AZ

Rusiya ətrafında halqa daralır- ÖZƏL

"Münhendə keçirilən Təhlükəsizlik Konfransında Çin Xarici İşlər Nazirliyi və Ukrayna nümayəndə heyəti arasında baş tutmuş görüş son dövrlər üçün Rusiya-Ukrayna müharibəsini sonlandıra biləcək nəticələr doğura bilər. Hərçənd ki, Çinin Rusiyanın arxasından çəkiləcəyi ehtimalı heç yoxdur". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Vüqar Dadaşov deyib: "Analizlər göstərir ki, Münhendə baş tutan Çin-Ukrayna görüşü formal-diplomatik xarakterli deyil və belə bir görüşün baş tutmasında Böyük Britaniyanın birbaşa rolu və təsiri var.
Bir müddət əvvəl Böyük Britaniya baş naziri Kir Ştarmerin Çinə səfəri ilə bağlı yazımda baş nazirin Çinə səfərinin Çin-Rusiya, Çin-İran münasibətləri ilə bağlı olduğu ehtimalını qeyd etmişdim. Bəllidir ki, Rusiyanı Ukraynada müharibəni davam etdirməyə ayaq üstə saxlayan əsas Çindir. O da məlumdur ki, Çin Rusiya-Ukrayna müharibəsinin dayandırılmasında qəti maraqlı deyil. Müharibənin çox uzanması Çinin Rusiyanı ucuz xammal, təbii ehtiyatlar, enerji daşıyıcıları ilə təmin etməsidir. Bu davamiyyət Rusiyanın Çindən bir vassal formasında asılılığını dərinləşdirir. Məhz, ABŞ Çin faktoruna görə Rusiyanın Ukraynada məğlub olmasının əleyhinədir.
Son dövr proseslərin ardıcıllığı göstərir ki, Rusiyaya qarşı hərbi-siyasi və psixoloji-informasiya təzyiqləri artırılır. NATO-nun baş katibi Mark Rutte Münhen Konfransında çıxış edərək Rusiyanı güclü ayı deyil, sürünən ilbizə bənzətməsi bu kontekstdə Rusiyanın planlaşdırılmış provokasiyaya çəkilməsi və nəticə etibarilə avantür addım atmağa məcbur etmək niyyətindən irəli gələ bilər. Bu isə bir növ Rusiyanı qıcıqlandırmaq və onu öz gücünü ortaya qoymağa vadar etmək istəyi kimi də qiymətləndirilə bilər.
Digər tərəfdən, bir neçə gün əvvəl Rusiya XİN rəhbəri Lavrovun Qrenlandiya və Alyaska ilə bağlı açıq hədələyici açıqlamaları təbii ki, Rusiyanın ətrafının, "müttəfiqlərinin", iqtisadi-maliyyə bağlantıları ilə sıxışdırılmasının daha da gücləndirilməsinə reaksiyasıdır.
Hindistanın Rusiyadan enerji daşıyıcılarının almasına qadağa, Aİ-nin Rusiya qazından qanunvericilik səviyyəsində imtinası, Venesuela neftinin nəzarətə götürülməsi, Rusiyaya məxsus kölgə donanmasının fəaliyyətinin məhdudlaşdırılması, İrana hərbi təzyiqlər, ABŞ-ın Rusiyanın forpostu Ermənistanla (09.02.2026) hərbi və nüvə enerjisi ilə bağlı razılaşmaları, Çinlə danışıqlar (Kir Ştarmerin Pekinə səfəri, Münhendə Çin-Ukrayna danışıqları) və sair Rusiyanı çox ciddi narahat edir, Ukraynada müharibənin taleyini Rusiyanın ziyanına dəyişir.
Britaniya-Çin yaxınlaşması, bir müddət əvvəl Fransa, Almaniya və Britaniyanın ABŞ-sız Avropanın təhlükəsizliyinin təmin olunması üzrə praktik hərəkətləri və nəhayət, Kir Starmerin Münhendə "Avropa NATO-su" yaratmaq təklifi ABŞ-ı Avropaya qarşı siyasətini dəyişməyə məcbur edir. Təsadüfi deyil ki, ABŞ-ın NATO-dakı səfiri Utaker bildirib ki, Amerika hərbçiləri Avropanı tərk etməyəcək. Tramp və Putin Ştarmerin gedişlərinə siyasi kurslarına korrektə edir. 
Rusiya vəziyyətdən çıxış üçün Qrenlandiya, Alyaska ilə bağlı açıq hərbi təhdid reaksiyası verir, Ukraynada hərbi imkanlarını nəzərə alsaq, əslində isə ancaq nüvə silahından mümkün istifadə işarəsi verir. Rusiyaya təzyiq artıq əvvəlki formasını dəyişib, təkcə Rusiyanın özünə deyil, onu ayaq üstündə saxlayan iqtisadi və hərbi əlaqələri olan ölkələrə təzyiq olunur, Rusiya ilə əlaqələrin əvəzinə alternativ təklif olunur. Məsələn, Çinə elə ABŞ nəzarətində olan Venesuela və ABŞ-ın nefti.
Eyni zamanda, Rusiyanın daimi siyasi-hərbi, ideoloji və informasiya təsir vasitəsi olan "rus dili" ilə yenidən MDB-ni "vurmaq" cəhdi öz əks təsirini göstərməkdədir. İlk olaraq bu məsələyə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Münhendə çıxışı zamanı Rusiyanın Ukrayna müharibəsi fonunda üç dəfə Azərbaycan səfirliyinə məqsədli hücum etməsi barədə açıqlaması təbii ki, Rusiya siyasi elitasına birbaşa mesaj və cavab kimi qiymətləndirilə bilər.
Rusiya ətrafında halqa daralır və artıq ağır vəziyyətdən çıxış ölkədaxili dəyişikliklərdən asılı vəziyyətə keçir. Ya Rusiya müharibəni qeyri-şərtsiz dayandırmalıdır ki, bu da Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini, keçmiş prezident Dmitri Medvedevin elan etdiyi "qələbəyə" sığmır  deməkdir. Ya da Putin hakimiyyətdən getməlidir. Görünən odur ki, ABŞ əsas qüvvə olsa da, Böyük Britaniyanın işə saldığı mexanizm Rusiyanı faktiki iki seçim qarşısında qoyur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
22
olaylar.az

1Mənbələr