ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Bakıda kirayə mənzil bazarında qiymət artımı daha da sürətlənib. Xüsusilə şəhərin mərkəzi hissələrində və metrostansiyalara yaxın ərazilərdə kirayə haqları kəskin şəkildə yüksəlib. Ətraf qəsəbələrdə 150–300 manat aralığında təklif olunan mənzillər mərkəzdə ən azı 600 manatdan başlayır. Üstəlik, metroya yaxın, təmirli və kommunal xidmətlərlə tam təmin olunmuş münasib qiymətli ev tapmaq demək olar ki, çətinləşib.
Kirayə bazarında qiymətlərin yaxın zamanda ucuzlaşması mümkündürmü?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib ki, kirayə bazarında qiymətlərin yaxın perspektivdə ucuzlaşacağı inandırıcı görünmür.

Onun sözlərinə görə, əsas səbəb yeni tikilən mənzillərin qiymətlərinin həddindən artıq yüksəlməsidir. Son 5 ildə mənzil qiymətləri orta hesabla hər il 9-10 faiz artıb ki, bu da hazırkı qiymətlərin 5 il əvvəlki dövrlə müqayisədə 50-60 faiz daha yüksək olması deməkdir: “Təbii olaraq, xüsusilə şəhərin mərkəzinə yaxın ərazilərdə yerləşən baha mənzillər daha yüksək kirayə haqları ilə təklif olunur. Mənzillərin bahalaşması vətəndaşların mənzilə əlçatanlığını azaldır və nəticədə kirayədə yaşamaq istəyənlərin sayı artır. Tələb yüksək olduğu üçün qiymətlərin artımı qaçılmaz olur. Qiymətlərin azalması yalnız kirayə bazarına əlavə çoxsaylı mənzillərin daxil olması ilə mümkün ola bilər. Lakin şəhər mərkəzində tikinti aparmaq getdikcə çətinləşir".
Ekspert qeyd edib ki, tikinti sahələrinin məhdudlaşması, tikinti standartlarına nəzarətin güclənməsi və maya dəyərinin artması mərkəzdə böyük həcmdə yeni layihələrin həyata keçirilməsinə mane olur: “Bu səbəbdən bazarda təklif məhdud, tələb isə yüksək olaraq qalır. Mövcud şəraitdə qiymət artımı təbii bazar prosesi kimi qiymətləndirilir. Artım tempinin azalması və ya qiymətlərin ucuzlaşması üçün isə hazırda ciddi iqtisadi əsaslar görünmür”.
Oğuz Ayvaz
“AzPolitika.info"
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.