AZ

“Sabah”a üç qol vurmaq üçün maksimum 32 dəqiqə lazımdı

Futbol üzrə ölkə çempionatında 19-cu tur geridə qaldı. Turla bağlı başqa məqamlara keçmədən xatırladaq ki, oyunları cəmi 4061 azarkeş izlədi ki, bu da cari mövsümdəki ən aşağı göstəricidi.
“Sabah” açıq-aşkar çempionluq inadı və əzmi ilə oynayır. Açığı, indiki məqamda “bayquşlar”ın qarşısını ala biləcək qüvvə də görünmür. Dambrauskasın komandası qəribə qrafik üzrə irəliləyir, hər oyunda ilk üç qolu vurmaq üçün vaxtı azaldır. Təsəvvür edin ki, “Sabah” 17-ci turda “Karvan-Yevlax”ı ilk 32, 18-ci turda “Zirə”ni ilk 27 dəqidədə üç dəfə məyus etmişdisə, “Araz-Naxçıvan”la oyunda buna nail olmaq üçün cəmi 16 dəqiqə kifayət etdi. Artıq əminliklə demək olar ki, “Sabah” çempionluq yolunda əsas favoritdi və “Qarabağ” düşərgəsinin həyəcanlanması üçün tam əsas var.
Turun ən maraqlı qarşılaşmasının Sumqayıtda olduğunu desəm, yəqin ki, razılaşarsız. Bir-birindən gözəl 5 qol vuruldu, sonda “Zirə” qələbə qazandı. 5 oyunluq qələbəsiz seriyaya son qoyan “qartallar” kubok oyunundan dərs çıxarmışdı. “Sumqayıt” isəməğlub olsa da, hələ də avrokuboklara vəsiqə uğrunda mübarizənin içindədi.
“İmişli” – “Kəpəz” oyununda qeydə alınan qolsuz heç-heçəni əslində hər iki komanda üçün qazanc saymaq olar. Axı tərəflərin əsas məqsədi elitada yerini qorumaqdı. Bu başqa məsələ ki, “İmişli” qonaqlarına hörmət etmir. Belə stadiona ancaq mal-qara buraxmaq olar ki, otlasın. Halbuki burda peşəkar futbolçular azı iki həftədən bir futbol oynayırlar. Oyun bəlkə də maraqlı olardı, amma qazon amili imkan vermədi.
“Turan Tovuz” - “Karvan-Yevlax” oyununda isə qazon problemi olmasa (axı tovuzlular Bakıdadı, mühacir həyatı yaşayır…) da, oyun baxımından azarkeşlər həzz ala bilmədi. İlk yarıda hesabı açan “Turan Tovuz”un bir neçə qol imkanı, tirdən qayıdan üç zərbəsi olsa da, minimal hesablı qələbə qazandı. Yevlaxlıların bu gedişlə gözünü 1-ci liqada açacağını dəfələrlə yazmışıq ki, bu da növbətisi olsun!
Fevralın 10-da “Qarabağ” “Şamaxı”nın qonağı oldu. Oyun 14.30-da başlamalıydı, amma 20 dəqiqə yubandı. Hər dəqiqənin, hər anın öz hökmünün olduğunu anlayan Qurban Qurbanov da qarı təmizləyənlərə kömək edirdi. Şaxtalı havada və sərt mübarizə şəraitində keçən oyunun sonluğu çox dramatik alındı, cərimə zərbəsindən möhtəşəm qol vuran Montiel Duranın da fərqlənməsinə şərait yaratmaqla faktiki “Qarabağ”ı da çempionluq yarışında saxladı. “Nyukasl”la vacib duel ərəfəsində liderdən 6 xal geri düşmək ağdamlıların düşərgəsindəki mənəvi-psixoloji gərginliyi bir qədər də artıracaqdı.
Turun son oyununda isə Yuri Vernidubun gəlişindən sonra məğlubiyyət nə olduğunu bilməyən “Neftçi” qış fasiləsindən sonra yaxşı sürət yığan “Qəbələ”ni qəbul etdi. İlk yarıda “Neftçi” nə qədər üstün oldusa, fasilədən sonra da qonaqlar bir o qədər seçildi. Şanslardan yararlana bilməyən “Qəbələ” meydandan xalsız ayrıldı. “Neftçi” isə xal sayını 27-yə çatdırmaqla “Araz-Naxçıvan”ın qərarlaşdığı 6-cı pilləyə şərik oldu. Daha bir qələbə “ağ-qaralar”ı “avrokubok zonası”na çox yaxınlaşdıracaq.
Misli premyer-liqası
2-ci dövrə, 19-cu tur
8 fevral
Sabah – Araz-Naxçıvan 4:1
Sumqayıt - Zirə 2:3
9 fevral
İmişli - Kəpəz 0:0
Turan Tovuz – Karvan-Yevlax 1:0
10 fevral
Şamaxı - Qarabağ 1:2
Neftçi - Qəbələ 1:0
1. Sabah 19 14 4 1 40-12 46
2. Qarabağ 19 13 3 3 35-13 42
3. Turan Tovuz 18 10 3 5 22-14 33
4. Zirə 19 8 8 3 27-20 32
5. Sumqayıt 19 9 3 7 31-26 30
6. Araz-Naxçıvan 19 7 6 6 28-35 27
7. Neftçi 19 6 9 4 25-17 27
8. Şamaxı 19 6 5 8 21-24 23
9. İmişli 19 4 7 8 18-24 19
10. Qəbələ 18 4 2 12 18-24 14
11. Kəpəz 19 4 1 14 13-41 13
12. Karvan-Yevlax 19 1 3 15 13-41 6
Bombardirlər: Coy-Lens Mikels, Velko Simiş (hər ikisi “Sabah”) - 9.

Seçilən
56
football-plus.az

1Mənbələr