Bakı, 16 fevral, Nailə Həsənova, AZƏRTAC
2026-cı ilin yanvar ayı ərzində qanunsuz dövriyyədən çıxarılmış 893 kiloqram 456, 646 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 22 milyon 795 min manat kimi qiymətləndirilir.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.
Bildirilib ki, narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.
Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 793 cinayət faktı aşkarlanıb. Onlardan 162-i narkotik vasitələrin qanunsuz satışı, 630-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 1-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 893 kq 456,646 qram narkotik vasitələrin və psixotrop maddələrin765 kq 086,6 qramını marixuana, 76 kq 396,846 qramını heroin, 23 kq 339 qramını tiryək,20 kq 032,8 qramını həşiş,6 kq 043,5 qramını digər narkotik vasitələr və 2 kq 557,9 qramını psixotrop maddələr təşkil edib.