AZ

Milli televiziyamızın müdriklik yaşı: “Ana dilimizin keşiyində dayanan...”

Bu gün Azərbaycan Televiziyası üçün tarixi gündür.

Ölkənin ilk televiziya qurumunun fəaliyyətə başlamasından 70 il ötür. Onilliklər boyunca kanal təkcə efir məkanı deyil, həm də Azərbaycanın ictimai-siyasi proseslərinin, mədəni həyatının və taleyüklü məqamlarının canlı salnaməsinə çevrilib.

Bəs milli ekran tariximizin təməlini qoyan bu televiziya Sovet dövründə və müstəqillik illərində tamaşaçı yaddaşında hansı izləri buraxıb?

Bu gün Azərbaycan mətbuatında xüsusi yeri olan Əməkdar jurnalist, teletənqidçi, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli "Cebheinfo.az"-a bildirib ki, Azərbaycan televiziyasının kütləvi yayıma başlaması və bu gün həmin tarixin 70 illiyinin qeyd olunması, şübhəsiz ki, ölkəmizin ictimai-siyasi və mədəni həyatında əlamətdar hadisədir:

"Televiziya artıq 70 ildir ki, bir güzgü kimi cəmiyyətimizi, düşüncələrimizi və zövqümüzü əks etdirir, bizi özümüzə göstərir. Əlbəttə, televiziya ilk dövrlərdə təbliğat vasitəsi kimi meydana çıxmışdı.

Sovet dövründə onun əsas missiyası kütlələrə müəyyən ideologiyanın yeridilməsi, təbliğ olunması idi. Amma onun fonunda həm də Azərbaycan tarixi, mədəniyyəti və musiqisi bütün dünyada təbliğ olunurdu.

Radio və televiziya dalğalarında Azərbaycan ədəbi dili səslənirdi. Televiziyanın ən böyük xidmətlərindən biri məhz ədəbi dilin formalaşması, cilalanması, onun qaydalarının təbliği və yüksək nitq mədəniyyəti tribunası olmasıdır. Əlbəttə ki, bunlar televiziyanın xalq qarşısında çox böyük xidmətləridir".

Əməkdar jurnalist qeyd edib ki, 10 il əvvəl ilə müqayisə etdikdə, bu gün televiziyanın kifayət qədər ciddi uğurlar qazandığını söyləmək mümkündür:

"İndi biz müstəqillik dövrü yaşayırıq. Televiziya internet və sosial şəbəkə ilə rəqabət şəraitindədir. Təbii ki, KİV müəyyən problemlər yaşayır, o cümlədən də televiziya. Konkret onu deyə bilərik ki, AzTV rəsmi qurumdur.

Dövlət tərəfindən maliyyələşir. Konkret özünün vəzifələri, missiyası var. Yəni təbii ki, burada müəyyən siyasi məqamlar da var. Amma bu gün televiziyanı biz daha çox mədəniyyət tribunası kimi tanıyırıq.

Bu gün AzTV daha çox milli və səviyyəli musiqinin, ana dilimizin keşiyində dayanan, dilin qayda və normalarının təbliğatçısı kimi görürük. Bunlar müsbət meyillərdir. Əvvəlki illərdən fərqli olaraq indi televiziya bəlli bir səviyyəyə gəlib çatıb.

Təbii ki, bəzi verilişlərdən narazı qalanlar da var, daha çox yenilik istəyənlər də. Bu yanaşmalar normaldır. Amma bütövlükdə, məsələn, 10 il əvvəl ilə müqayisə etdikdə bu gün televiziyanın ciddi uğurları var".

Qulu Məhərrəmli vurğulayıb ki, bu, ilk növbədə peşəkarlıq səviyyəsinin yüksəlməsidir:

"Veriliş formatlarının rəngarəngliyi, maraqlı aparıcıların ekranda görünməsi, yüksək nitq mədəniyyətinin formalaşdırılması - bütün bunlar müsbət keyfiyyətlərdir. Bu amillər televiziyanın yaradıcı gücünü və intellektual potensialını parlaq şəkildə əks etdirir.

Təbii ki, tamaşaçı umacağı həmişə olub, bu gün də var. Məsələn, efirdə diskusiyaların çox olması, fərqli fikirlərə yer verilməsi, tənqidi materialların təqdim edilməsi arzulanan məqamlardandır.

Hesab edirəm ki, Azərbaycan Dövlət Televiziyası bu gün ölkənin televiziya məkanında öz yeri, mövqeyi, çərçivəsi və əlbəttə ki, üstünlükləri olan bir kanaldır. 70 illik yubiley münasibətilə televiziyanın bütün əməkdaşlarını ürəkdən təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayırıq".

Seçilən
138
cebheinfo.az

1Mənbələr