Braziliyada faciəli hadisə baş verib.
Publika.az xəbər verir ki, 31 yaşlı MMA döyüşçüsü Pablo Oliveyra Kosta həyatını itirib.
Bədbəxt hadisə San-Joze şəhərində kondisioner quraşdırılması zamanı baş verib. Məlumata görə, idmançı avadanlığın quraşdırılmasını tamamlayıb və metal nərdivanın yerini dəyişən zaman təsadüfən yüksək gərginlikli elektrik xəttinə toxunub. Nəticədə Kosta güclü elektrik cərəyanı zərbəsi alıb.
Şahidlərinin sözlərinə görə, zərbədən sonra o ayağa qalxmağa çalışsa da, qəfil yerə yıxılıb və huşunu itirib. Hadisə yerinə gələn həkimlər onun hələ də həyat əlamətləri göstərdiyini bildiriblər. Döyüşçünün ciddi xəsarətlər, o cümlədən yanıq və toxuma zədələnmələri aldığı müəyyən edilib.
Qısa müddət sonra Kostanın ürəyi dayanıb. Təcili tibbi yardım əməkdaşları 40 dəqiqə ərzində ürək-ağciyər reanimasiyası aparsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.