
ABŞ Müdafiə Nazirliyi İran və Rusiya ilə əlaqəli olduğu bildirilməklə yanaşı, daha əvvəl adı müxtəlif sanksiya siyahılarında hallanan bir gəminin Hind okeanında ələ keçirildiyini elan edib. ABŞ Müdafiə Nazirliyi Prezident Donald Trampın dəniz blokadası çərçivəsində yoxlamadan yayınmağa çalışan "Veronica 3" (və ya yeni adı ilə "Gallileo") gəmisinə gecə saatlarında xüsusi əməliyyat keçirildiyini açıqlayıb.
Açıqlamaya görə, ABŞ qüvvələri Hind okeanında hərəkət halında olan gəmiyə daxil olaraq onu nəzarətə götürüb. Qeyd olunur ki, bu əməliyyat son aylarda tətbiq edilən dəniz blokadası çərçivəsində keçirilən səkkizinci uğurlu əməliyyatdır.
İrandan "Top ABŞ-ın meydanındadır" mesajı
ABŞ-ın əməliyyatından dərhal sonra İranın xarici işlər nazirinin siyasi işlər üzrə müavini Məcid Taxt Rəvançi Britaniya mətbuatına (BBC) verdiyi müsahibədə iki ölkə arasındakı gərginliyə toxunub. O, müzakirələrin davam etməsi üçün məsuliyyətin Vaşinqtonun üzərinə düşdüyünü qeyd edərək "Top ABŞ-ın meydanındadır" ifadəsini işlədib.
Rəvançi İranın mövqeyini üç əsas bənddə cəmləşdirib:
Nüvə Proqramı: İran müzakirələrdə yalnız nüvə məsələlərinə diqqət yetirəcək. Raket proqramının gündəmə gətirilməsi qəbulolunmazdır.Hərbi Mövcudluq: ABŞ-ın bölgədəki hərbi gücünü artırması dağıdıcı müharibə riskini yüksəldir.Razılaşma Şərti: Əgər sanksiyaların ləğvi real olarsa, Tehran müəyyən kompromislərə (məsələn, 60% zənginləşdirilmiş uranın durulaşdırılması) hazırdır.
Məcid Taxt Rəvançi xüsusi olaraq vurğulayıb ki, "sıfır zənginləşdirmə" tələbi İran üçün qırmızı xətdir və bu mövzu müzakirə edilə bilməz.