Münxen Təhlükəsizlik Konfransının ikinci günündə ABŞ Dövlət katibi Marko Rubionun çıxışı maraqla gözlənilirdi. Çünki ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin ötən il burada etdiyi sərt çıxış hələ də iştirakçıların yaddaşından silinməyib.
“İki sahil” xəbər verir ki, Rubio Avropaya ünvanlanmış bir sıra tənqidi tezisi təkrarlasa da, daha diplomatik dildən istifadə edib. O, çıxışında ABŞ-ın Trans-Atlantik alyansı qorumaqda hələ də maraqlı olduğunu ifadə etməklə yanaşı vurğulayıb ki, bunun üçün Avropa daha güclü və məsuliyyətli olmalıdır.
Rubio qeyd edib ki, Avropanın təhlükəsizliyi birbaşa ABŞ-ın milli təhlükəsizliyi ilə bağlıdır. O xatırladıb ki, əsgərlər mücərrəd maraqları deyil, insanları, həyat tərzini və sivilizasiyanın özünü qoruyurlar.
ABŞ Dövlət katibinin çıxışının ayrıca bir bölməsi beynəlxalq təsisatlara həsr olunub. Rubio bildirib ki, yeni dünya nizamında milli maraqlar mücərrəd anlayışlarla əvəz edilə bilməz, beynəlxalq təşkilatların isə islahatlara ehtiyacı var. Onun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının müasir böhranlara effektiv şəkildə cavab verməkdə acizliyi ortaya çıxıb.
O qeyd edib ki, “ideal dünyada” problemlər diplomatiya və qətnamələr yolu ilə həll edilərdi, lakin reallıq daha qətiyyətli hərəkətlər tələb edir. Rubionun sözlərinə görə, Tramp administrasiyası bu yanaşmanı dəyişdirmək niyyətindədir və müttəfiqləri birlikdə hərəkət etməyə çağırır.
Çıxışının sonunda Rubio bildirib ki, ABŞ zəif müttəfiqlər istəmir, çünki bu, hamını zəiflədir. Vaşinqtona özünü müdafiə edə bilən və gələcəyə inamla baxan bir Avropa lazımdır. O, müttəfiqləri “sınmış status-kvo”nu bərpa etmək cəhdlərindən əl çəkməyə və bunun əvəzinə onu birlikdə düzəltməyə çağırıb. Əlavə edib ki, Amerika yeni bir rifah əsri qurur və bu yolu Avropa ilə birlikdə keçmək istəyir.
Çıxışından sonra Rubio konfransın prezidenti Volfqanq İşingerin suallarını cavablandırıb. Ukrayna ilə bağlı sülh danışıqlarının perspektivlərindən danışarkən o, ən çətin məsələlərin hələ qarşıda olduğunu qeyd edib. Lakin bildirib ki, Moskvanın danışıqlarda maraqlı olmadığını əvvəlcədən bəyan etmək düzgün deyil. O, ABŞ və Avropanın davamlı sülhə nail olmaq üçün Rusiyaya təzyiq göstərməyə davam edəcəklərini də əlavə edib.
Çinlə rəqabətə gəldikdə Rubio vurğulayıb ki, ABŞ maraqların üst-üstə düşdüyü yerlərdə Çinlə əməkdaşlığa və birbaşa münaqişədən qaçınmaq üçün davamlı dialoqa hazırdır.