
Cənubi Afrika Respublikasında ölkə daxilində yayılan dabaq epidemiyası səbəbindən milli fəlakət vəziyyəti elan edildiyi bildirilib. Milli Fəlakət İdarəetmə Mərkəzinin rəhbəri Elias Sithole verdiyi açıqlamada Şərqi Keyp, Fri-Steyt, Qautenq, Kvazulu-Natal, Limpopo, Mpumalanqa, Şimal-Qərb və Qərbi Keyp əyalətlərində müşahidə olunan epidemiyanın milli fəlakət dərəcəsinə çatdığını qeyd edib.
Sithole epidemiyaya qarşı mübarizə məqsədilə elan edilən bu qərarın Cənubi Afrikanın heyvandarlıq sektoru, ərzaq təhlükəsizliyi və ixrac bazarları üçün yaranan risklərə qarşı vacib və zəruri bir addım olduğunu ifadə edib.
14 milyon iribuynuzlu heyvan peyvəndlənəcək
Prezident Siril Ramafosa açıqlamasında hökumətin növbəti 12 ay ərzində 14 milyon iribuynuzlu heyvanın peyvəndlənməsi barədə qərar qəbul etdiyini bildirib. O, bunun üçün 28 milyon doza peyvəndə ehtiyac olduğunu vurğulayıb. Ramafosa təsərrüfatların peyvəndi dərhal əldə etməsi üçün işlərə başladıqlarını elan edib.
Məlumat üçün qeyd edək ki, iribuynuzlu heyvanlar, qoyun və keçi kimi cütdırnaqlı heyvanlarda yüksək hərarət, ağız və dırnaqlarda yaralarla müşahidə olunan dabaq xəstəliyi sürətlə yayılması və ciddi məhsuldarlıq itkilərinə yol açması səbəbindən heyvandarlıq iqtisadiyyatını təhdid edən virus mənşəli bir infeksiyadır.