AZ

İspaniyalı müəllimlər IT sahəsi üzrə azərbaycanlı tələbələrə dərs keçəcəklər

Bakı, 16 fevral, AZƏRTAC

Dünyada bütün ali təhsil müəssisələri tələbələri nəzəri biliklərlə təmin edir. Bu nəzəri bilikləri praktiki cəhətdən möhkəmləndirmək üçün dünyada bir neçə həllər, modellər var. Bu modellərdən biri də sənayenin ali təhsil müəssisəsinə gətirilməsidir. Bu məqsədlə biz “IT SkillSprint” layihəsini icra edirik. Bu layihəni hazırda dünyanın qlobal top “İT bootcamp” təminatçılarından biri olan İspaniyanın “Ironhack” şirkəti ilə birlikdə həyata keçiririk.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Rəqəmsal səriştələrin inkişafı departamentinin müdiri Vüsalə Qurbanova bildirib.

Onun sözlərinə görə, “IT SkillSprint” layihəsi çərçivəsində azərbaycanlı tələbələrə ispaniyalı müəllimlər dərs keçəcəklər.

“Proqramın əsas məqsədi tələbələrin bilik və bacarıqlarının praktiki cəhətdən möhkəmləndirilməsi, onların real layihələrlə təmin edilməsidir. Bu layihəyə 9 universitetdən 123 tələbə seçilib və onlar ispanıyalı müəllimlərin köməyi ilə IT sahəsində dörd istiqamət üzrə öz biliklərini artıracaqlar. Proqram data analitikası və süni intellekt, kibertəhlükəsizlik, veb-proqramlaşdırma və “DevOps” istiqamətlərini əhatə edir. Bunlar hazırda ölkəmizdə prioritet istiqamətlərdən biridir və kadr hazırlığının əsas vacib istiqamətlərindəndir. Biz kifayət qədər bu tipli layihələr icra edirik”, - deyə İRİA nümayəndəsi əlavə edib.

V.Qurbanova vurğulayıb ki, bu layihələrin həyata keçirilməsinin əsas məqsədi Azərbaycanda kadr potensialının artırılması və universitetdə tələbələrin aldıqları nəzəri biliklərin praktiki bacarıqlara çevrilməsidir.

Seçilən
68
5
azertag.az

6Mənbələr