AZ

Bir əsrlik səsin, yetmiş illik ekranın mədəni irs və tarix salnaməsi

Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Mahir Qəribov,

Tarix üzrə fəlsəfə doktoru

Azərbaycan mediasının tarixində bu iliki əlamətdartarixi hadisə, Azərbaycan Teleradiosunun 100 illiyi və Azərbaycan Televiziyasının 70 illik yubileyi qeyd olunur. Bu tarix təkcə informasiya vasitəsinin yubileyi yox, milli dövlətçilik düşüncəsinin, ictimai şüurun, tarixi yaddaşın, milli-mənəvi dəyərlərin formalaşma və inkişaf salnaməsidir. Bir əsrlik səs və yetmiş illik ekran nümunəsi zamanın sərt sınaqlarından keçərək milli ideyanın carçısına çevrilmişdir.

“Danışır Bakı” sədası,1926-cı ildə efirə yayılan ilk radio siqnalı Azərbaycan insanının dünyaya ünvanlanan səsi oldu. Bu səs çətin və mürəkkəb dövrlərdə xalqın mənəvi dayağına çevrildi. Müharibə illərində ruh yüksəkliyi, quruculuq mərhələsində inam və ümid, müstəqillik dövründə isə azadlıq və suverenlik ideallarının ifadəçisi oldu. Radio dalğaları ilə yayılan söz milli dilin saflığını qorudu, ədəbi normaların formalaşmasına xidmət etdi və maarifçilik ənənələrinin genişlənməsinə mühüm töhfə verdi.1956-cı ildə isə Azərbaycan Televiziyasının yayımı ilə səsə görüntü də əlavə olundu və ekran xalqın güzgüsünə çevrildi. Bu güzgü təkcə hadisələri əks etdirmədi, həm də ictimai fikri formalaşdırdı. Televiziya illər boyu siyasi prosesləri, elmi nailiyyətləri, ədəbiyyat və incəsənət nümunələrini, milli-mədəni irsi tamaşaçıya sistemli və dolğun şəkildə təqdim etdi. Azərbaycan Televiziyası milli-mənəvi dəyərlərin qoruyucusu və maarifçilik missiyasının aparıcı daşıyıcısı kimi formalaşdı.

Bu gün Azərbaycan Televiziyası və Radio Verilişləri QSC müasir texniki baza, peşəkar jurnalist korpusu və yaradıcı kollektivlə fəaliyyətini davam etdirir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətləri milli maraqların qorunması, tariximizin düzgün təqdimatı, vətənpərvərlik ruhunun gücləndirilməsi, multikultural dəyərlərin təşviqi, efir siyasətində öz dolğun əksini tapır. Qlobal informasiya müharibələrinin intensivləşdiyi bir dövrdə Azərbaycan Teleradiosu informasiya təhlükəsizliyinin təmin olunmasında etibarlı dayaqlardan biri kimi çıxış edir.

İctimai-siyasi məzmunlu verilişlər içərisində “Həftə” proqramı xüsusi yer tutur. Bu veriliş aktual məsələlərin dərin təhlilini apararaq dövlət siyasətinin mahiyyətini izah etməklə yanaşı hadisələri milli maraqlar kontekstində şərh edir və tamaşaçı üçün həm informativ, həm də analitik platforma yaradır.

Mədəniyyət kanalında yayımlanan “Tarixin izi ilə” proqramı isə milli tariximizin müxtəlif mərhələlərini sənədli faktlar və mütəxəssis rəyləri əsasında təqdim edərək keçmişlə bu gün arasında elmi əsaslı körpü qurur. “Türk yurdu” ortaq türk kimliyi və tarixi-mədəni bağlar fonunda inteqrasiya ideyasını möhkəmləndirir. “Anın tarixi” zamanın yaddaşını xronoloji ardıcıllıqla canlandırır, “Vətənim” isə milli irsimizi, görkəmli şəxsiyyətlərimizi və maarifçi ənənələri geniş auditoriyaya tanıdır. Bu layihələr vətəndaşlıq şüurunun və milli kimliyin formalaşmasında mühüm rol oynayır.

44 Günlük Vətən müharibəsindən sonra hazırlanmış sənədli filmlər isə Zəfər salnaməsinin ekran təcəssümünə çevrilmişdir. Şəhidlərin xatirəsi, qazilərin qəhrəmanlığı, ordumuzun şücaəti və Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Qələbənin siyasi-strateji əhəmiyyəti sənədli faktlar əsasında təqdim olunur. Bu ekran əsərləri həm milli qürur mənbəyi, həm də gələcək nəsillər üçün dəyərli arxiv materialıdır.

Azərbaycan Televiziyasının son illərdə həyata keçirdiyi mühüm layihələrdən biri də “Azərbaycan Atabəyləri” bədii-sənədli filmidir. Bu ekran əsəri Azərbaycan dövlətçilik tarixinin mühüm mərhələlərindən birini, Atabəylər dövlətinin siyasi və mədəni yüksəliş dövrünü elmi mənbələrə əsaslanaraq bədii-estetik formada tamaşaçıya təqdim edir. Filmin Azərbaycan Televiziyasında hazırlanması və Heydər Əliyev Mərkəzində nümayişi onun ictimai və elmi əhəmiyyətini bir daha təsdiqlədi. Bu layihə tarixi irsin ekranlaşdırılması sahəsində mühüm addım olmaqla yanaşı, milli dövlətçilik ənənələrinin təbliğinə xidmət edən sanballı mədəni hadisə kimi qiymətləndirilməlidir.

Azərbaycan Televiziyasının efir məkanınayenitəqdim olunan “Tarixin oyunu” intellektual yarışma proqramı isə milli maarifçilik ənənələrinin müasir formada davamıdır. Bu layihə tarixi yaddaşın sistemləşdirilməsi, milli kimliyin möhkəmləndirilməsi, gənc nəslin vətənpərvərlik şüurunun təbliği baxımından böyük əhəmiyyət daşıyır. Proqramın konseptual xətti dünya tarixində ilklər, dövlətçilik tarixi, ictimai-siyasi xadimlər, elmi kəşflər, tarixi abidələrlə bağlı suallar iştirakçıların bilik səviyyəsini sınayır. “Tarixin oyunu”nda ölkəmizdə məbədlər, qalalar, qəsrlər və digər abidələr haqqında suallar xüsusi yer tutur. Bu iştirakçılarda memarlıq irsimizin hərbi-strateji, ideoloji və mədəni mahiyyətini aşılamaqla yanaşı tamaşaçıda tarixi irsə marağı daha da gecləndirir. Yarışmada görkəmli tarixi şəxsiyyətlərə dair suallar dövlətçilik, liderlik və mənəvi dəyərlər kontekstində sərkərdələr, alimlər, mütəfəkkirlər və maarifçilər haqqında iştirakçıların biliklərini üzə çıxarır. Proqramın əsas istiqamətlərindən biri də milli dövlətçilik ənənələrimiz, mədəni irsimiz, ədəbiyyat və incəsənət nümunələrinə dair bilgilərin verilməsidir. Gənclərdə vətənpərvərlik duyğularının gücləndirilməsi, milli kimlik şüurunun möhkəmləndirilməsi baxımından yaraışmada aktyor ifasında obrazlar da təqdim olunur. “Tarixin oyunu”nun əhəmiyyəti həmdə ondan ibarətdir ki, proqram maarifləndirici və ideoloji tribuna funksiyasını yerinə yetirir. Sualların məzmununda elmi dəqiqlik və obyektivlik prinsipi qorunur. “Tarixin oyunu” Azərbaycan Televiziyasında tarixi yaddaşla müasir milli təfəkkürünsintezini yaradır. 

Azərbaycan Teleradiosunun arxiv fondu ölkənin canlı yaddaşıdır. Onilliklər boyu toplanmış səs və görüntü materialları tarixçilər, tədqiqatçılar və mədəniyyət xadimləri üçün qızıl fond dəyərində mənbədir. Bu irs milli mədəniyyətin və ictimai fikrin inkişaf trayektoriyasını öyrənmək baxımından misilsiz əhəmiyyət daşıyır.Yetmiş illik televiziya və yüz illik radio yolunun arxasında minlərlə jurnalist, diktor, rejissor, operator, səs mühəndisi və yaradıcı insanın fədakar zəhməti dayanır. Onların peşəkarlığı və vətənpərvərliyi nəticəsində Azərbaycan Teleradiosu xalqın etimadını qoruyaraq inkişaf yolunu davam etdirir.

Bu möhtəşəm yubileylər münasibətilə Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin bütün əməkdaşlarını səmimi qəlbdən təbrik edirəm. Arzu edirəm ki, milli efirimiz bundan sonra da dövlətçiliyimizin, müstəqilliyimizin, mədəniyyətimizin və Zəfər tariximizin uca tribunasına çevrilsin.Bir əsrlik səsin hər zaman təmiz, yetmiş illik ekranın görüntüsü daim parlaq olsun!

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
sherg.az

1Mənbələr