AZ

Tsaxkadzorda Azərbaycan-Ermənistan dəyirmi masasının yekun bəyanatı yayıldı...



13–14 fevral 2026-cı il tarixində Ermənistanda, Tsaxkadzor şəhərində “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti, ekspert icması və media nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilib.

Trend xəbər verir ki, təşəbbüsün əsas üzvləri ilə yanaşı, görüşdə hər iki tərəfdən daha geniş iştirakçı dairəsi təmsil olunmuş, inklüziv və davamlı dialoq platformasına sadiqlik bir daha təsdiqlənib.

Azərbaycan nümayəndə heyəti bütün zəruri prosedurları tamamlayaraq Azərbaycanın Aşağı Əskipara kəndi və Ermənistanın Voskepar kəndi yaxınlığında delimitasiya və demarkasiya edilmiş quru sərhəd hissəsindən keçməklə ölkəyə daxil olub. Bu keçid iştirakçılar tərəfindən etimadın möhkəmləndirilməsi istiqamətində mühüm praktik addım və iki ölkə arasında normallaşma prosesinin mərhələli şəkildə irəliləməsinin aydın göstəricisi kimi qiymətləndirilib.

Müzakirələr Azərbaycan-Ermənistan münasibətlərinin cari mərhələsinə və gələcək inkişaf istiqamətlərinə, 8 avqust 2025-ci il tarixində Vaşinqton Sammitində dəstəklənmiş sülh gündəliyinin icrasına və bunun region üçün nəticələrinə həsr olunub.

İştirakçılar dəyişən regional təhlükəsizlik mühiti və sülh prosesi nəticəsində yaranan iqtisadi imkanlarla bağlı fikir mübadiləsi aparıblar. Ayrı bir sessiya dialoq iştirakçıları arasında əməkdaşlığa, o cümlədən birgə layihələrə, ictimai kommunikasiya strategiyalarına və cəmiyyətlərarası qarşılıqlı əlaqə mexanizmlərinə həsr edilib. Etimadın möhkəmləndirilməsi, ictimai diplomatiya və cəmiyyət səviyyəsində yaxınlaşmanı dəstəkləyən praktik tövsiyələrin hazırlanmasına xüsusi diqqət yetirilib.

Regional təhlükəsizlik, sərhədlər və bağlantılarla bağlı məsələlər də geniş müzakirə olunmuş, hər iki tərəfin baxışları və gözləntiləri təqdim edilib. Rəsmi sessiyalarla yanaşı təşkil olunan qeyri-rəsmi mədəni və sosial tədbirlər şəxslərarası əlaqələrin inkişafına və konstruktiv mühitin formalaşmasına töhfə verib.

İkinci gün iştirakçılar davamlı sülhün üstünlüklərini və cəmiyyətlərarası münasibətlərin qurulmasının mümkün sosial-iqtisadi faydalarını nəzərdən keçiriblər. Hər iki cəmiyyətdə ictimai gözləntilər və sülh prosesinin vətəndaşlar üçün real nəticələr verməsinin yolları müzakirə olunub.

Proqram çərçivəsində iştirakçılar Ermənistanın yüksək vəzifəli rəsmiləri, o cümlədən Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və xarici işlər nazirinin müavini Vahan Kostanyan ilə görüşlər keçiriblər. Bu müzakirələr sülh gündəliyinin dəstəklənməsində vətəndaş cəmiyyətinin rolu və ictimai təşəbbüslərin rəsmi səyləri necə tamamlayacağı barədə fikir mübadiləsi üçün imkan yaradıb.

Tədbir müzakirələrin yekunlarına dair mətbuat konfransı ilə başa çatıb.

Azərbaycan nümayəndə heyəti eyni delimitasiya olunmuş sərhəd hissəsindən geri qayıtmış, bu da etimadın möhkəmləndirilməsi istiqamətində növbəti praktik addım olub. İştirakçılar bir daha təsdiq etmişlər ki, “Sülh Körpüsü” formatında müntəzəm əməkdaşlıq qarşılıqlı etimadın gücləndirilməsinə, peşəkar əməkdaşlığın genişlənməsinə və Azərbaycan-Ermənistan münasibətlərinin mərhələli normallaşmasına əhəmiyyətli töhfə verə bilər.

Xatırladaq ki, fevralın 13-də Azərbaycan nümayəndə heyəti "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində ikitərəfli dəyirmi masa müzakirəsində iştirak etmək üçün Ermənistana səfər edib.

Görüşdə hər iki tərəfdən genişləndirilmiş nümayəndə heyəti iştirak edir.

Azərbaycan nümayəndə heyəti 19 nəfərlə təmsil olunur.

Seçilən
15
6
baki-xeber.com

9Mənbələr