AZ

Bizim hakimlər “danışmır”, amma şübhələndirir...

“Liverpul” – “Mançester Siti” oyunu, gözlənildiyi kimi, həftənin bəzəyi oldu. Düzdü, ilk yarı azarkeşlərin gözlədiyi tərzdə keçmədi. Heç də yaxşı günlərini yaşamayan İngiltərə nəhəngləri çox da riskə getmək istəmədi. Elə bunun da nəticəsi idi, qol gözləntiləri özünü doğrultmadı, komandalar fasiləyə qolsuz bərabərliklə yollandılar. Amma bunun sona qədər belə davam etməyəcəyi məlum idi. Çünki həm “Liverpul”, həm də “Mançester Siti” son vaxtlar xeyli xal itirib. Ona görə də oyunun sonlarına doğru tərəflər riski gözə aldılar, kəsərli hücumların sayı artdı. Əvvəlcə meydan sahibləri 74-cü dəqiqədə heçabı açdı. Daha sonra təşəbbüs qonaqların tərəfinə keçdi və 10 dəqiqə aralığında iki qol vuran Qvardiolanın komandası oyunun axarını öz xeyrinə dəyişdi.
İngiltərə premyer-liqasının mərkəzi oyunundan sizə söz açmağım səbəbsiz deyil. Qarşılaşmanın sonluğu, daha doğrusu, hakimin əsas vaxta əlavə etdiyi dəqiqələr xüsusilə gərgin keçdi. Hesabda geri düşən meydan sahiblərinin qapıçısı Alisson künc zərbəsi zamanı mövqeyini tərk edərək “şəhərlilər”in məyus etməyə yollandı. Amma hadisələr onun arzuladığı ssenarinin əksinə cərəyan etdi. Belə ki, topu ələ keçirən qonaqlar qəfil əks-hücuma çıxdılar. Holann topu boş qapıya göndərməyə hazırlaşarkən onu izləyən müdafiəçi Dominik Soboslai qayda pozuntusuna yol verdi. Top tora daxil olandan sonra “şəhərlilər” 3-cü qolu bayram edərkən baş hakim Kreyq Pouson VAR monitoruna dəvət olundu. Monitora baxan referi meydana qayıdandan sonra qolun qaydalar çərçivəsində vurulmadığını bildirib, onu ləğv etdi. Daha doğrusu, Soboslai Holanna qarşı cərimə meydançasından sonra kobudluq etdiyi üçün qol ləğv edildi, “Liverpul”un qapısına cərimə zərbəsi təyin edildi. Pouson bunu mikrofon vasitəsiylə hər kəsin eşidəcəyi tərzdə açıqladı və hamı hakimin qərarının səbəbini bildi. Bu açıqlamadan sonra kimsənin şübhəsi və etirazı qalmadı.
Çoxdandı bir çox nüfuzlu çempionatda oxşar təcrübədən istifadə olunur. Biz də maraqla izləyirik. VAR-ın müdaxiləsi, yaxud da yardımı ilə qərarını dəyişən hakimlər bunu hər kəsə elan edir. Azarkeşlərin də, futbolçuların da deyəcəyi söz qalmır. Təəssüf ki, bu təcrübədən Azərbaycanda yararlanmırlar. Yararlansaydılar, biz “Sabah” – “Araz Naxçıvan” oyununda İqor Noqeyranın Şarl Bolini cərimə meydançasında yerə sərməsindən sonra baş hakim Tural Qurbanovun nə üçün qərarından döndüyünü də bilərdik. Qurbanov Bolinin yerə yıxıldığı epizodu penalti kimi dəyərləndirdi. Özü də tam qətiyyətlə. Mənə görə, haqlı idi. Nə oldusa, VAR-dakı hakimlər onu monitora baxmağa çağırdılar. Monitora baxan Tural bəy qərarını dəyişdi, penalti ləğv edildi. Ümid edirəm ki, turun təhlili zamanı Hakimlər Komitəsinin sədri Rəhim Həsənov bu epizoda da toxunacaq, Qurbanovun səhvə yol verib-vermədiyini ictimaiyyət üçün açıqlayacaq. Daha doğrusu, Tural Qurbanovun hansı qərarının səhv olduğunu biləcəyik. Adam əvvəl penalti təyin etdi, sonra qərarını dəyişdi. Görək səhv hansı qərarın qəbulu zamanı buraxılıb.
Təəssüf ki, hakimlərimiz belə həssas məqamlarda qətiyyətli davrana bilmirlər. Özü də bütün bunlar “hakimlər “Sabah”a kömək edir, onu çempionluğa dartırlar, qapısına penalti təyin etməyə cürətləri çatmır” dedi-qodularının fonunda baş verir. Ümid edək ki, çempionat finişə yaxınlaşdıqca vəziyyət daha da pisləşməyəcək.
AMAL

Seçilən
32
1
football-plus.az

2Mənbələr