AZ

Deputatdan sərt mövqe: “Bu, siyasi məsələ deyil, milli təhlükəsizlikdir”

Son dövrlər ölkənin milli təhlükəsizlik gündəmi ilə bağlı müzakirələr ictimai diqqətin mərkəzindədir. Xüsusilə dövlət quruluşunun toxunulmazlığı və xarici təsirlərə qarşı dayanıqlılıq məsələləri Azərbaycan cəmiyyətində həssas yanaşma tələb edən mövzular sırasındadır. Bu kontekstdə səsləndirilən iddialar və aparılan araşdırmalar həm hüquqi, həm də siyasi müstəvidə geniş debatlara səbəb olub.

Milli Məclisin deputatı Nəsib Məhəməliyev Editor.az-a açıqlamasında bildirib ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən yayımlanan materiallarda AXCP nümayəndələrindən birinin paket halında pul vəsaiti alması, digərinin isə telefon danışığında Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına mümkün üzvlüyü ilə bağlı fikirlər səsləndirməsi əks olunub.

Deputatın sözlərinə görə, həmçinin müxtəlif əlaqələr və digər maddi sübutlar dövlət idarəetmə sisteminə və konstitusion quruluşun əsaslarına yönəlmiş təhdid xarakteri daşıyır:

“Burada məsələ sırf milli təhlükəsizlik kontekstində qiymətləndirilməlidir. Bu cür faktları hansısa siyasi proseslərin tərkib hissəsi kimi təqdim etmək doğru olmaz. Dünyada və regionda gedən mürəkkəb geosiyasi prosesləri, eləcə də şimal və cənub qonşularımızın mövcud vəziyyətini nəzərə aldıqda, Azərbaycanın sabitlik məkanı kimi seçildiyini görürük. Ölkəmiz ərazi bütövlüyünü təmin edib, vətəndaşlarımızın təhlükəsizliyi möhkəmlənib, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur və sülh gündəliyi istiqamətində ardıcıl addımlar atılır. Bütün bunların fonunda Azərbaycanı yenidən hansısa xarici asılılıq müstəvisinə çəkmək istəyən qüvvələrin mövcudluğu istisna edilmir. Dövlət Təhlükəsizliyi Xidməti də öz səlahiyyətləri çərçivəsində ölkədə sabitliyin və konstitusion əsasların qorunmasını təmin edib”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
124
editor.az

1Mənbələr