Bakı, 16 fevral, AZƏRTAC
Bu ilin yanvar ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 207 nəfər cəlb edilib, onlardan 199-u kişi, 8-i qadın olub. Məsuliyyətə cəlb edilmiş 3 xarici ölkə vətəndaşından ümumilikdə 48 kiloqram 900,246 qram müxtəlif növ narkotik vasitələr götürülüb.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.
Bildirilib ki, hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 18 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 252 kq 341,549 qr narkotik vasitə çıxarılıb.
Ümumilikdə, aşkarlanmış cinayətlər 14 qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 162 kq 240,1 qr narkotik vasitə və psixotrop maddə müsadirə edilib.100 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 59 kiloqram 691,5 qram müxtəlif növ narkotik vasitə müsadirə edilib.
Təhlil göstərir ki, 2025-ci ilin yanvar ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 108, satış məqsədi olmadan qanunsuz əldə edilib-saxlanılması ilə əlaqədar faktların sayı 125 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 143 kiloqram 128,62 qram artıb, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 4 fakt, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 28, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı isə 4 nəfər azalıb. Qrup halında olan və bu kateqoriyadan olan digər cinayətlərin sayı isə sabit qalıb.