AZ

"NATO hər döyüşdə Rusiyaya qalib gələcək" - Rütte

 
"Moskvanın müharibə strategiyası ölkəni zəiflədir, cəbhədə itkilər sürətlə artır..."
 
NATO-nun baş katibi Mark Rütte Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib ki, Rusiya hazırda alyansa hücum etsə, NATO "hər bir döyüşdə qalib gələcək".
 
Moderator.az xəbər verir ki, bu barədə "nv.ua" nəşri məlumat ayıb.
 
Alyans savaşa hazırdır
 
Baş katibin sözlərinə görə, alyansın hərbi potensialı kifayətdir və əsas məsələ bu üstünlüyün növbəti illərdə də qorunmasıdır. Rütte qeyd edib ki, Rusiya ordusu Ukraynada "ağlasığmaz itkilər" verir. İstənilən halda NATO Rusiya ilə mümkün savaşa hazırdır.
 
Qərb mənbələrinin məlumatına əsasən, təkcə son iki ayda təxminən 65 min rus hərbçisi həlak olub və ya sıradan çıxıb. O vurğulayıb ki, Moskva özünü "qüdrətli ayı" kimi təqdim etməyə çalışsa da, reallıq fərqlidir: Rusiya qoşunları Ukraynada "bağ ilbizi sürəti ilə" irəliləyir və Kremlin təbliğatına aldanmaq olmaz.
 
Rusiyalılara açıq çağırış və uzunmüddətli risk
Baş katib birbaşa Rusiya vətəndaşlarına müraciət edərək deyib: "Bacardığınız hər şeyi edin ki, bu müharibə dayansın. Çünki bu, Rusiyanı məhv edir". Onun fikrincə, yüksək itkilər hələ Moskva və Sankt-Peterburq kimi iri şəhərlərdə tam hiss olunmur. Lakin bu temp davam edərsə, paytaxt əhalisi də müharibənin nəticələrini qaçılmaz şəkildə görəcək.
 
Rütte əlavə edib ki, Ukraynada davam edən sülh təşəbbüsləri fonunda əsas məsələ Kiyevin etibarlı təhlükəsizlik təminatları almasıdır. Onun sözlərinə görə, Rusiya NATO üçün uzunmüddətli və sistemli təhlükə olaraq qalır.
 
Bu arada alyans ölkələri Ukraynaya 500 milyon dollarlıq yeni hərbi yardım paketi açıqlayıb. Vladimir Zelenski Münhendə müttəfiqlərə təşəkkür edərək sülh razılaşmasına hazır olduqlarını bildirsə də, Moskvanın real güzəştə meylli olmadığını vurğulayıb. ABŞ dövlət katibi Marko Rubio da bu mövqeni bölüşüb.
 
Cəbhədə kəskin dəyişən itki nisbəti
 
"Bloomberg"-in yazdığına görə, Böyük Britaniyanın müdafiə naziri Con Hili cəbhədə itkilər nisbətinin Rusiyanın ziyanına ciddi şəkildə dəyişdiyini açıqlayıb. Onun sözlərinə görə, əvvəllər itki nisbəti təxminən 1-ə 6 idisə, indi bəzi istiqamətlərdə bir ukraynalı hərbçiyə qarşılıq Rusiya 25 əsgər itirir.
 
Qərb rəsmiləri hesab edir ki, Ukraynaya daha çox dron və müasir silahların verilməsi bu tendensiyanı gücləndirir. Bununla yanaşı, Moskva artan itkiləri kompensasiya etmək üçün hərbi səfərbərlik, sənaye istehsalının artırılması və xarici dəstək imkanlarına arxalanır.
 
Buna baxmayaraq, Ukrayna rəhbərliyi bildirir ki, işğal edilən hər kilometr ərazi Rusiya üçün yüzlərlə ölü və yaralı bahasına başa gəlir və bu, müharibənin Kreml üçün getdikcə daha ağır yükə çevrildiyini göstərir.
Seçilən
29
1
moderator.az

2Mənbələr