
Bakı Slavyan Universitetində (BSU) yeni kadr təyinatı olub. Universitetdə “SABAH” qrupları üzrə proqram rəhbəri vəzifəsinə politoloq Amid Əliyevin təyinatı həyata keçirilib.
Yeni proqram rəhbəri bununla bağlı bildirib ki, bu vəzifə onun həyatında və peşəkar karyerasında yeni və məsuliyyətli mərhələnin başlanğıcıdır. O, göstərilən yüksək etimada görə universitetin rektoru, hörmətli Anar Nağıyevə təşəkkürünü və minnətdarlığını ifadə edib.
Qeyd olunub ki, təhsil yalnız bilik ötürülməsi prosesi deyil, eyni zamanda milli inkişafın strateji dayağı, insan kapitalının formalaşdırılması və dövlətin uzunmüddətli rəqabət qabiliyyətinin əsas təminatçısıdır. Bildirilib ki, müasir dövrdə qlobal çağırışlara adekvat cavab verən cəmiyyətlərin formalaşması keyfiyyətli və inklüziv təhsil sistemindən asılıdır.
Vurğulanıb ki, “SABAH” qrupları modeli akademik mükəmməlliyin təşviqi, istedadlı tələbələrin potensialının sistemli şəkildə inkişaf etdirilməsi və innovativ düşüncənin stimullaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Açıqlamada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsil siyasətinin strateji rolu ilə bağlı fikirlərinə də istinad olunub. Qeyd edilib ki, son illərdə ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, rəqəmsallaşmanın sürətləndirilməsi, yeni ixtisasların yaradılması və universitetlərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb.
Yeni proqram rəhbəri bildirib ki, məqsədi tələbələrin yalnız akademik göstəricilərini artırmaq deyil, həm də onların analitik düşüncə, tədqiqat, liderlik və ictimai məsuliyyət bacarıqlarını inkişaf etdirməkdir. Onun sözlərinə görə, müasir dövrdə uğurlu fərd təşəbbüskar, çevik və strateji düşünə bilən olmalıdır.
Sonda qeyd olunub ki, birgə səylər nəticəsində yetişən gənc nəslin potensialı Azərbaycanın dayanıqlı inkişafına, elmi-intellektual gücünün artmasına və beynəlxalq mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta