AZ

Müharibə bitəndən sonra Rusiya daha da təhlükəli olacaq - NATO

NATO baş katibinin müavini Radmila Şekerinska bildirib ki, bütün kəşfiyyat hesabatları və siyasi təhlillər müharibə başa çatdıqdan sonra Rusiyanın daha da təhlükəli olacağını göstərir.

Sitat.info xəbər verir ki, o, Almaniyada keçirilən 62-ci Münhen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil olunan “Avropalılar, birləşin: Daha çətin dünyada yenidən söz sahibi olmaq” adlı paneldə çıxış edib.

Şekerinska qeyd edib ki, Rusiyanın hərbi istehsalına və strukturuna baxdıqda, ölkənin xarici siyasətinin genişlənməyə yönəldiyi açıq görünür. Bu səbəbdən müttəfiqlərin müdafiə və hərbi istehsala yatırımları prioritet olaraq qalacaq.

O vurğulayıb ki, qlobal təhlükəsizlik mühiti heç vaxt olmadığı qədər mürəkkəb və gərgindir və bunun öhdəsindən gəlmək üçün bütün imkanlar bir araya gətirilməlidir.

Şekerinska bildirib ki, iyulda keçiriləcək Ankara Zirvəsində müttəfiqlərin daha çox istehsal etməsi və bunun üçün daha uyğun hüquqi tənzimləmələrin yaradılması məsələləri müzakirə olunacaq. O, müdafiə sənayesi məhsullarının satış proseslərinin daha sürətli həyata keçirilməsinin vacibliyini də qeyd edib.

Onun sözlərinə görə, xüsusilə Ukraynada təcili ehtiyac duyulan hava hücumundan müdafiə sistemləri ilə bağlı göstəricilər həm Atlantikanın bu, həm də o tayında kifayət qədər istehsalın olmadığını göstərir. Buna görə də müdafiə istehsalının sürətlə artırılması zəruridir və bu, təcili məsələdir.

Müdafiə sənayesi yatırımları ilə bağlı danışan Şekerinska əlavə edib ki, ABŞ, Kanada və Avropalı müttəfiqlərlə yanaşı, Türkiyə, Böyük Britaniya və Norveç də unudulmamalıdır. Bu səylər Alyansın və onun Avropa qanadının gücləndirilməsinə xidmət edir və lazım gəldikdə nəticə əldə etmək üçün NATO-nun güclü tərəflərinə ehtiyac var.

Nigar,

Sitat.info 

Seçilən
19
sitat.info

1Mənbələr