AZ

Zelenski: Ukrayna 2014-cü ilin səhvini təkrarlamayacaq və əraziləri verməyəcək...

Ukrayna Prezidenti ölkəsinin Rusiya qarşısında güzəştə getməyəcəyini bildirib...

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin 2014-cü ildə yol verilən səhvi təkrarlamayacağını və Rusiyaya əraziləri sadəcə olaraq verməyəcəyini bəyan edib.

Poliqon xəbər verir ki, Zelenski bu barədə Politico nəşrinə müsahibəsində danışıb.

Zelenskinin sözlərinə görə, 2014-cü ilin əvvəlində Ukraynanın atdığı addımlar “ən başlanğıcda böyük səhv idi”. Dövlət başçısı qeyd edib ki, Rusiya yalnız təzyiq və güc vasitəsilə dayandırıla bilər. Onun fikrincə, Moskva ilə münasibətlərdə güzəşt və yumşaq yanaşma nəticə vermir.

“Nəzakət jestləri ilə, çiçəklərlə və ya oxşar üsullarla Rusiya Prezidenti Vladimir Putini dayandırmaq mümkün deyil. Mənim hamıya tövsiyəm budur ki, Putinlə bu cür davranmasınlar, əks halda bu, ilk addım olacaq. Daha sonra beş il ərzində o, ordusunu yeniləyəcək, əsgərlərin sayını artıracaq və ordusu yaxşı təlim keçmiş olacaq”, deyə Zelenski bildirib.

Ukrayna Prezidenti bir daha vurğulayıb ki, ölkəsinin ərazi bütövlüyü danışıqlar mövzusu deyil və rəsmi Kiyev beynəlxalq hüquq çərçivəsində mövqeyini müdafiə etməyə davam edəcək.

Xatırladaq ki, Krım yarımadası 2014-cü ilin mart ayında Ukraynada baş vermiş hakimiyyət dəyişikliyindən sonra keçirilmiş referendumun nəticələrinə əsasən Rusiya Federasiyasının tərkibinə daxil olub. Rəsmi məlumatlara görə, Krımda seçicilərin 96,77 faizi, Sevastopolda isə 95,6 faizi Rusiyanın tərkibinə qayıtmağın lehinə səs verib. Daha sonra Rusiya Prezidenti Vladimir Putin bəyan etmişdi ki, Moskva 2014-cü ildə Krım sakinlərini dəstəkləməyə məcbur qalıb.

Poliqon.info

Seçilən
15
poliqon.info

1Mənbələr