AZ

Ötən ay narkotiklərlə bağlı 793 cinayət faktı aşkarlanıb

Bu ilin yanvar ayında hüquq mühafizə orqanları narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 793 cinayət faktı aşkarlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.

2026-cı ilin yanvar ayı ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir.

Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 793 cinayət faktı aşkarlanmışdır. Onlardan 162-i narkotik vasitələrin qanunsuz satışı, 630-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 1-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 893 kq 456,646 qram narkotik vasitələrin və psixotrop maddələrin765 kq 086,6 qramını marixuana, 76 kq 396,846 qramını heroin, 23 kq 339 qramını tiryək,20 kq 032,8 qramını həşiş,6 kq 043,5 qramını digər narkotik vasitələr və 2 kq 557,9 qramını psixotrop maddələr təşkil etmişdir.

Qanunsuz dövriyyədən çıxarılmış 893 kq 456, 646 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 22 milyon 795 min AZN kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 207 nəfər cəlb edilmiş, onlardan 199-u kişi, 8-i qadın olmuşdur. Məsuliyyətə cəlb edilmiş 3 xarici ölkə vətəndaşından ümumilikdə 48 kq 900,246 qr müxtəlif növ narkotik vasitələr götürülmüşdür.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 18 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 252 kq 341,549 qr narkotik vasitə çıxarılmışdır.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 14 qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 162 kq 240,1 qr narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.100 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 59 kq 691,5qr müxtəlif növ narkotik vasitə müsadirə edilmişdir.

Təhlil göstərir ki, 2025-ci ilin yanvar ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 108, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 125 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 143 kq 128,62 qr artmış,narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 4 fakt, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 28, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı isə 4 nəfər azalmışdır. Qrup halında olan və bu kateqoriyadan olan digər cinayətlərin sayı isə sabit qalmışdır.

2025-ci ilin yanvar ayı ilə müqayisədə 2026-cı ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış psixotrop maddələrin çəkisi 12 kq 400,634 qr (82,9%) azalmışdır.

Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 765 kq 086,6 qr-n (85,6 %) marixuana təşkil etmişdir. Onun da 648 kq 809,2 qramı (84,8%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olmuşdur. 116 kq 277,4 qramı (15,1 %) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə qanunsuz kultivasiya edilmişdir.

Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 2026-ci ilin 30 yanvar tarixində qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən 25 məhkəmə və istintaq qərarları əsasında barəsində məhvetmə qərarı qəbul edilmiş 858 kq 620,899 qr, 22139 ədəd həb, 1056 ampul narkotik vasitə, psixotrop maddə və 4745 ədəd həb, 240 paket güclü təsirmaddələr yandırma üsulu ilə məhv edilmişdir.

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 283, QİÇS-lə Mübarizə Mərkəzində 299, Sumqayıt Narkoloji Mərkəzində 122 nəfər) 704 xəstə müalicə alır.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2026-ci ilin yanvar ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 1(0,01%) nəfəri inyekson narkotik istifadəçisi olmuşdur.

2026 ilin yanvar ayı ərzində "802" qaynar xətt telefon zəng xidmətinə 65 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 5-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 6-sı narkotik asılılıqdan müalicə, 54-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 11 məktub ünvanlanmışdır.

802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.

2026-cı ilin yanvar ayından etibarən Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarını cəlb etməklə ümumilikdə 42 tədbir (20 maarifləndirici və təşkilati tədbir, 10 sosial layihə, 12 maarifləndirici aksiya) təşkil edilmişdir.

Maarifləndirmə işinin daha da gücləndirilməsi və genişləndirilməsi, eləcə də görülən işlərin sistemli və kompleks şəkildə həyata keçirilməsi məqsədilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Azərbaycan Respublikası Gənclər Fondu və Azərbaycan Milli Antidopinq Agentliyi arasında 2026-cı ilə dair birgə Tədbirlər Planı imzalanmışdır.

Seçilən
21
8
bakivaxti.az

10Mənbələr