"14 fevral iqtisadi baxımdan davranış iqtisadiyyatının klassik labaratoriyasıdır. Həmin gün istehlakçı davranışları emosiyalar üzərindən yönləndirilir və bizneslər bunu çox yaxşı bilir".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, əvvəlcə sosial təzyiq effekti işə salınır və ən güclü mexanizmi olan sosial norma yaradılır:
"Yəni, insanlar sevgisini göstərmək üçün hədiyyə almağın “gərəkli” olduğuna inandırılır. Əslində isə bu normanı media və reklam formalaşdırır. Bu effekt nəticəsində insanlar planlaşdırmadığı xərcləri edir. Büdcədən artıq pul xərcləyir. Hədiyyəni emosional qərarla seçir. Sonra süni təcili vəziyyət yaradılır. Marketinqdə buna "scarcity və urgency" deyilir. “Son fürsət”, “yalnız bu gün”, “stok bitmək üzrədir” kimi mesajlar beynin rasional hissəsini zəiflədir və impulsiv alış yaradır. Sevgi ən güclü emosiyadır və brendlər bunu satış alətinə çevirir. Buna görə də reklam mesajları “Sevən insan belə edir”, “Sevgini sübut et” və s. kimi qurulur. Bu isə qərarı rasional yox, emosional edir. Nəticədə 14 fevral qlobal səviyyədə milyardlarla dollarlıq dövriyyə yaradır və istehlakın mövsümi pik nöqtələrindən birinə çevrilir.
Ona görə də bu gün çiçək, şokolad, restoran, zərgərlik, parfümeriya sektorları üçün yüksək gəlir dövrüdür. Amma düşünürəm ki, bu manipulyasiya olsa da, heç də tamamilə pis deyil. Bu, bazar iqtisadiyyatının təbii mexanizmidir. Problem yalnız istehlakçı emosional qərarı maliyyə imkanlarını nəzərə almadan verdikdə yaranır. Beləliklə, 14 fevral davranış iqtisadiyyatının real praktik dərsidir. Bu gün bizə bazarın emosiyalar üzərindən necə işlədiyinə dair dərs verilir".