz var. Elşad, sən Sovet Ordusunun piyada qoşunlarının zabiti olmusan, sonra hərbi jurnalist kimi xidmətini davam etdirmisən. İlqar, sən isə sovet dönəmində “Vstrel” (Atəş) xüsusi hazırlıq kursunu bitirmisən. Digərlərinə nisbətən sizin cəbhə bölgəsinə getməyiniz daha düzgün olar. Ailələrinizə də indidən xəbər edin, sonradan problemlər olmasın.

Hər ikimiz Ramiz müəllimin bölgüsünə hörmətlə yanaşdıq. Biz cəbhədə olarkən İlqar tez-tez əlaqə saxlayır, həm bizdən, həm də cəbhədə baş verənlərdən xəbər tutmağa çalışırdı. Bizdən sonra növbə əsasında digər əvəzetmələr oldu. 

Ağdərə demişkən, yadıma bir əhvalat düşdü. Azərlə cəbhədən qayıtmışdıq, İlqar bizə qonaqlıq vermək istəyirdi. Nərimanov rayonu ərazisində ümumi tanışımız vardı, hərdən ona dəyir, bir tikə çörək yeyirdik. İş yerindən çıxıb metroya tərəf gedirdik. Hiss elədim ki, arxadan sərhəd qoşunlarında işləyən bir yaşlı qadın dabanbastı dalımızca gəlir və bizə çatmaq istəyir. Birdən İlqar geriyə döndü. – Elşad, dayan, qoy xanım gəlsin. Bu xanım baş leytenant Eldar Məmmədovun anasıdır, sərhəd qoşunlarının idarəsində işləyir. Eldar da cəbhədədir, bilir ki, siz cəbhədən gəlmisiniz, yəqin oğlundan xəbər bilmək istəyir.

Dayandıq. Xanım bizə çatdı, təngnəfəs olmuşdu. – Dalınızca az qala qaçıram, çata bilmirəm. Bilirəm, Ağdərədən yenicə gəlmisiniz. Qurbanın olum, Eldardan nə xəbər?

Azərlə bir-birimizin üzünə baxdıq. Dedik ki, Ağdərədə döyüşlər davam edir, Eldar da digər zabitlər kimi cəbhədədir. Ancaq bizimkilər hələlik ikinci eşalonda, ehtiyatda gözləyirlər. Ehtiyac yaranan kimi döyüşə girəcəklər. Düzü, yalan danışdım, istəmədim yaşlı ananı incidim. Əslində Eldar da qızğın döyüşlərin içində idi. İlqar ananı qucaqladı, yalan danışdığımı duymuşdu. Sağollaşıb ayrıldıq. İlqar kövrəlmişdi: - Yazıq ana, neyləsin? Bir oğlun olsun, o da odun-alovu içində.

Aradan bir-iki gün keçmiş Eldarın döyüşdə qəhrəmancasına ölüm xəbəri gəldi. Döyüşlərdə fərqləndiyinə görə ona Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adı verilmişdi. Dəfn günü Eldarın anası arxamızda dayanmışdı, için-için ağlayırdı: - Bəs deyirdin, Eldar ikinci eşalonda, ehtiyatda dayanıb?

Göz yaşlarımızı saxlaya bilmədik, dinməzcə Eldarın anasını qucaqladıq. Sözün bitdiyi yerdə, nə deyə bilərsən? Tək oğlunu itirmiş ananı necə ovuda bilərsən? Susduq...

Bir şöbədə (köhnə binada) işlədiyimiz günlərdə dünyalarını vaxtsız dəyişmiş bacım uşaqları Elmar və Anar yanıma tez-tez gəlirdilər. Elmar sərhədçi idi, o da hərbi xidmətini əvvəl cənubda, sonra isə şimalda davam etdirirdi. Anar hələ Rusiyaya getməmişdi, Bakıda yaşadığından hərdən nahar vaxtı yanıma gəlirdi. Nahara İlqarla birlikdə çıxırdıq. Dəniz sahilində gəzişir, bir tikə çörək yeyib işə qayıdırdıq. İlqar bacım uşaqlarını yaxından tanıyırdı, bəzən mənsiz onlarla ünsiyətdə olurdu. – Allah qorusun, deyirdi, çox tərbiyəli, qanacaqlı uşaqlardır, elə bilirəm, mənim bacımın uşaqlarıdır. Əvvəl Anarın faciəli şəkildə ölümü, dalınca Elmarın dünyasını dəyişməsi ona da təsir eləmişdi. Yadıma Elmarla bağlı bir məsələ düşdü. Onda Elmar ali məktəbi təzəcə bitirmişdi, hələ isləmirdi. Belə qərara gəldik ki, xahiş üçün Tahir müəllimin yanına gedək. Polkovnik Tahir Kazımov hörmətli yazıçı idi, uzun illər idi ki, polis orqanlarında işləyirdi. İlqar hələ nəşriyyatda işləyəndə onun kitablarının redaktoru  olmuşdu. Möhkəm dostluq edirdilər. Həmin vaxt Tahir müəllim metro polisinin rəisi vəzifəsində çalışırdı. Bizi hörmətlə qarşıladı. Xidməti işlə əlaqədar kənara çıxa bilməyəcəyini söylədi, elə kabinetindəcə qələm əhlinə məxsus süfrə açdırdı. Əvvəl təzə yazdığı romanından hissələr oxudu, fikrimizi soruşdu. Sonra çörək kəsdik, Allah verəndən yedik. Tahir müəllim sonda gəlişimizin məqsədini soruşdu və kömək edəcəyinə söz verdi. Lakin Elmar sərhəd qoşunlarına hərbi xidmətə qəbul olunduğundan Tahir müəllimə üzrxahlıq etdik. Bu hadisəni xatırlamağımın səbəbi var, İlqar istəsəydi heç Tahir müəllimlə yaxınlığı barədə söz salmazdı və yaxud, heç getməzdi. Bu da onun xeyirxahlığından, mənə və bacım uşaqlarına olan diqqətindən, hörmətindən irəli gəlirdi... 

Sonrakı günlərdə Dövlət Sərhədini Mühafizə Komitəsi ləğv edilərək keçmiş Milli Təhlükəsizlik Nazirliyinin tərkibinə verildi. Mən nazirlikdə başqa sahəyə keçirildim. İlqar mətbuat xidmətində işini davam etdirməyə başladı. Hətta mətbuat xidmətinin rəisinin müavini – “Sərhəd”qəzetinin baş redaktor müavini vəzifəsinə təyin olundu. İlqar uzun müddət bu vəzifədə çalışdı. Hərdən mən işlədiyim şöbəyə gəlir, özü demişkən, dərdləşirdik. Bəzən də çox narahat halda gəlirdi, kim idisə daim onu narahat edirdi. Haqqında İlqara dəxli olmayan məsələlər barədə yuxarı instansiyalara böhtan dolu ərizələr yazılırdı. O, bundan çox əsəbiləşir, məsləhətə gəlirdi. İlqarın necə əzab çəkdiyini görürdüm. Sakitləşdirməyə çalışırdım. Bir neçə dəfə bu ərizələrin əsassız olması barədə rəhbərliyə də məruzə eləmişdim. Yoxlamaların nəticəsi də İlqarın günahsız olduğunu sübut edirdi. Axır ki, onun bir sonu oldu, ancaq İlqar bu əsasız şikayətlərdən bərk stress keçirmişdi.

İlqarın işinə olan münasibətini nəzərə alaraq, onu qurumda yeni yaradılan mətbəəyə rəis vəzifəsinə təyin etdilər. Bu iş İlqara çox doğma idi. Uzun müddət nəşriyyat-mətbəə sistemində çalışdığından bu sahədə böyük təcrübəsi vardı. Onun bacarığı sayəsində yeni, müasir avadanlıqlarla təmin edilmiş mətbəə yarandı. İxtisaslı, gənc mütəxəssisləri cəlb edərək işə başladı. Açığı, bu işlərdə də çətinliklərlə üzləşirdi. Ancaq o, bu sədləri də səhhəti bahasına keçə bildi. Az müddət ərzində qurumda  spesifik və xüsusi əhəmiyyətli ədəbiyyatların çapına başlanıldı. Özü də yüksək keyfiyyətlə. Onu da deyim ki,adı nəşriyyat olsa da, əslində bu sahə mətbəə kimi yaradılmışdı. Belə olan halda mətbəəyə hazır material daxil olur və çap olunur. Mətbəə rəhbərliyi kitabda gedən səhvlər barədə məsuliyyət daşımır. Ancaq nəşriyyat olduqda materiallar müəllifdən, ya da struktur bölmələrdən qəbul edilir, üzərində işlənilir, redaktə olunur və çap edilir. Yəni bütün proseslər, redaktədən tutmuş tərtibatına, korrekturayadək, materialın çap olunub işıq üzü görməsinə qədər nəşriyyat məsuliyyət daşıyır.

Ancaq İlqardan həm də redaktor kimi tələb edirdilər. Gedən səhvlər barədə mətbəəyə materialları təqdim edən aidiyyəti qurumu deyil, mətbəəni günahlandırırdılar. Belə məqamlarda bizim müdaxiləmizə ehtiyac yaranırdı. Mətbuatdan gəlmiş əməkdaş kimi məndən də bu proseslər barədə soruşurdular. Məruzədən sonra hər şey qaydasına düşürdü. Axırda rəhbərlik tapşırıq verdi ki, mətbəəyə daxil olan materiallar mətbəənin işçiləri tərəfindən oxunmalı, redaktə olunmalı, sonra çap edilməlidir. Eyni zamanda, quruma nəşriyyat statusu verildi.

Hərdən işinə mane olanlar olurdu, əsəbiləşirdi. Yanıma qalxırdı, ilk vaxtlar bəzi məsələləri rəhbərliyə düzgün məruzə etmirdilər. Hər şey aydınlaşan kimi rahat nəfəs alırdı. Çox həssas, hər şeyi ürəyinə salırdı. Onun işə cəlb elədiyi gənclər bu gün də uğurla çalışır, vəzifələrin öhdəsindən ləyaqətlə gəlirlər. Bir dəfə mənim nəşriyyatda kitabım çap olunurdu. Onda artıq İlqar istefada idi. Bəzi məqamlar barədə fikir müxtəlifliyi vardı. Mətbəəyə getdim, suallara aydınlıq gətirldi. Orda bir məqam diqqətimi cəlb elədi. İlqarın qoyduğu üsul-idarə hələ də işləyirdi. Çünki hərbi xidmətdən fərqli olaraq, mətbəənin, nəşriyyatın öz iş üslubu var, bunları uyğunlaşdırmaq lazımdır. İlqar bunu bacarmışdı və hətta ehtiyata buraxıldıqdan sonra da orada bu abı-hava davam edirdi. İlqar bu sahədə uğurlu işlər görmüşdü. İndi də köhnə iş yoldaşları, onun tabeçiliyində işləyənlər İlqar Əhmədoğlunu, keçmiş rəhbərlərini hörmətlə xatırlayırlar.

Ailəsini, balalarını çox istəyirdi. Hərdən qayğılar barədə danışanda hiss edirdin ailəsinə, balalarına bağlılığını. Övladları doğrudan da çox ağıllı, tərbiyəli, savadlı uşaqlardı. Ata yurdu Mallı-Şıxlıdan da əl çəkə bilmirdi. Deyirdi ki, kəndimiz isti bölgədə olsa da orada rahat nəfəs alıram. Şəhər məni boğur, kənddə özümü yaxşı hiss edirəm. Hərbi xidmətdən ehtiyata buraxılandan sonra Mallı-Şıxlıya tez-tez gedirdi. Ata ocağı onu maqnit kimi çəkirdi. Mallı-Şıxlı ilə bağlı maraqlı tarixi söhbətlərimiz olurdu. Ümumiyyətlə, Cənubi Qafqazda Şıxlı adında çoxlu sayda kəndlər mövcuddur. Bəzi kəndlərin adları fərqli olsa da əhalinin əslən Qazax mahalının Şıxlı-İncəli-Salahlı kəndlərindən olduqları bəllidir. Həmin mövzu mənim üçün də maraqlı olduğundan bu məsələni İlqarla tez-tez müzakirə edirdik. Mən Qərbi Azərbaycanın Körpülü kəndində anadan olmuşam, orada böyümüşəm. Bizim kəndin əhalisi də Körpülüyə Qazax mahalının Şıxlı-İncəli-Salahlı kəndlərindən köç ediblər. İlqar danışırdı ki, Mallı-Şıxlının tən ortasından balaca bir cığır keçir, sanki kəndi ikiyə bölür. Ağsaqqalların dediyinə, kəndin bir hissəsinə Qazax mahalının Şıxlı-İncəli-Salahlı, digər hissəsinə isə Qarabağdan və digər bölgələrdən köç ediblər. Arada danışırdıq ki, adını çəkdiyimiz tarixi yerlərə imkan olsa birlikdə səfər edərik. Təəssüflər olsun ki, bizim bu niyyətimiz baş tutmadı. Qayğılar, problemlər, səhhət və s. bu səfərə mane oldu. Sonra da qəfil xəbər hamımızı sarsıtdı. İlqar dünyasını vaxtsız dəyişdi. Hadisədən bir gün öncə gecə vaxtı gənc dostumuz Sahib zəng etdi ki, İlqar müəllimin vəziyyəti yaxşı deyil, hospitalda, komadadır. Səhər də boğuq səslə xəbər elədi ki, İlqar müəllim bu dünya ilə vidalaşdı. Ürəyi vəfasız çıxdı, o da İlqarıapardı. Elə hospitaldan birbaşa Göyçaya, İlqarın çox sevdiyi Mallı-Şıxlı kəndinə apardılar. Mən dəfnə çata bilmədim. Üç mərasiminə getmək üçün dostlarla danışdım, hərə də bir problem çıxdı. Gecə ikən dostumuz, iş yoldaşımız, şair-jurnalist Mahir Cavadovla telefon əlaqəsi saxladım. Dedi ki, İstanbuldayam,  müalicəm bu gün bitib, gecə Bakıya uçuram. Səhər saatlarında Bakıda olacam. Səhər saat 7-də görüşək, gedək Mallı-Şıxlıya. Uzun illər bir yerdə işləmişik, dostluq etmişik, çörək kəsmisik. Mütləq gedək, Elşad ancaq mən uzaq yola maşın sürə bilmərəm. Sənin maşınınla gedək.

Açığı, Mahirin səhhəti məni çox narahat elədi. Onu bu fikrindən döndərməyə çalışsam da, alınmadı. – Tək getmə, mən də səninlə gedəcəyəm. Narahat olma, yaxşıyam.

Səhər tezdən görüşdük. Mahir heç bir-iki saat yatmamışdı. Göyçaya, Mallı-Şıxlıya yola çıxdıq. 2 saata yaxın vaxtda Mahirlə İlqarlı günlərimizi, sərhəd qoşunlarında, sonra dövlət təhlükəsizliyi orqanlarında çalışdığımız vaxtları, onun real həyata söykənən yumorlu söhbətlərini xatırladıq. Danışmaqla, xatırlamaqla bitmədi söhbətlərimiz, birdi, ikidi, ondu, on beşdi... Mallı-Şıxlıda İlqarın oğlu Məhəmmədlə, qardaşları və digər yaxınları ilə görüşdük. Məhəmməd hələ çox cavandır, ancaq, maşallah, dərrakəli oğlandır. İnanıram ki, atasına layiq övlad olacaq, onu əməlləri ilə yaşadacaq. Anasına, bacılarına, doğmalarınaİlqar kimi qayğı göstərəcək. 

İlqarın son kitabı “Məndən sonra” (2025) adlanır. Danışmışdıq, kitabı mənə də göndərəcəkdi, daha doğrusu görüşüb vercəkdi. Qayğılar səbəbindən görüşə bilmədik. Sağ olsun, Aygül balamızı, atasının sonuncu kitabını mənə çatdırdı. Aygülü göz yaşları boğmuşdu. – Elşad əmi, atamın sizə böyük hörməti vardı. Sizdən çox razı idi. Həyatında baş vermiş bəzi məqamları evdə danışmışdı. Ailəmizin də sizə böyük sayğıları var. Ancaq kitabının adının “Məndən sonra” qoymasını heç istəmirdim, ürəyim çox narahatıydı. Çox çalışdım, başqa adla dərc olunsun, alınmadı. Özü belə istəyirdi.

“Məndən sonra”nı elə Aygüldən götürdüyüm gün bir nəfəsə oxudum. Ciddi, həyatla səsləşən əsərdir, İlqar Əhmədoğlu qələminə layiqdir. Hər sözü, hər abzası, hər sətiri oxuduqca anladım Aygülü. İlqar ölümə, haqq dünyasına hazırlaşırmış. Bu da İlqar Əhmədoğlu nağılı. Ancaq bütün kitablarda nağılların sonu olur. İnanıram ki, İlqar Əhmədoğlu nağılının sonu olmayacaq. Çünki onun gözəl ailəsi, balaları, nəvələri, dostlarıvar. Onlar heç vaxt İlqar Əhmədoğlu nağılının bitməsinə imkan verməyəcəklər, dünya durduqca yaşadacaqlar.

Kitabın “Portret cizgiləri” hissəsində üç nəfər, tanınmış şair, gözəl insan, hər ikimizin rəisi olmuş polkovnik Ramiz Duyğunun 80 illiyinə  həsr olunmuş “Yüzüncü bahara doğru”, mənimlə bağlı qələmə aldığı “Mənim tanıdığım Elşad Qoca” və Əmək, Müharibə və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, istefada olan polkovnik Cəlil Xəlilov haqqında “Uzaq Pamirdən Azərbaycan sərhədlərinə doğru” publisistik yazıları verilmişdir. Düzü, İlqarın bu seçimi məni duyğulandırdı. Burada başqaları da ola bilərdi. Ancaq biz olduq. Bu da görünür, nəsə deyir. Ölümə  hazırlaşan İlqar Əhmədoğlu son kitabında bizi, sadə, xeyirxah, gözəl insan Ramiz müəllimi, dostumuz Cəlil Xəlilovu və məni də yada salmağa vaxt tapmışdı. Yeri behişt olsun!

Bir məqamı qeyd etmək istəyirəm. İlqar Əhmədoğlunun doğum gününü həmişədostları, iş yoldaşları ilə iyul ayında keçirmişik. Aygül qızımızla söhbət zamanı İlqarın doğum tarixinin iyulda deyil, aprel ayında olduğunu bildirdi. Sadəcə valideynləri doğum haqqında şəhadətnamə alanda müvafiq qurum sənəddə “aprel” əvəzinə “iyul” kimi qeyd edib. İlqar özü də yubileyinin aprel ayında qeyd olunmasını istəyirmiş. Maraqlıdır, İlqar bu məsələyə heç vaxt fikir verməmişdi. Doğum gününü, yubileylərini həmişə iyul ayında keçirmişdi. Bəs görəsən, bu fikir haradan qaynaqlanmışdı? Mənə elə gəlir ki, İlqar ürəyinin vəfasızlığından bu fikrə düşübmüş. Tələsirmiş. Tələşirmiş ki, 70 illik yubileyini ailəsi, əzizləri, yaxınları və dostları ilə birgə keçirə  bilsin. Qismət olmadı.  

Bu il dövlət təhlükəsizliyi orqanlarında şərəfli yol keçmiş, istefada olan polkovnik, yazıçı-tərcüməçi, publisist İlqar Əhməd oğlu Quliyevin 70 yaşı olacaqdı, ömür vəfa etmədi.Yubiley yaşını onsuz qeyd etməli olacağıq. Ancaq ruhu əzizləri, yaxınları, dostları ilə birgə olacaq. Ruhu şad olsun!

Elşad QOCA,

Bakı, fevral ayı

 

Seçilən
101
redaktor.az

1Mənbələr