AZ

“Ali təhsil müəssisələrində kurikulumlar yenilənməlidir” -Vüsalə Ağabəyli

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda fəaliyyət göstərən ali məktəblər, eyni zamanda, dövlət xətti ilə xaricə göndərilən tələbələr süni intellekt üzrə peşəkarlığı artırmalıdırlar.

Filologiya elmləri doktoru, dosent Vüsalə Ağabəyli Redaktor.az-a açıqlamasında bildirdi ki, Prezident İlham Əliyevin süni intellektin təhsil sahəsində rolu ilə bağlı səsləndirdiyi fikirləri olduqca aktual və strateji baxımdan vacibdir:

"Müasir dünyada süni intellekt artıq sadəcə texnoloji yenilik deyil, iqtisadi inkişafın, elmi tərəqqinin və milli rəqabət qabiliyyətinin əsas istiqamətlərindən birinə çevrilib. Bu baxımdan ali məktəblərimizin və dövlət xətti ilə xaricdə təhsil alan tələbələrimizin bu sahədə peşəkarlığının artırılması zamanın tələbidir.
Mənim fikrimcə, ilk növbədə ali təhsil müəssisələrində kurikulumlar yenilənməli, süni intellekt, maşın öyrənməsi, böyük verilənlərin analizi və rəqəmsal transformasiya kimi istiqamətlər üzrə müasir və praktik yönümlü fənlər genişləndirilməlidir. Tədris yalnız nəzəri biliklə kifayətlənməməli, tələbələr real layihələr, laboratoriya işləri və tətbiqi tapşırıqlar vasitəsilə bacarıqlar qazanmalıdırlar. Eyni zamanda, süni intellekt fənni yalnız texniki ixtisaslarda deyil, humanitar və sosial sahələrdə də inteqrativ şəkildə tədris olunmalıdır. Çünki gələcəyin mütəxəssisi həm texnologiyanı bilməli, həm də onun sosial və mədəni təsirlərini dərk etməlidir. Digər mühüm məsələ akademik heyətin ixtisasartırmasıdır".

Müsahibimiz vurğuladı ki, müəllimlərin beynəlxalq təlim proqramlarına və elmi əməkdaşlıqlara cəlb olunması, qabaqcıl təcrübənin ölkəmizə gətirilməsi tədrisin keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldə bilər:

"Kadr təkmilləşməsi məsələsi xüsusi diqqət tələb edir. Mövcud akademik və inzibati heyətin bu sahədə bilik və bacarıqlarının artırılması üçün davamlı ixtisasartırma proqramları təşkil olunmalıdır. Müəllimlərin beynəlxalq təlimlərə, sertifikasiya proqramlarına və elmi-tədqiqat layihələrinə cəlb olunması vacibdir. Çünki yüksək səviyyəli mütəxəssis hazırlamaq üçün ilk növbədə güclü akademik baza və peşəkar müəllim heyəti formalaşdırılmalıdır. Bununla yanaşı, universitet–sənaye əməkdaşlığı gücləndirilməli, tələbələr texnologiya şirkətləri ilə birgə layihələrdə iştirak etməlidirlər. Bu, onların əmək bazarına daha hazır şəkildə daxil olmalarına şərait yaradacaq.
Dövlət xətti ilə xaricdə təhsil alan tələbələr üçün isə əsas məqsəd yalnız diplom əldə etmək deyil, innovativ bilik və tədqiqat təcrübəsinin ölkəyə transferidir. Qayıtdıqdan sonra onların elmi-tədqiqat və innovasiya mühitinə inteqrasiyası təmin olunmalı, yeni layihələrin və startapların yaranmasına şərait yaradılmalıdır.

Eyni zamanda hesab edirəm ki, süni intellekt sahəsində etik və hüquqi aspektlər də diqqət mərkəzində saxlanmalıdır. Texnologiyanın məsuliyyətli istifadəsi, məlumat təhlükəsizliyi və akademik dürüstlük məsələləri paralel şəkildə tədris olunmalıdır. Ümumilikdə, süni intellekt sahəsində peşəkarlığın artırılması kompleks yanaşma tələb edir. Müasir kurikulum, güclü akademik baza, beynəlxalq əməkdaşlıq və innovativ düşüncə mühiti formalaşdırılarsa, Azərbaycan bu sahədə regionda lider mövqeyə yüksələ bilər. Mən bu istiqamətdə atılan addımları yüksək qiymətləndirir və onların davamlı şəkildə inkişaf etdirilməsini vacib hesab edirəm".

Aytəkin TOFİQQIZI

Seçilən
119
1
redaktor.az

2Mənbələr