AZ

“Sülh Körpüsü” təşəbbüsünün 13–14 fevral Ermənistan-Azərbaycan konfransının yekunlarına dair mətbuat bəyanat yayılıb

“Sülh Körpüsü” təşəbbüsünün 13–14 fevral Ermənistan-Azərbaycan konfransının yekunlarına dair mətbuat bəyanatı yayılıb.

APA xəbər verir ki, bəyanat “Armenian Council” tərəfindən yayılıb.

“13–14 fevral 2026-cı il tarixində Ermənistanda, Tsaxkadzor şəhərində “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti, ekspert icması və media nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilmişdir.

Təşəbbüsün əsas üzvləri ilə yanaşı, görüşdə hər iki tərəfdən daha geniş iştirakçı dairəsi təmsil olunmuş, inklüziv və davamlı dialoq platformasına sadiqlik bir daha təsdiqlənmişdir.

Azərbaycan nümayəndə heyəti bütün zəruri prosedurları tamamlayaraq Azərbaycanın Aşağı Əskipara kəndi və Ermənistanın Voskepar kəndi yaxınlığında delimitasiya və demarkasiya edilmiş quru sərhəd hissəsindən keçməklə ölkəyə daxil olmuşdur.

Bu keçid iştirakçılar tərəfindən etimadın möhkəmləndirilməsi istiqamətində mühüm praktik addım və iki ölkə arasında normallaşma prosesinin mərhələli şəkildə irəliləməsinin aydın göstəricisi kimi qiymətləndirilmişdir.

Müzakirələr Azərbaycan-Ermənistan münasibətlərinin cari mərhələsinə və gələcək inkişaf istiqamətlərinə, 8 avqust 2025-ci il tarixində Vaşinqton Sammitində dəstəklənmiş sülh gündəliyinin icrasına və bunun region üçün nəticələrinə həsr olunmuşdur.

İştirakçılar dəyişən regional təhlükəsizlik mühiti və sülh prosesi nəticəsində yaranan iqtisadi imkanlarla bağlı fikir mübadiləsi aparmışlar.

Ayrı bir sessiya dialoq iştirakçıları arasında əməkdaşlığa, o cümlədən birgə layihələrə, ictimai kommunikasiya strategiyalarına və cəmiyyətlərarası qarşılıqlı əlaqə mexanizmlərinə həsr edilmişdir.

Etimadın möhkəmləndirilməsi, ictimai diplomatiya və cəmiyyət səviyyəsində yaxınlaşmanı dəstəkləyən praktik tövsiyələrin hazırlanmasına xüsusi diqqət yetirilmişdir.

Regional təhlükəsizlik, sərhədlər və bağlantılarla bağlı məsələlər də geniş müzakirə olunmuş, hər iki tərəfin baxışları və gözləntiləri təqdim edilmişdir.

Rəsmi sessiyalarla yanaşı təşkil olunan qeyri-rəsmi mədəni və sosial tədbirlər şəxslərarası əlaqələrin inkişafına və konstruktiv mühitin formalaşmasına töhfə vermişdir.

İkinci gün iştirakçılar davamlı sülhün üstünlüklərini və cəmiyyətlərarası münasibətlərin qurulmasının mümkün sosial-iqtisadi faydalarını nəzərdən keçirmişlər. Hər iki cəmiyyətdə ictimai gözləntilər və sülh prosesinin vətəndaşlar üçün real nəticələr verməsinin yolları müzakirə olunmuşdur.

Proqram çərçivəsində iştirakçılar Ermənistanın yüksək vəzifəli rəsmiləri, o cümlədən Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və xarici işlər nazirinin müavini Vahan Kostanyan ilə görüşlər keçirmişlər. Bu müzakirələr sülh gündəliyinin dəstəklənməsində vətəndaş cəmiyyətinin rolu və ictimai təşəbbüslərin rəsmi səyləri necə tamamlayacağı barədə fikir mübadiləsi üçün imkan yaratmışdır.

Tədbir müzakirələrin yekunlarına dair mətbuat konfransı ilə başa çatmışdır.

Azərbaycan nümayəndə heyəti eyni delimitasiya olunmuş sərhəd hissəsindən geri qayıtmış, bu da etimadın möhkəmləndirilməsi istiqamətində növbəti praktik addım olmuşdur.

İştirakçılar bir daha təsdiq etmişlər ki, “Sülh Körpüsü” formatında müntəzəm əməkdaşlıq qarşılıqlı etimadın gücləndirilməsinə, peşəkar əməkdaşlığın genişlənməsinə və Azərbaycan-Ermənistan münasibətlərinin mərhələli normallaşmasına əhəmiyyətli töhfə verə bilər”,- bəyanatda qeyd olunur.

Seçilən
24
4
apa.az

9Mənbələr