AZ

Prezident İlham Əliyev Üzbəüz verilişində: Regiondakı yeni reallıqları, strateji planları və prinsipial mövqeləri açıqladı MƏQALƏ

ain.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Prezident İlham Əliyevin Almaniyanın Münxen şəhərində Avropanın aparıcı televiziya kanallarından biri olan "France 24"-ə müsahibəsi onun dünya səviyyəli Lider kimi nüfuzunu və nüfuzlu xarici media orqanı üçün böyük maraq doğuran həmsöhbət olmasını bir daha təsdiqlədi.

Cənab Prezident ilk növbədə Azərbaycan və Ermənistan arasında dayanıqlı sülh arxitekturasının qurulması, kommunikasiya bağlantılarının yaradılması və münasibətlərin normallaşdırılmasını təşviq edən səmərəverici addımların əhəmiyyətinə toxundu.

Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərində olan məhdudiyyətləri aradan qaldıraraq vacib neft məhsullarını təchiz etməyə başlayıb, ticari münasibətlərin əsasını qoymaqla sülhün rifah əməkdaşlığına çevrilməsi üçün ardıcıl siyasət yürüdür. Qarşı tərəfin nümayiş etdirdiyi iradə isə ikitərəfli müsbət təmaslara olan inamı daha da möhkəmləndirir.

Sülh sazişinin legitim hüquqi aktla yekunlaşması və maneəsiz münasibətlərin tam təmin edilməsi üçün isə həllini gözləyən vacib detallar var ki, onlardan ən əsası Ermənistanın konstitusiyasında Qarabağa aid ərazi iddiaları ilə bağlı düzəlişlərin edilməsidir. Rəsmi Bakı bu məsələdə prinsipial mövqeyində dayanır – Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasını ehtiva edən İstiqlaliyyət Bəyannaməsinə istinad götürülməyənə kimi sülh sazişinimzalanması mümkün olmayacaq.

Azərbaycan normallaşmanı rəsmi sülh sazişindən ayıraraq Ermənistana inkişaf pəncərəsi açsa belə, II Qarabağ müharibəsinin bitməsindən sonra tərəflər arasında etimadı sarsıdan bu lüzumsuz və formal xarakter daşıyan iddianın da aradan qalxacağına şübhə yoxdur. Prezident bu məsələdə əminliyini bir daha vurğulayaraq, yaxın aylarda Ermənistanda keçiriləcək referendumla həmin formalizmin də aradan qaldırılacağını istisna etmədi: "Azərbaycan üçün sülh əldə olunub. Normallaşma prosesi uğurla irəliləyir və ümid edirəm ki, formal xarakter daşıyan bu hüquqi məsələlər tamamlanan kimi bizdə rəsmən sülh olacaq".

Azərbaycan və Ermənistan arasında sülh quruculuğunda töhfəverici superdövlət olan ABŞ-nin təşəbbüskarlığını və vacib rolunu dəyərləndirən Prezident İlham Əliyev Zəngəzur dəhlizini, o cümlədən onun bir komponenti olan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) böyük coğrafiyaları əhatə etməklə, strateji-geosiyasi əhəmiyyət daşıdığını bildirdi. TRIPP-in inşa olunması regional əməkdaşlıqda açarlardan biri olmaqla, digər çoxistiqamətli təmas infrastrukturlarını ərsəyə gətirəcək.

Bu proseslərdə fəallığını artıran ABŞ Hökumətinin aramsız səyləri isə ümidverici layihələrin tezləşdirilməsinə təminat yaradır. Bir neçə gün əvvəl Vitse-prezident Cey. Di. Vensin səfəri Birləşmiş Ştatlar və Azərbaycan hökumətləri arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması gələcək əməkdaşlıq üçün güclü zəmin yaratmış oldu.

"France 24"-ə müsahibədə diqqətçəkən məqamlardan biri dəazərbaycanlılara qarşı müharibə cinayətləri törətmiş şəxslərlə bağlı aparıcının qeyri-səmimi sualına Prezident İlham Əliyevinsəmimi cavabı idi. Əslində hər kəsə aydındır ki, jurnalistin bu sualı Ermənistanın rifahını istəməyən diaspora və daxilindəki revanşistlərin sualı idi. Ancaq İlham Əliyevin dəmir iradəsi, iti zəkası və qətiyyətli cavabı "Üzbəüz" verilişinin aparıcısını sözün əsl mənasında pərt etdi, tərs şillə effekti yaratdı.

Qarabağı könüllü surətdə tərk etmiş ermənilərin geri qayıdışı ilə bağlı suala gəlincə isə, Prezident İlham Əliyevin cavabı beynəlxalq hüququn qızıl qaydasına uyğun, dəqiqliklə ifadə olundu. Bəyan edildiyi kimi, Qarabağda yaşayan ermənilərə,onların nümayəndələri ilə görüşlərdə vətəndaşlıq və ya iş icazəsi ilə bağlı mövqe çatdırılıb, lakin onların seçimi Ermənistana getmək olub. "Qayıdış hüququ universal bir hüquqdur və əlbəttə ki, bizə belə bir müraciət olarsa, Azərbaycan bu hüquqa mütləq əməl edəcək" – deyə Azərbaycan Prezidenti açıq şəkildə bildirib.

Bu humanizmin və xoş niyyətin qarşılığında Ermənistan ərazisindən deportasiya edilmiş və etnik təmizləməyə məruz qalmış yüz minlərlə azərbaycanlılara isə geri qayıdış barədə Ermənistan tərəfindən heç vaxt, heç bir təklif edilməyib. Bu isə hansı ölkənin xoşməramlı olduğunu və universal hüquqa daha hörmətlə yanaşdığını açıq şəkildə nümayiş etdirir.

Azərbaycan və Fransa arasında münasibətlərə gəlincə, dövlət başçımızın mükəmməl siyasi arayışı bütün detalları ilə vəziyyətin mənzərəsini təsvir etdi. Qeyd olunduğu kimi, Fransa ilə problemlərin kökü Azərbaycandan gəlmir, II Qarabağ müharibəsindən əvvəl münasibətlərimiz çox yaxşı olub. Öz ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycana qarşı rəsmi Paris mövqeyini tam dəyişərək ədalətsiz mövqe sərgilədi, Ukraynanın, Danimarkanın ərazi bütövlüyünü müdafiə etdiyi halda erməni separatçıların tərəfini tutmaq qərarını verdilər, qondarma "Dağlıq Qarabağ"ı tanıyan saxta sənəd qəbul etdilər.Hətta ölkəmizə qarşı siyasi etikadan uzaq ağır sözlərdən istifadə olundu. Sözsüz ki, deyilmiş sözlərin və ya atılmış addımların hamısına layiqli cavablar verildi. Bir sözlə, yaranmış gərginliyin mənbəyi Azərbaycan olmayıb.

Son dövrlərdə isə Fransa tərəfi özü hər şeyi yenidən başlamaq qərarına gəlib və heç bir ölkə, o cümlədən Fransa ilə heç bir problem axtarmayan Azərbaycan normal, qarşılıqlı hörmətə əsaslanan ikitərəfli münasibətlər qurmağa açıqdır.

Prezident Əliyevin "France 24"-ə verdiyi müsahibə Azərbaycanın post-münaqişə dövründə xarici siyasət prioritetlərini aydın şəkildə ortaya qoydu. Bir tərəfdən Ermənistanla normallaşmanın uğurla getdiyi, ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyasının imzalandığı, TRIPP kimi regional bağlantı layihələrinin həyata keçiriləcəyi və Fransa ilə münasibətlərin yenidən qurulması istiqamətində addımlarınatıldığı vurğulanarkən, digər tərəfdən separatçı liderlərin məsuliyyəti və konstitusiya dəyişikliyi kimi prinsipial məsələlərdə Bakının qırmızı xətləri birmənalı şəkildə bildirildi.

Prezidentin "sülh əldə olunub" mesajı regionda yeni dövrün başladığını, tarixi ədalət və beynəlxalq hüquq prinsiplərindən dönülməyəcəyi də aydın şəkildə səsləndi. Müsahibə Azərbaycanın həm konstruktiv, həm də prinsipiallıqdan dönməyən diplomatik xəttini bir daha nümayiş etdirdi.

Ramid Namazov

Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
2
sesqazeti.az

3Mənbələr