AZ

İran-ABŞ xəttində kompromis axtarışı: sanksiyalar masadadırmı?

Son günlər İran-ABŞ münasibətləri ətrafında yayılan açıqlamalar göstərir ki, tərəflər arasında gərginlik fonunda ehtiyatlı diplomatik hərəkətlilik də müşahidə olunur.

İran xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançının “kompromisə hazırıq” mesajı təsadüfi səslənmir və Tehranın danışıqlar masasını tam tərk etmək niyyətində olmadığını göstərir. Bununla paralel olaraq, Vaşinqtonda da müxtəlif kanallar vasitəsilə razılaşma ehtimalları dəyərləndirilir, lakin əsas düyün nöqtəsi dəyişməz qalır: sanksiyalar məsələsi.

Məhz bu kontekstdə sual yaranır: ABŞ doğrudanmı sanksiyaların ləğvi ilə bağlı danışıqlara başlaya bilər, yoxsa bu, sadəcə taktiki manevr mərhələsidir?

Bu mövzuda Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, İranın bu açıqlaması emosional yox, hesablanmış diplomatik gedişdir. Tehran göstərmək istəyir ki, razılaşmanı pozan tərəf kimi təqdim olunmaq istəmir. Onun sözlərinə görə, ryni zamanda bu bəyanat ABŞ və Avropa ictimaiyyətinə ünvanlanan mesajdır ki, məsuliyyət artıq Vaşinqtonun üzərindədir. İran daxili iqtisadi təzyiqləri də nəzərə alaraq dialoq qapısını tam bağlamağın riskli olduğunu anlayır: “Amma bu kompromis istəyi güzəştə hazır olmaq demək deyil. Tehran açıq şəkildə bildirir ki, sanksiyalar müzakirə mövzusu olmadan real razılaşma mümkün deyil”.

ABŞ-ın sanksiyaların ləğvi ilə bağlı danışıqlara başlama ehtimalına gəlincə, müsahibimiz deyib ki, Birləşmiş Ştatlar üçün sanksiyalar əsas təzyiq alətidir və bundan asanlıqla imtina etməsi real görünmür. Vaşinqton sanksiyaları birdən-birə ləğv etməkdənsə, onları mərhələli şəkildə danışıqlar predmeti kimi istifadə etməyə üstünlük verir. Bu, ABŞ diplomatiyasının klassik yanaşmasıdır.

Züriyə Qarayeva: Yaxın perspektivdə İran-ABŞ razılaşması ehtimalı zəif görünür

Z.Qarayeva qeyd edib ki, digər tərəfdən, ABŞ-də daxili siyasi balanslar da bu qərara ciddi təsir edir. Konqres amili və regional müttəfiqlərin mövqeyi Ağ Evin əlini bağlayır. Ona görə də sanksiyaların tam ləğvi yox, müəyyən yumşalmalar daha real ssenari kimi görünür.

“Uranın zənginləşdirilməsi ilə bağlı İranın verdiyi siqnallar Vaşinqton üçün kifayət edərmi” sualını cavablandıran politoloqun dediyinə görə, İranın zənginləşdirmə səviyyəsini azaltmaqla bağlı mesajları danışıqlar üçün psixoloji zəmin yaradır. Bu, Tehranın “tamamilə qapalı mövqedə deyilik” demək formasıdır. Lakin ABŞ üçün əsas məsələ yalnız faiz göstəriciləri deyil, nəzarət mexanizmləridir. Beynəlxalq yoxlama rejimi olmadan bu addımlar Vaşinqtonu qane etməyəcək. ABŞ bu cür jestləri ilkin mərhələ kimi oxuya bilər. Amma bunun qarşılığında dərhal sanksiya güzəşti gözləmək real deyil.

Həmsöhbətimiz hesab edir ki, ümumilikdə yaxın perspektivdə İran-ABŞ razılaşması ehtimalı zəif görünür. Onun sözlərinə görə, daha çox texniki, məhdud və müvəqqəti anlaşmalar gündəmə gələ bilər. Hər iki tərəf vaxt udmağa və mövqelərini qorumağa çalışır:

“ABŞ üçün əsas prioritet İranın nüvə silahına yaxınlaşmasının qarşısını almaqdır. İran üçün isə iqtisadi nəfəsliyi bərpa etmək həyati əhəmiyyət daşıyır. Bu maraqlar kəsişsə belə, sanksiyaların tam ləğvi hələlik siyasi iradə baxımından uzaq perspektivdə qalır”.

Zülfü Məmmədov

Seçilən
26
1
bakivaxti.az

2Mənbələr