AZ

"Ermənistan və Azərbaycan sülhə hazırlaşır" - BBC

"Xalqlar arasındakı nifrət necə aradan qaldırılacaq?.."

Artıq bu il Bakı və İrəvan otuz ildən çox davam edən münaqişəyə son qoymalı olan sülh sazişini imzalaya bilər. Lakin cəmiyyətlərin özü bu mərhələyə tam hazır görünmür.

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.

Münaqişənin mirası və nifrət psixologiyası

Azərbaycanlılarla ermənilər arasında Qarabağın mənsubiyyəti ilə bağlı gərginlik hələ SSRİ dağılmamışdan əvvəl kəskinləşmişdi. 1992-ci ildə münaqişə genişmiqyaslı müharibəyə çevrildi, minlərlə insan həlak oldu, yüz minlərlə insan qaçqına çevrildi. 1992-1994-cü illərin birinci müharibəsində Ermənistan üstün gəldi, 2020-ci ildəki ikinci müharibədə isə Azərbaycan hərbi və siyasi nəticəni dəyişdi.

Bu 30 ildən artıq müddətdə hər iki ölkədə bir nəsil nifrət mühitində formalaşıb. Qarabağ ətrafında hələ sovet dövrünün sonlarından başlayaraq jurnalistlərin, yazıçıların və şairlərin iştirakı ilə müqəddəslik kultu yaradılıb. Azərbaycanda "erməni" sözü təhqir kimi qəbul edilir, Ermənistanda isə "türk" ifadəsi eyni mənada işlədilir və azərbaycanlılara da şamil olunur.

Erməni jurnalist və uzun illər vətəndaş sülh təşəbbüslərinin iştirakçısı olmuş Boris Navasardyan deyir ki, qarşılıqlı antipatiya bəzən xırdalıqlara qədər gedib çıxır: beynəlxalq yarışda 17-ci yer belə o halda daha yüksək qiymətləndirilə bilər ki, erməni azərbaycanlını və ya əksinə, azərbaycanlı ermənini qabaqlasın. Musiqi müsabiqələrində də oxşar psixologiya müşahidə olunur - əsas məqsəd yüksək yer tutmaq yox, qonşudan öndə olmaqdır.

Siyasi iradə və konstitusiya dilemması

2025-ci ilin avqustunda ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Ermənistan və Azərbaycanın liderləri sülh müqaviləsinin mətnini razılaşdırıblar. Sənədə əsasən, tərəflər qarşılıqlı təhdidlərdən və ərazi iddialarından imtina etməyi öhdələrinə götürüb. Müqavilə hələ imzalanmayıb. Gözləntilərə görə, əgər Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə dair iddialar aradan qaldırılarsa, bu il imzalanması mümkündür.

Ermənistanın baş naziri Nikol Paşinyan bildirir ki, ölkəyə yeni geosiyasi şəraitdə yaşaya bilən yeni konstitusiya lazımdır. Paşinyan son illərdə Qarabağla bağlı sərt bəyanatlardan və Şuşada 1990-cı illərdə şəhərin ermənilər tərəfindən ələ keçirilməsinin ildönümündə rəqs etməsindən tutmuş, regiona dair bütün iddialardan imtinaya qədər ciddi transformasiya yolu keçib. O, hətta Ermənistan üzərindən tranzitlərin açılmasına görə Bakıya təşəkkür də edib. Müxalifət isə onu xəyanətdə ittiham edir, bir neçə il əvvəl ölkədə Azərbaycana güzəştlərə qarşı kütləvi etirazlar keçirilib.

Eyni zamanda, iqtisadi münasibətlərdə də dəyişikliklər var. SSRİ-nin süqutundan sonra çökmüş və birinci Qarabağ müharibəsindən sonra bərpa olunmamış ticarət əlaqələri son illərdə müəyyən qədər canlanıb. 2025-ci ilin noyabrında Azərbaycan ilk dəfə öz ərazisindən Ermənistana tranzit yüklərin keçidinə icazə verib, dekabrda isə Ermənistana benzin satışına başlayıb. Halbuki 2017-ci ildə Ermənistan mağazalarında Azərbaycan almalarının aşkarlanması belə qalmaqal və cinayət işi ilə nəticələnmişdi.

Xalqlar arasında sülh mümkündürmü?

Onilliklər boyu həm Ermənistanda, həm də Azərbaycanda hakimiyyətlər vətəndaş təşəbbüslərinə ehtiyatla yanaşıb. 2025-ci ilin payızında isə tərəflər İrəvan və Bakıda vətəndaş cəmiyyəti nümayəndələrinin görüşlərini təşkil etdilər. Müzakirələr humanitar məsələlərə, iqtisadi əlaqələrin qurulmasına və iki müharibə zamanı itkin düşmüş şəxslərin taleyinə həsr olunub.

Erməni jurnalist Mark Qriqoryan hesab edir ki, xalqların barışması üçün ən təsirli yol sərhədlərin açılması, insanların sərbəst ünsiyyəti və ticarətidir. O, 2000-ci illərin əvvəlində Gürcüstanın Ermənistanla sərhədində yerləşən Sadaxlı kəndində fəaliyyət göstərmiş iri topdansatış bazarını xatırladır. Minlərlə insanın ticarət etdiyi bu bazar gündəlik sülhün rəmzi idi. Onun fikrincə, jurnalist görüşləri faydalıdır, lakin real məhsuldarlıq baxımından sərhəd ticarəti ilə müqayisədə daha zəif təsir göstərir.

Böyük Britaniyanın "Chatham House" analitik mərkəzinin eksperti Lourens Broyers deyir ki, barışıq yolunda uğurlu hekayələrdən çox uğursuz nümunələr var. Onun fikrincə, ermənilər və azərbaycanlılar öz düsturunu, öz yolunu tapmalıdır. O, hazırkı elitalar arasındakı yaxınlaşmanı "ardıcıl olmayan, fasiləli, amma yaxın vaxtlara qədər təsəvvürəgəlməz" proses kimi xarakterizə edir və qeyd edir ki, cəmiyyət bu prosesə hələ tam cəlb olunmayıb. Ekspertlər hesab edir ki, ilk növbədə etnik düşmənçilik ritorikasına son qoyulmalı, xalq diplomatiyasına real imkan yaradılmalıdır. 

Balkan ölkələrinin təcrübəsi göstərir ki, qanlı etnik münaqişələrdən sonra belə xalqlar qonşu kimi yaşamağı və ticarət etməyi öyrənə bilir. Lakin tarixi travmaların və keçmişlə bağlı tənqidi yanaşmanın olmaması bir çox problemləri açıq saxlayır. Sülh sənədinin imzalanması münaqişənin hüquqi sonu ola bilər. Amma xalqlar arasında həqiqi barışığın əldə olunması daha uzun, daha çətin və daha həssas bir proses olacaq.

Müəllif: Məhərrəm Zeynalov

Seçilən
23
1
moderator.az

2Mənbələr