AZ

“Statistikada Azərbaycanın daha çox kişi vətəndaşının olması ölkədə klassik gender və miqrasiya dinamikası ilə bağlıdır”

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Cari ilin ilk 9 ayında Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında 1 570 nikah bağlanıb. 858 nikahda Azərbaycan vətəndaşı olan tərəf kişi olub, 712 nikahda isə Azərbaycan vətəndaşı olan tərəf qadın olub. Statistikaya əsasən, belə nikahlar daha çox region ölkələrinin - xüsusilə Rusiya, Türkiyə və Gürcüstan vətəndaşları ilə bağlanır.Bu proses ailə institutuna və milli-mədəni dəyərlərə necə təsir göstərir?Kişilərin sayının daha çox olması nə ilə bağlı ola bilər?Belə nikahlar daha çox hansı sosial təbəqələr arasında yayılıb?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında sosioloq Yusif Nəbiyev bildirib ki, Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikah bağlaması milli-mədəni dəyərlərin itməsi demək deyil: “Azərbaycan vətəndaşları ilə əcnəbilər arasında bağlanan nikahların artması qloballaşmanın birbaşa ailə institutuna təsirinin göstəricisidir. Müasir dövrdə nikahlar artıq yalnız ənənəvi çərçivələrdə yox, fərdi seçimlər və trans-milli əlaqələr üzərindən qurulur. Yəni ailə getdikcə milli sərhədlərdən çıxır və fərdlərin öz sosial şəbəkələri və mobil həyat tərzləri ilə ayaqlaşmağa başlayır. Bu, milli-mədəni dəyərlərin itməsi demək deyil, onların reform və uyğunlaşmalar üzərindən yenidən qurulması deməkdir”.

Yusif Nəbiyev

“Statistikada Azərbaycan vətəndaşı olan tərəfin daha çox kişi olması, ölkəmizdəki klassik gender və miqrasiya dinamikası ilə bağlıdır. Kişilər daha hərəkətli, mobil, əmək miqrasiyasına daha açıq və xarici əlaqələrdə daha aktiv olan tərəfdir. Həm də ənənəvi cəmiyyətlərdə kişilərin nikah bazarında daha sərbəst hərəkət etməsi də nəzərə alınmalıdır. Nəzərə alsaq ki, nikah adətən həm də sosial və iqtisadi resursların qarşılıqlı mübadiləsi kimi də işləyir, burada daha çox resurslara sahib olan kişi tərəfin daha təşəbbüskar olması və strukturun ona verdiyi üstünlüklərdən yararlanması başa düşüləndir.

Belə nikahlar adətən orta və orta-yuxarı sosial təbəqələr arasında daha geniş yayılır. Çünki əsasən xarici əlaqələr, təhsil, biznes və ya miqrasiya təcrübəsi olan fərdlər trans-milli münasibətlər qurmağa daha açıq olurlar. Aşağı sosial təbəqələrdə isə həm mobil imkanların məhdudluğu, həm də ənənəvi dəyərlərin daha sərt qorunması bu prosesi zəiflədir. Yəni qloballaşma da ilk növbədə xarici pasportu və sosial kapitalı olanları hədəfləyir.

Ümumilikdə isə bu proses ailə institutunu zəiflətmir, sadəcə onu daha dəyişkən və çevik formaya salır. Milli-mədəni dəyərlər isə ya adaptasiya olunur, ya da yeni ailə modelində yenidən şərh edilir. Cəmiyyətin reaksiyasının adətən qorxu üzərində qurulmasına baxmayaraq, faktiki olaraq burada daha çox transformasiya və dəyişik var, dağıntı yox”, – deyə Yusif Nəbiyev vurğulayıb.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
42
bizimyol.info

1Mənbələr