AZ

İnsan ömründə neçə dəfə həqiqi sevgi yaşayır?

Kinsey İnstitutunun 10.000-dən çox subay insan arasında apardığı geniş sorğu göstərib ki, insanların əksəriyyəti ömürləri boyunca iki dəfə həqiqi sevgi yaşayır.

E-saglam.az xəbər verir ki, bu həqiqi sevgi təcrübələrinin sayını bu qədər böyük miqyasda ölçən ilk araşdırmadır və nəticələr “Interpersona” jurnalında dərc olunub.

Tədqiqatda 18–99 yaş arası insanlar iştirak edib. Sorğuda iştirak edənlərin 30,3%-i həyatlarında ən azı bir dəfə, 27,8%-i isə iki dəfə həqiqi sevgi yaşadıqlarını bildirib. Diqqətçəkən başqa məqam isə odur ki, 16,8% üç dəfə, 10,9% isə dörd və ya daha çox dəfə sevgi hiss etdiyini deyib. Respondentlərin 14,2%-i isə həyatlarında heç vaxt bu cür dərin sevgi yaşamayıblar.

Tədqiqatın rəhbəri Dr. Amanda Gesselman bildirir ki, insanlar sevgi haqqında tez-tez danışsalar da, bunun ömür boyu neçə dəfə yaşandığını sorğulayan ilk elmi işdir. Onun sözlərinə görə, əksər insanlar üçün həqiqi sevgi bir neçə dəfə baş verən, həyatın müxtəlif mərhələlərində ortaya çıxan dərin emosional bağlılıqdır.

Mütəxəssislər qeyd edir ki, yaş artdıqca insanların sevgi təcrübələrinin sayı da bir qədər çoxalır. Bu, müxtəlif həyat dövrlərində fərqli, dəyərli münasibətlərin qurulması ilə bağlıdır.

Tədqiqatın müəllifləri bildirirlər ki, nəticələr “tək ruh yoldaşı” mifinin doğru olmadığını göstərir. İnsanlar həyatları boyunca yalnız bir deyil, bir neçə dəfə həqiqi sevgi yaşaya bilirlər və bu sevgi zaman-zaman yenidən ortaya çıxan, dəyişən, ancaq dəyərini itirməyən bir hissdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
12
e-saglam.az

1Mənbələr